Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
20 Noyabr , 2018

Kitabxanada ədəbi-bədii gecə

Mərkəzi rayon kitabxanası doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsinə keçəndən sonra bura gənclərin sevimli yerinə çevrilmişdir. Kitabxanaya yeni binada ölməz şairimiz S.Vurğunun adı verilmişdir.  Maraqlı burasıdır ki, binanın yerləşdiyi küçə də əziz şairin adını daşıyır. Şairin yubileyi isə kitabxanada təntənəli surətdə keçiriləcəkdir. Bunun üçün burada ciddi hazırlıq işləri gedir. Kitabxanada böyük və məzmunlu foto-montaj tərtib edilmiş, şairin kitablarının sərgisi təşkil olunmuşdur. Kitabxanaya gələn oxucular birinci növbədə həmin sərgilərlə tanış olurlar.

     Bu günlərdə kitabxanada şairin anadan olmasının 80-ci ildönümü  münasibəti ilə keçirilən ədəbi-bədii gecəyə gələn oxucular da  birinci növbədə şairin adını daşıyan kitabxanada həmin foto-montaj və kitab sərgilərinə maraqla tamaşa etdilər. Kitabxananın müdiri Afilə Bayramova kitabxana haqqında oxuculara ətraflı məlumat verdi. Sonra ədəbi- bədii gecə başlandı.

     Gecəni giriş sözü ilə mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru H.Mirzəyeva açdı. S.Vurgun adına mərkəzi rayon kitabxanasının müdiri  A.Bayramova S.Vurgun həyat və yaradıcılığı haqqında məruzə etdi. Gənclər kitabxanasının müdiri Xədicə Məmmədova, şəhər 4 nömrəli orta məktəbin şagirdi S.Əmrahova, kitabxananın oxucu B.Nabatova, mərkəzi rayon mədəniyyət evinin işçisi Q.Qasımov müxtəlif mövzularda çıxış etdilər.

     Gecənin bədii hissəsində şəhər 4 nömrəli orta məktəbin şagirdi Elmira Məmmədova, mədəniyyət şöbəsinin işçisi Ə.Musayeva və başqaları musiqinin müşaiəti ilə şairin şerlərini əzbər söylədilər. ”Aran” xalq çalğı alətləri ansanbılının üzvlərindən Maarif Məmmədovun, İmarət Abbasovavanın, Nailə Əliyevanın ifasında şairin şerlərinə yazılmış mahnılar səsləndi. Şəhər 4 nömrəli orta məktəbin dram kollektivinin üzvləri S.Vurğunun  “Vaqif” dramından bir parçanı göstərdilər.

     Ədəbi-bədii gecənin sonunda rayon mədəniyyət şöbəsinin  müdiri O.Baxşalıyev, çıxış edərək şairin yubleyi ilə əlaqədar vəzifələrdən danışdı. Ədəbi-bədii gecə olduqca maraqlı keçdi.

İ.Məmmədova.