Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
9 Oktyabr , 2018

Hər kim yüz il yaşamasa...

     Min bir naz- nemət yetirən, dağları, daşları hər dərdə dərman bitirən, şəffaf, sərin bulaqları dirilik suyunu andıran, saf, təmiz havası ürəklərə məlhəm olan Azərbaycan torpağı həm də uzun ömürlülər diyarıdır. Zirvəsi qartallar oylağı olan dağlar qoynunda yerləşən obalarımızda, yaylaqlarımızda yaşamış babalarımızın, nənələrimizin ömür karvanı elə olmuşdu ki, əsr yarımdan artıq yol keçmişdi. Yaxşı yadımdadı ömrümün son illərində qızı Saray xanımın qulluğuna ehtiyacı olan məşədi Kərim babanın yaşı 170-i haqlamışdı. Uşaq vaxtı tez-tez gördüyüm Məşədi Kərim babaya mən də hörmət edər, anamın verdiyi nəvə payını məmuniyyətlə rəfiqəm Sahibənin anasının babasına aparırdım. Məşədi Kərim babaya uzun ömür bəxş etmiş Laçın dağlarını görməyə həvəslənər, babanın bizə nəql etdiyi yerlərdə bircə dəfə də olsa gəzmək, saf bulaqların suyundan içmək istərdim.

     Bu gün qonağı olduğum 110 yaşlı Nazxanım nənə də Laçın dağlarında boy atıb, böyüyüb. O, Ermənilərin zülmündən Zəngəzur mahalından didərgin düşən ata-anası ilə birgə Laçının Qızılca kəndinə pənah gətirmiş, azad fağlar qoynunda azad yaşamışdı.

     Nənə o vaxtlar da 1905, 1918-20-ci illərdə ermənilərin vəhşiliklərinin şahidi olmuş, 4 qardaş, 5 bacı itirmişdi. Dərd əlindən Aran Qarabağa-Bərdəyə pənah gətirmiş ailə qurmuş, 8 uşaq anası olmuşdu. Amma  dəhşətli 1941-45-ci il müharibəsi onun həyat yoldaşını, gözünün ilk ovu Qabilinin əlindən almışdı. Qalan balaları isə aclıqdan, xəstəlikdən qırılmış, nənə son beşiyi Zərqələmlə qalmışdı.

     Olumlu-ölümlü dünyamızın hər üzünü-görmüş, Cəlil Məmmədquluzadə küçəsinin sakini Nazxanım nənənin bir əsirdən artıq olan ömür yolunda enişlər, yoxuşlar çox olmuşdu. Ömrünün yüzüncü aşırımında 8 nəvəsi, 22 nəticəsi ilə təskinlik tapan nənənin köksünə ermənilər yenidən dağ çəkmiş, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Əfqanıstan döyüşçülərindən sağ-salamat qayıdıb gəlmiş istəkli nəvəsi Asəf itgin düşmüşdü. Bu itki nənənin əyilməz qəddini əymiş, gümrahlığına xələl gətirmişdi.

     -Ər  itirdim, qardaşlarımı, bacılarımı itirdim, balamı itirdim, ağladım, ağladım, səngidim. Ancaq Çinar qamətli, gözü gözəllərdə qalan nakam Asəfimin itkin düşməsi qoca köksümü göyüm-göyüm göynədir, ay bala.

     Nənənin dediyi bu kəlmələr bizi də kövrəltdi. Müharibə törədənlərə lənətlər yağdırdıq.

     Sinəsi el bayatıları, laylaları ilə dolu olan həmişə züm-zümə edib söz qoşan nənə üzünü dağlara tutub bayatı çağırdı.

     A, dağlar qoşa dağlar,

     Veribdi baş-başa dağlar,

     Getdi balam gəlmədi

     Dön səni daşa, dağlar.

     Qurumuş bulağa dönən gözlərində yenidən yaş gilələndi. Əlləri təki ağzında dili də titrədi. Nənə yenə bayatıları bir-birinə caladı:

      Aşıq illər ayrısı,

     Bülbül güllər ayrısı,

     Fələk bir iş elədi

     Oldum illər ayrısı.

     Qızıl gül həşəm oldu,

     Dərmədim, həşəm oldu,

     Nəvəm itkin düşəni

      Ağlamaq peşəm oldu.

     Bu gələn, el yoludu,

    Qoy gəlsin el yoludu,

     Başımda bulud oynar,

     Gözlərim sel yoludu.

     Nənə bizim də kövrəldiyimizi görüb özünü bir təhər ələ aldı. İndi bircə arzum var bala,-dedi:- Müharibə tez qurtarsın. Mənim də itkin balamdan bir səs-soraq çıxsın. Xoş sədası eşidilsin. Bu dünyadan naümüd köçməyim.

     Nazxanım nənənin arzusu Azərbaycan xalqının arzusudur. Müharibə qurtarsın.Əsirlərimiz geri qayıtsın İtkinlərimizdən səs-soraq  çıxsın, Didərginlərimiz yurd yuvalarına dönüb, sönən ocaqlarını gözərtsinlər. Nazxanım nənə də arzusuna çatsın Nəvəsi Asəfin qayıdan gününü görsün.

Şükufə Əliyeva.