Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
22 May , 2019

Bir zamanlar ölkənin iri pambıqçılıq mərkəzi kimi şöhrət qazanmış Bərdədə ildə 100 min tondan çox pambıq istehsal olunurdu. Bir ara bu gəlirli sahə unudulub arxa plana keçdi.

Son illər dövlət səviyyəsində pambıqçılığın inkişafına verilən dəstəyin nəticəsi indi göz qabağındadır. Heç bir torpaq mülkiyyətçisi pambıq əkməyə məcbur edilməsə də, bu gəlirli sahəyə kəndlilər böyük maraq göstərirlər. Ona görə ki, istehsal edilən məhsulun həm satınalma qiymətləri sərfəlidir, həm də etibarlı bazar var. Bizim fermer təsərrüfatı keçən il 42 hektar sahədə pambıq əkib-becərdi. Orta hesabla hər hektardan 36 sentner məhsul götürüb qəbul məntəqəsinə 150 tondan çox pambıq təhvil verdik. Bu il də 42 hektar sahədə pambıq əkmişik.

Onu da qeyd edim ki, bizim fermer təsərrüfatı əsasən taxıl toxumçuluğu istiqamətində ixtisaslaşıb. Taxılçılıq sahəsində qazandığımız nəticələr də fərəhlidir. Keçən il 312 ton taxıl istehsal etdik. Bunun çox hissəsini toxum kimi ayrı-ayrı təsərrüfatlara, torpaq istifadəçilərinə satdıq. Taxıl əkdiyimiz 120 hektar sahədən bu il daha yüksək məhsul gözləyirik.

İstehsal etdiyimiz bol məhsulun qarşılığında yaxşı qazanır, ailəmizin firavan həyatını, xoş güzəranını təmin edirik. Digər tərəfdən, dövlət dəstəyi bizə qol-qanad verir, yeni nailiyyətlərə ruhlandırır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, keçən il istehsal etdiyimiz taxıl və pambıq məhsuluna görə dövlətdən 33 min manatdan çox subsidiya almışıq.

İndi yaz-tarla işlərinin qızğın çağıdır. Qarşıya məqsəd qoymuşuq ki, bu il həm taxıl, həm də pambıq istehsalında göstəriciləri bir qədər də yaxşılaşdıraq.

Salman MUSAYEV,

Bərdə rayonunda "Kəhrəba” kəndli-fermer təsərrüfatının rəhbəri