Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
5 Oktyabr , 2018

Kitablar və qayğılar

     Hələ qədim zamanlarda dünyanın müdrik adamları ilk növbədə kitabla dostluq etmiş, ondan mənəvi qida almışlar. Zaman keçdikcə kitabın,kitabxananın qiyməti artmış, onun insan həyatında rolu güclənmişdir. Kitabxana ideoloji mərkəz, kitabxanaçı isə ideoloji işçidir. Hazırkı şəraitdə kitabxanaçıdan dərin bilik, siyasi savad, həssaslıq, qayğıkeşlik tələb olunur. Bu baxımdan mərkəzi rayon kitabxanasının işçilərinin əməyi tədqirəlayiqdir. Afilə Bayramova, Almaz Zülfüqarova və başqaları kitabxanaya daha çox oxucu cəlb edilməsində əllərindən gələni əsirgəmirlər.

     Kitabxanaçıların iş şəraiti yaxşılaşmış, fəaliyyət dairələri böyümüşdür. Əvvəllər kitabxana darısqal binada yerləşirdi. Burada oxucularla iş aparmaq çətin idi. İndi isə kitabxana yeni binaya köçmüşdür. Şəhərimizdəki ilk doqquz mərtəbəli yaşayış binasının birinci mərtəbəsi kitabxanaya verilmişdir. Yeni bina kollektiv üçün olduqca əlverişlidir. Burada oxuculara xidmət işi qat-qat yaxşılaşmışdır. Oxu zalı oxucuların istifadəsinə verilmişdir. Oxucular açıq rəf üsulundan istifadə edirlər. Kitabxanaçılar onlarla fərdi məşğul olur, marağını öyrənir, kitab seçməkdə oxuculara köməklik göstərirlər.

     Gənc oxucuların mənəvi zənginliklərinin artırılmasında məqsədyönlü iş aparılır. Oxucular konfransı, ədəbi-bədii gecələr keçirilir. Biz kitabxanada olanda kitabxanaçılar bəzi oxuculardan narazı olduqlarını bildirdilər. Kitabxananın fondunda bəzi nadir kitablar vardır. Oxucular həmin kitablardan düzgün istifadə edə bilmir, vərəqlərini cırır, səhifələrdə qeydlər edirlər. Bu da həmin kitabların fonddan çıxmasına səbəb olur.

     Kitabxanaya geniş oxucu kütləsi cəlb etmək problemə çevrilib. Kitabxananın yanında bir neçə idarə və müəssisə olmasına baxmayaraq həmin kollektivlərdə işləyən ziyalılar,fəhlələr kitabxanaya gəlmirlər. Bu da kütləvi tədbirlərin keçirilməsinə mənfi təsir göstərir. Kitabxana kollektivi həmin müəssisədə səyyar kitabxana təşkil etməyi də unutmuşdur.

Nurudə Tağıyeva, ştatdankənar müxbirimiz.