Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
9 Oktyabr , 2018

Qisas qiyamətə qalmaz

     Yarməmmədə yar olmuşdur ulu tanrı. Al-qırmızı qanı Vətən torpağına töküləndə... Yarməmmədə ana duası, ata alqışı da kömək olmuş, onu ölmün pəncəsindən xilas etmişdi. Qırx iki qəlpə yarası alsada, sol ayağını dizdən aşağı itirsə də əzrailə can verməmişdi Yarməmməd.

     1992-ci ilin avqust ayında boya-başa çatdığı Lənbaran kəndindən cəbhəyə yola düşənYarıməmməd 1994-cü ilin aprel ayına kimi müxtəlif cəbhə bölgələrində, Kəlbəcərdə, Laçında və ən nahayət Ağdam bölgəsində dəfələrlə düşmənlə üz-üzə gəlmiş, ona qan uddurmuşdu. Ağdamın Sarıcalı kəndi uğrunda gedən döyüşlərdə isə...

     Yarıməmmədin dediklərindən:

  -Mən Ağdam bölgəsində hamının qəhrəmanlıqları haqqında eşitdiyi baş çavuş Yelmar Quliyevin dəstəsində vuruşurdum. Bizdə məlumat var idi ki, ermənilər Sarıcalıya hücuma keçdik. Ermənilər xeyli itki verərək geri çəkilməyə başladılar. Dəstəmiz hələ tutduğu mövqedə möhkəmlənməmişdi ki, düşmən yeni canlı qüvvə və tankların köməyi ilə əks hücuma keçdik. Biz altı nəfər baş çavuşun rəhbərliyi altında hücumu dəf edirdik. Sursatımız tükənmək üzrə idi. Yelmar Quliyev mənə əmr etdi ki, sursat gətirmək üçün qonşu səngərə keçim. Elə mən iyirmi metr aralanmışdım ki,irəliləyən tankın atdığı snaryad vuruşduğumuz səngərə düşdü. Partlayışın dalğası yatdıqdan sonra mən yenidən öz səngərimizə doğru qaçdım.Yelmar Quluyev ağır yaralanmışdı. Ancaq buna baxmayaraq o irəlləyən tankı vurdu. Atəş səngidi. Baş çavuş, elimizin qəhrəman oğlu o atəşindən sonra gözünü əbədi yumdu. Dörd nəfər döyüş yoldaşımız artıq yox idi. Bir nəfər isə ağır yaralanmışdı. Baş çavuş Yelmar Quluyevin, can-bir qəlblə dost olduğum Xəyalın ölümü məni bərk sarsıtdı. Ancaq, buna baxmayaraq mən yaralını götürüb cəbhə xəttindən uzaqlaşdıra bildim.

     Bir həftədən sonra ermənilər yenidən Sarıcalı kəndinə hücuma keçdilər. Bu dəfə isə səngərimizə top mərmisi düşdü.Gözümü açanda özümü xəstəxanada gördüm. Sol qılçım dizdən aşağı yox idi, kəsilmişdi.Bədənimin çox hissəsi sarğı içərisində idi. Həkim üzümə gülümsüyərək “Oğlum ta sənə ölüm yoxdur. Qırx  iki yerindən qəlpə yarası almısan möhkəm oğlansan”-dedi...

     Elimizin-obamızın igid balası Yarıməmmədin aldığı qəlpə zərbələrindən bir neçə qabırğası da qırılmışdı. Sağ ayağında qalan qəlpələr hələ də incidirdir.

   “Qisas qiyamətə qlmaz” deyib, babalarımız. Vaxt çatar igidlərimiz tökülən nahaq qanların qisasını alarlar. Vətən torpağını acgöz, qaniçən düşmənlərin tapdağından xilas edər, ev eşiklərinə qələbə sevinci ilə dönərlər. Yarıməmməd kimi yaralı oğullarımızın yaraları daha sızıldamaz. Şəhidlik zirvəsinə ucalan ər igidlərimizin ruhları şad olar. Yurd yuvasından didərgin düşmüş babalarımız, nənələrimiz ocağı sönmüş yurd yerlərinə qayıdarlar. Belə bir günü bütün Azərbaycan xalqı gözləyir. Ulu tanrı bizi bu intizarda çox qoymasın.

Şükufə Əliyeva.