Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
2 Oktyabr , 2018

Mədəniyyət sarayı istifadəyə hazırlanır

     Doğma şəhərimiz Bərdə ömrünün bahar çağını yaşayır. Bu gün qədim Bərdə müasir şəhər kimi diqqəti cəlb edir, onun geniş küçələri, yaraşıqlı binaları, parkları, bağları göz oxşayır.

     Hər gün abidə-parkın qarşısından-Nizami küçəsindən şəhərimizin yüzlərlə sakini, Bərdənin qonaqları keçir. Həmin küçədə boy atıb ucalan, zahiri əzəməti və gözəlliyi ilə göz oxşayan yaraşıqlı bir bina hamının diqqətini cəlb edir.

     Tikilməkdə olan bu bina 1000 yerlik mədəniyyət sarayıdır. 32 nömrəli tikintiquraşdırma idarəsinin inşaatçıları yaxın günlərdə yeni mədəniyyət sarayını rayon əməkçilərinin istifadəsinə verəcəklər.

     Hazırda obyektdə qızğın iş gedir. İş icraçısı Vaqıf Nəcəfovun başçılıq etdiyi kollektivin üzvləri son günlər fəallıqlarını daha da artırmışlar. Qabaqcıl inşaatçılardan E.Quliyev, C.Atakişiyev, Ə.Hüseynov, E.Yadigarov, Ə.Əliyev və başqaları zərbəçi əmək növbəsində dayanaraq son tamamlama işlərini yüksək keyfiyyətlə görürlər.

     Budur, mədəniyyət sarayının tikintisindəyik. Mərmər pillələrlə yuxarı qalxıb giriş qapısından içəri keçirik. Gözlərimiz önündə cazibədar bir aləm, rənglər dünyası açılır. Yüksək zövqlə, səliqə ilə, keyfiyyətlə işlənmiş divarlara, milli memarlıq üslubunda tikilmiş salonlara, otaqlara baxırıq. İkinci mərtəbədə, vestibüldəyik. Burada idarənin rəisi İ.Quliyevlə görüşürük. Birlikdə 1000 yerlik salona daxil oluruq. Yenə heyranlıqla düşdüyümüz gözəllik aləminə baxırıq. Mürəkkəb konstruksiyalı bu salonun inşası, quraşdırılması barədə İ.Quliyevin söhbətinə qulaq asırıq.

     Bəli, şəhərimizin ən yaraşıqlı binalarından biri olacaq mədəniyyət sarayının tikintisində son tamamlama işləri görülür. Çox keçməyəcək ki, bu sarayın salonlarından musiqi, nəğmə səsi ətrafa dalğa-dalğa yayılacaqdır.

 İ.Salahov.