Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
2 Oktyabr , 2018

Bəstəkar, publisist, riyaziyyatçı

     Maraqlıdır ki, Üzeyir bəy Hacıbəyov ilk yaradıcılığa publisist və bəstəkar kimi yox, riyaziyyatçı kimi başlamışdır. Bu sahədə onun müvəffəqiyyətləri çoxdur.

     Üzeyir bəy Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra bir müddət riyaziyyat müəllimi işləmiş və ilk uğurlu addımlarını atmışdır. Belə ki, 1920-ci ilə qədər Azərbaycandakı məscid  məktəblərində “Əbcəd  hesabı” keçilirdi. Hesab kitabında ədədlər hərflərlə işarə olunmuşdu: "əlif " hərfi 1, "bey"-2, "cin"-3, "da"-4 və i.a. ( ona görə də "əbcəd" adlanır). İnqilabdan əvvəl Azərbaycan dilində riyaziyyat üzrə cəmi on dörd kitab nəşr edilmişdir. Bunlardan biri cəbr, qalanları isə hesaba həsr olunmuşdur. Bu kitabların məzmunu isə tələbata tam cavab vermirdi.

     Ü. Hacıbəyov 1907-ci ildə 352 məcəllədən ibarət “Hesab məsələləri” kitabını nəşr etdirdi. Onun nəşr etdirdiyi kitabda məsələlərin əksəriyyəti zəhmətkeşlərin həyatından, məktəbdən götürülmüşdü. Müəllif o dövürdə yazırdı: “Mənim ümdə qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini  “neçün” və “çünkisiz” həll edib dəlil və sübutlar gətirməyə aciz olurlar”.

     Üzeyir bəy Hacıbəyov “İrşad” ( 1906) qəzetində "Bir firəng ilə söhbətim" satirik yazısını da riyazi dildə söyləyir:” ...-firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman. Dedi bu zəhməti çəkmə 6 milyon desəydin ağzın yorulmazdı. Dedim mən müsəlmanam, doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur”. "Hesab məsələləri" kitabında dövrələ səsləşən və inqilabi məzmunda olan məsələlər çoxdur. "Tərəqqi" qəzetinin 16 sentyabr 1908-ci il tarıxli 53-cü nömrəsində "Filankəs" təxəllüsü ilə dərc edilmiş “Ordan-burdan hesab məsələləri” məqaləsində aşağıdakı məsələlərə rast gəlirik.

     1.Hər 100 nəfər Bakı müsəlmanının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olar?

     2.Bir dana Lyaxoun köməyi ilə 50 min iranlı qırıldı. Bütün iranı qırdırmaq üçün neçə dana lyaxov lazımdı? İranda 10 milyon adam var.

     3.Hər bir müsəlman şagirdi sutkada 4 saat tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir şagird neçə il tərbiyəsiz qalmış olur?

Üzeyir Hacıbəyovun tərtib etdiyi müəssələləri oxuduqda o zaman Qafqazda yaşayan müsəlmanların acınacaqlı vəziyyətini dərk edirsən.

Musiqini özünə ömürlük həyat yolu seçən bəstəkar Üzeyir bəy Hacıbəyov riyaziyyat müəllimi işlədiyi dövrdə daha beş hesab məsələləri kitabı nəşr etdirmişdir.

Vidadi Süleymanov, Yenidaşkənd kənd orta məktəbinin riyaziyyat müəllimi.