Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
4 Dekabr , 2018

Qayğısız uşaqlar

Günortaya az qalmışdı. İyul günəşi hər tərəfi yandırıb-yaxırdı. Geniş həyətdəki kölgəlikdə isə uşaqların şən səsləri eşidilirdi. Uşaqlar iki dəstəyə bölünüb “bayraq-bayraq oynayırdılar. Növbə ilə bayrağı əllərinə götürüb o biri dəstənin başına fırlanır, sonra gətirib yoldaşlarına verirdilər. Ortada isə tərbiyyəçi müəllim Kamilə Hüseynəliyeva dayanmışdı. Hansı komanda birinci olaraq bayrağı tərbiyəçiyə çatdırsa o qalıb hesab olunur. Dəstənin biri irəli çıxdı. Balacaboy, qaraşın qız axırıncı idi. Uşaqlar əl çalır, atılıb-düşür, tez-tez: Gülsüm-Gülsüm, -deyə qışqırırdılar. Gülsüm adlanan qız cəld o biri dəstənin başına fırlanıb, bayrağı tərbiyəçiyə verdi. Qalib komanda üzvlərinin sevinci hədsiz idi.Qalib gəldikləri üçün fərəhlənirdilər. Elə bil dünyanı onlara bəxş etmişdilər. Yarışda uduzan komandanın üzvləri isə sakitcə dayanıb, ürkək baxışlarını qaliblərə zilləmişdilər. Tərbiyəçi onların yanına gəldi. Bir-bir başlarını sığalladı. Uduzmalarının səbəbini izah etdi. Sonra dəstələr arasında”bənövşə-bənövşə” oyunu başlandı. Uşaqların yarışına elə aludə olmuşdu ki, oyunun nə vaxt qurtardığını bilmədik. Balacalar günorta yemeyine yollandılar.
Bir azdan bağçada sakitlik yarandı. Meliosutikinti idarəsinin uşaq bağçasının müdiri Qəmzə Atayeva ilə kabinetdə görüşdük. O, bağçada həyata keçirdikləri tədbirlər haqqında danışdı. Ən çox uşaqların adını çəkir, onların barəsində fəxrlə məlumat verirdi. Sanki ana öz sevimli uşağından danışırdı.
     Bağçada 6 qrupda 130 nəfər meliorator və inşaatçı balası təlim-tərbiyə alır. Uşaqlarla 12 nəfər tərbiyəçi müəllim, 7 dayə məşğul olur. Buradakı baş tibb bacısı uşaqların sağlam, gümrah böyüməsi üçün bütün profilaktik tədbirlərdən istifadə edir. Tərbiyyəçilərə metodiki rəhbərlik bağçanın özündə aparılır. Metodist vəzifəsi ixtisaslı kadırla təmin edilmişdir. Buna görə də burada bütün işlər günün tələblərinə cavab verir.
     Bağça müdiri ilə söhbətdən öyrənirik ki, yay aylarında məşğələ saatları azaldılır. Sentyabra kimi bütün diqqət əyləncəli oyunlara yönəldilmişdir. Bir növ uşaqlar yay aylarında bağçada istirahət edirlər. Gündə cəmi bir saat məşğələ keçirilir.
     Məktəb islahatı ilə əlaqədar olaraq bağçada təlim-tərbiyə işləri yeni proqram əsasında aparılır. Buna görə də böyük qruplarda məktəb yaşlı uşaqlara savad təlimi məşğələlərinə ciddi diqqət verilir. Bu il bağçadan 28 nəfər uşaq məktəblərin altıyaşlılar qruplarında oxyuacaqlar. Yeni proqramla əlaqədar olaraq böyük qruplarda məşğələlərin sayı artmışdır. Savad təlimi məşğələlərinə geniş yer verilmişdir. Əvvəllər bu məşğələ yox idi. Ətrafla, təbiətlə tanışlıq, nitq inkişafı bir məşğələdə öyrədilirdi. İndi isə nitqin inkişafı ayrıca məşğələdə keçirilir. Məktəb yaşlı uşaqlar artıq hərfləri tanıyırlar. Sait və samit səslər haqqında mükəmməl məlumatları vardır. Onlarla lüğət ehtiyatlarının zənginləşdirilməsi üzərində geniş iş aparılır. Böyük yaş qruplarında rus dili məşğələlərinə geniş yer verilir.
     Bağçada uşaqların əmək tərbiyəsi də unudulmamışdır. İl uzunu göyərti və tərəvəz əkilir. Həmin bitkilərin becərilməsində böyük yaş qrupunun uşaqları yaxından iştirak edirlər. Göyərti və tərəvəz bağçanın mətbəxinə verilir.
    Bağçada bəzi çatışmazlıqlar da vardır. Bağçanın təmirə ehtiyacı vardır. Həyətdə uşaqların əylənmələri üçün çardaqlar tikilməlidir.

Ramiz Cabbarov.