Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
1 Fevral , 2019

Nüşabə qalası

Nüşabə qalası kimi tanınan Bərdə türbəsi 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən inşa olunmuşdur. Abidənin hündürlüyü 13 metrdir. Silindr formasında gövdəsi, konusvarı günbəzi vardır. Türbənin bütün divarı firuzəyi kaşı və kərpiclə naxışlanmışdır. Türbənin səthindəki bu naxışlarda "Allah” sözü çox simmetrik bir formada, zərgər dəqiqliyi ilə təkrarlanır, abidəyə qeyri-adi bir bənzərsizlik verir. Elə bu səbəbdən də bəziləri onu "Allah-Allah” türbəsi adlandırırlar.

Tarixin müxtəlif zamanlarında bölgəyə səfər edən dünyanın məşhur səyyahlarının əsərlərində Bərdə türbəsi qiymətli memarlıq abidəsi kimi xarakterizə edilir. Tarixi məxəzlərdə göstərilir ki, qala monqolların Azərbaycana yürüşü zamanı dağıdılsa da, sonra yenidən bərpa olunmuşdur. XIII əsrdə yaşamış məşhur səyyah Həmdullah Qəzvini qalanın Makedoniyalı İsgəndər tərəfindən miladdan əvvəl tikildiyini yazmışdır. O, əsərində Sasani hökmdarı Firuzun zamanında qalanın abadlaşdırıldığını da qeyd edir.

Mütəfəkkir Nizami Gəncəvi "İsgəndərnamə” poemasında "Bərdə nə gözəldir, necə qəşəngdir” deyə Bərdəni tərənnüm edərkən türbənin təsvirini də vermişdir. Poemada ağıllı və müdrik Azərbaycan qadınının ümumiləşdirilmiş obrazı kimi təqdim olunan Nüşabənin dünya fatehi İsgəndəri mat qoyması poetik bir dillə təsvir edilir. Azərbaycanın qadın hökmdarı Nüşabə İsgəndəri əqlinin gücü ilə döyüşsüz, davasız məğlub duruma salır. Xalqımızın şanlı tarixinə hər zaman hörmət və ehtiramla yanaşan qədirbilən bərdəlilər şəhərin mərkəzində Nüşabənin heykəlini ucaltmış, ətrafında yaraşıqlı park salmışlar. Parkın ətrafındakı divar boyu "İsgəndərnamə” poemasından dəyərli misraların yazılması bu yaraşıqlı və cazibədar məkanda qəribə ansambl yaradır, ziyarətçiləri heyran qoyur.

Nüşabə qalasının təmirinə, bərpasına müxtəlif zamanlarda cəhdlər olmuş, təşəbbüslər göstərilmişdir. Ötən əsrin 50-ci illərində türbəni bərpa etmək məqsədilə görülən işlərin xeyirdən çox ziyanı olmuşdur. Abidənin günbəz hissəsinə 60 ton ağırlığında beton konstruksiya tökülməsi yan divarlarda çatlar yaratmış, türbəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdur.

Tariximizə, mədəniyyətimizə hər zaman qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla Bərdə türbəsinə yeni həyat verildi. Bərdə türbəsinin yenidən qurulması Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilmişdir. Təmir-bərpa işləri Mədəniyyət Nazirliyinin ciddi nəzarəti altında aparılır, hər kərpicin, hər naxışın öz yerini tutmasına, ilkin görkəmi qoruyub saxlamaqla milli ornamentlərin ifadəsinə böyük önəm verilirdi. Nəhayət, gözlənilən gün gəlib çatdı. 2018-ci il martın 25-də əsaslı təmir və bərpadan sonra abidənin açılışı oldu. Tədbirdə iştirak edən Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi. Məmnunluğunu gizlətməyən dövlət başçısı dəyərli tövsiyələr verdi və xüsusi vurğuladı ki, tarixi mədəniyyət abidələrini hər kəs sevməlidir: "Biz onu qayğı ilə qoruyub mühafizə etməli, gələcək nəsillərə çatdırmalıyıq. Tarixi mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Bu abidələr bizim tarixi keçmişimizi, kimliyimizi özündə yaşadır”.

Bu gün Bərdənin tarixi mədəniyyət abidələri, xüsusilə Nüşabə qalası yerli və xarici turistlərdə böyük maraq doğurur. Hər bir ziyarətçi bu abidələrlə ətraflı şəkildə tanış olduqdan sonra Azərbaycan xalqının şanlı tarixə malik olduğu qənaətinə gəlir. Bir vətəndaş olaraq biz şərəfli keçmişimizlə öyünür, dünyaya günəş kimi doğan Azərbaycanımızın bugünü ilə qürur duyuruq.

Hikmət HEYDƏROV,

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru