Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
4 Oktyabr , 2018
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən şəhər 7 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin və Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışıb. O, Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildirib ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. 
Bildirib ki, cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrindən biri kimi qalıb. Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqının tarixində silinməz iz buraxmış, milli dövlətçiliyimizin bərpasında bünövrə rolunu oynamışdı.
Natiq deyib ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bütün dünyaya ölkəmizin böyük müstəqillik tarixinə malik olması mesajını verdi.
Daha sonra tədbirdə şəhər 7 saylı tam orta məktəbin müəllimi Gülnarə Əzimova çıxış edərək bildirib ki, Xalq Cümhuriyyəti Azərbaycan xalqının ictimai, siyasi, mədəni düşüncəsinin məhsuludur. Bu hadisənin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri vardır. 
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.