Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
2 May , 2018
YAP Bərdə rayon təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Bərdə türbəsində “Heydər Əliyev və tarixi abidələrə dövlət qayğısı” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı, rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə keçirdikləri tədbirdə rayon ictimaiyyəti, təhsil və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Turizm İnformasiya Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin Bərdənin qədim tarixini və müasir inkişafını əks etdirən eksponat və suvenirləri, kitablar və məktəblilərin əl işlərindən ibarət sərgilərlə tanış olublar.
Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin maddi-mədəni irsimizin qorunması istiqamətindəki fəaliyyətindən, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yolunda qazandığı nailiyyətlərdən, tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə dövlət qayğısından danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev tariximizə və tarix-mədəniyyət abidələrinə daim böyük diqqətlə yanaşırdı. Onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin metodisti Xosrov Musayev, Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov ölkəmizin tarixi abidələrlə, çoxsaylı maddi-mədəniyyət nümunələri ilə zəngin olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycandakı maddi-mədəniyyət abidələri ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir.
Tədbir rayon Mədəniyyət Mərkəzinin “Qarabağ” Xalq Çalğı Alətləri Ansamblının, Kətəlparaq kənd musiqi məktəbinin və şəhər 1 nömrəli uşaq musiqi məktəbinin kollektivlərinin konsert proqramı ilə davam etdirilib.