Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 Yanvar , 2019

Bərdəyə gələn turistlərin sayı artıb

2018-ci ildə Bərdəyə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 15 mindən artıq turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 4500 nəfər olub. Qədim Nüşabə yurdunu ziyarət edən turist və qonaqların sayı əvvəlki illə müqayisədə 12 faiz artıb.

Bu barədə Bərdə turizm informasiya mərkəzinin direktoru Hikmət Heydərov məlumat verib. Bildirib ki, turistlər daha çox Bərdənin tarixi məkanlarına maraq göstərirlər. Təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr Bərdənin qonaqlarında yüksək təəssüratlar yaradır.

Bərdədə turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyidir. Burada Bərdənin tarixini, mədəniyyətini əks etdirən 3 mindən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

Rayona gələn turistlər, həmçinin qədim Bərdənin müasir inkişafının, aparılan geniş quruculuq işlərinin şahidi olurlar. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri sayəsində Bərdə gündən-günə daha da gözəlləşir. Son illər şəhərdə ucaldılan Heydər Əliyev Mərkəzi, Musiqi və İncəsənət məktəblərinin binaları, salınan Heydər Əliyev adına Park Bulvar, Qəhrəmanlar Parkı, Bayraq Meydanı onun hüsnünə yeni naxışlar əlavə edib.

Şəhərə təşrif buyuran turistlərə Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı tarixi abidələr haqqında buklet, “Bərdə bələdçi kitabı”, turistik xəritə və suvenirlər təqdim edilir.