Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
2 Oktyabr , 2018

Onlar on doqquz nəfərdilər

     Tikiş fabrikində ən qabaqcıl briqadanın hansı olduğunu soruşanda iqtisadçı Xalid Hümbətov fikirləşmədən dedi:

     -Nəcibənin briqadasından yazsanız yaxşı olar...

     Briqadanın üzvləri ilə sexdə, elə iş başında görüşdük. Onlar növbəni yenicə təhvil almışdılar. Tikiş maşınlarını sazlayırdılar. Briqadir Nəcibə Gənciyeva ilk tapşırıqlarını verirdi:- Bu gün daha məhsuldar işləməliyik. Axı, sabah bayramdır -8 Martdır. Gərək biz öz bayramımızı yaxşı işimizlə qeyd edək.

     Briqadanın üzvləri ilə tanış oluruq. Zərifə, Gülnaz, Nazilə, Aidə, Raisə, Səmayə, Kifayət, Nurudə...

     Onlar on doqquz nəfərdilər. Fabrikə müxtəlif vaxtlarda, illərdə gəlsələr də briqada onları doğma ailə kimi bir-birinə bağlamışdır.

     Briqadir N.Gənciyeva deyir:- Doğrudan da briqadamız doğma ailəyə bənzəyir. Zərifə ilə mən bu ailənin ilk üzvləriyik.  1968-ci ildən bu briqadada çalışırıq. Bu müddətdə ailəmizin sayı artıb da, azalıb da. Qızlardan kimisi təhsilini artırmağa gedib, kimisi xoşbəxt ailə qurub. Buradan pərvazlanan qızlarımız indi də briqada ilə əlaqə saxlayır. Onu öz doğması, yaxını saxlayır. Briqadamızın ən təzə üzvü Nuridədir. O, qısa müddətdə hamının rəğbətini qazanmışdır.  Məqsədi ali təhsil almaqdır. Bu işdə onu həvəsləndirir, ruhlandırırıq.  Bütün briqada Nurudənin imtahan verəcəyi günü səbirsizliklə gözləyir.

     Tikiş ustalarına göstərilən qayğı ilə maraqlanırıq.

     -Hər cür şəraitimiz var, deyə Aidə Kərimova dillənir.  Sonra  əlavə edərək :- Boş vaxtlarımızı səmərəli keçirir, qırmızı guşədə, istirahət otağında dincəlirik. Hazırda müəssisəmizin tikişçiləri yeməkxananın, uşaq bağçasının xidmətindən istifadə edirlər.  Yeni beşmərtəbəli yaşayış binasının ötənillərdə istifadəyə verilməsi fabrikimizdə mənzilə ehtiyacı olanların sayını xeyli azaltmışdır.

     Öyrənirik ki, ötən ilin axırlarında briqadanın üzvlərindən Aidə Kərimova, Kifayət Abbasova, Afət Qurbanova  növbəti məzuniyyətlərini Bolqarıstan Xalq Respublikasında keçirmişlər.

     Podarat üsulu ilə işləyən briqadanın üzvləri  8 Mart beynəlxalq qadınlar bayramını yüksək əmək hədiyələri ilə qarşılayırlar. İlin əvvəlindən uğurlu start götürən tikiş ustaları iki ay ərzində 77,3 min manatlıq əvəzinə 85 min manatlıq iş görərək, plana artıqlaması ilə əməl etmişlər. Bu göstərici briqadanın sosializm yarışının qalibi olmasını təmin etmişdir.

     Sexdə bir canlanma yaranır, qaynarlıq duyulur. Tikiş maşınlarının səsi ətrafı bürüyüb. Briqada işə başlayır. Tikiş ustaları bu iş gününü də qələbə ilə başa vurmaq üçün ilk dəqiqələrdən həvəslə çalışırlar.

M.Seyidov.