Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
27 Mart , 2018
Azərbaycan Prezidenti İlham Əliyevin Bərdə rayonuna səfəri

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Bərdə rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.

 

 

Prezident İlham Əliyev bərdəli fermer Musa Quliyevin pambıq tarlası ilə tanış olub
Təsərrüfatda çiyid səpininə başlanılıb
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur. 
Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb. Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. 
Diqqətə çatdırıldı ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan Prezidenti pambıqçılarla görüşdü.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən pambıqçı Sədaqət AĞAYEVA dedi: 
- Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə hər dəfə görüşəndə çox şad oluruq. Çox sevinirik ki, iş yerlərimiz artır. Ayda 300-350 manat maaş alırıq. Yaxşı dolanırıq, çox sağ olun. Allah Sizin, Mehriban xanımın canını sağ eləsin, Novruz bayramınız da mübarək olsun.
Prezident İlham ƏLİYEV dedi: 
- Çox sağ olun. Mən də sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Səpin başlayır. Sizə bol məhsul arzulayıram. 
Şadam ki, Bərdə rayonunda pambıqçılığın şöhrəti bərpa olunur. Vaxtilə böyük işlər görülmüşdü. Siz yaxşı bilirsiniz ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Bərdə rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə o vaxt pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt, əlbəttə ki, Azərbaycanda daha çox pambıq yığılırdı, 1981-ci ildə təxminən bir milyon tona çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğramışdı. Ona görə, ciddi tədbirlər görüldü, dövlət bu işə lazımi dəstəyi göstərdi və qısa müddət ərzində pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır, o cümlədən Bərdə rayonunda. Məndə olan məlumata görə, 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdır. Keçən il isə 22 min 400 ton. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artmışdır. Bax, bu texnika təzə texnikadır. Özü də bu traktorlar Azərbaycan istehsalıdır. Vaxtilə biz bu istehsalı “Belarus” şirkəti ilə birlikdə Gəncə şəhərində qurmuşuq. İndi də fermerlərin tələbatını yerli texnika ilə tam ödəyirik. Digər qoşqular, bunlar xaricdən gətirilib, gübrələr indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün yeni iş yerləri yaradılır. 
Bərdədə pambıqçılığın çox böyük ənənələri var. Burada yaşayan insanlar bu işi yaxşı bilirlər. İndi isə biz pambıqçılığı, demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti illərdə daha yüksək nəticə olacaq, məhsuldarlıq daha da artacaq. Buna imkan var. İndi fermer məlumat verdi ki, keçən il hektardan 27 sentner məhsul götürüb. Bu il isə öhdəlik götürüb ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı, sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə inam yaranır ki, məhsuldarlıq daha da yüksək ola bilər. 
Beləliklə, həm iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına, yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq üçün lazım olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən il bir qədər aşağı idi. Biz bu məsələ ilə məşğuluq. Sabah keçiriləcək müşavirədə bu il görüləcək işlər haqqında danışacağıq. Ancaq məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır. 
Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız, məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq. 
Görülən işlərlə bağlı sizi təbrik edirəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun. 
*** 
Sonra çiyid səpininə start verildi.
Daha sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxdı.
Məlumat verildi ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb. Bildirildi ki, yeni texnikalar fermerlərin işini asanlaşdırmaqla yanaşı, məhsuldarlığın da artmasına geniş imkanlar açır.

Bərdə türbəsində və Torpaqqala kompleksində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir. Tarixi kompleksin əsaslı yenidən qurulması, ilk növbədə, zəngin mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində atılan addımların ardıcıl olduğunu göstərir. Bu layihənin icrası, eyni zamanda, bölgələrimizin qədimliyini, tarixi, dini, mədəni abidələrlə zənginliyini dünyaya çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır, turistləri ölkəmizə cəlb etmək nöqteyi-nəzərindən mühüm rol oynayır. Bərdədə bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycanda tarixi, dini, mədəni abidələrin qorunub saxlanılaraq, gənc nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin bütün bölgələrini əhatə edir və bu prosesdə İslam abidələrinin, onun müqəddəs dəyərlərinin mühafizəsi xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Prezident İlham Əliyevə məlumat verdi ki, Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən tikilib. Türbə eramızdan əvvəl inşa olunan Torpaqqala adlı müdafiə divarlarının ərazisində yerləşir. Qülləvarı quruluşa malik türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəni o dövrdə xarakterik olan dəfn üçün ayrılmış sərdabə təşkil edir. Yerüstü qat isə xatirə abidəsidir və monumental xarakter daşıyır. Türbə xarici fasad üzrə kürsüdən, gövdə və günbəzdən ibarətdir. Hündürlüyü 13 metr olan türbənin bayır tərəfdən diametri 10 metrdir. Kürsüdən başlayaraq yuxarıdakı haşiyəyə qədər hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn kitabədə “Allah” sözü mütənasib surətdə təkrarlanır. Məhz bu səbəbdən abidəyə el arasında “Allah-Allah” türbəsi də deyilir. Abidənin kimin şərəfinə tikildiyi məlum deyil. Ehtimal olunur ki, Elxanilər sülaləsindən olan bir şəxs üçün inşa edilib. 
Bildirildi ki, uzun illər baxımsız vəziyyətdə olan türbənin bərpasına ötən əsrin 60-cı illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib, üzərinə qoyulan ağır beton konstruksiya isə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin və əhatəsində olduğu Torpaqqala divarlarının bərpasına 2012-ci ildə başlanıb və hazırda tam başa çatdırılıb. Türbənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Quranın “Ayətül-Kürsü” ayəsi və kufi əlifbası ilə kitabələr bərpa olunub, kaşılararası hörgü tikişləri təmizlənərək xüsusi məhlul qarışığı ilə yenidən doldurulub, divarlardakı çatlar tam regenerasiya edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb. 
Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub. Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib.
Türbə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

 

 

Bərdədə Yeni Daşkənd-Umudalılar avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. 
Bildirildi ki, yol 15 min əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25 kilometr olan IV texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolaqlı yol üzərində müxtəlif diametrli 45 suötürücü boru tikilib, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr quraşdırılıb. Yolun inşası bütün texniki tələblərə və ardıcıllığa uyğun olmaqla yüksək səviyyədə yerinə yetirilib. 
Diqqətə çatdırıldı ki, Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb. Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına da təkan verəcək. Bununla yanaşı, bu cür yolların istifadəyə verilməsi ümumilikdə, bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.
Dövlətimizin başçısı Yeni Daşkənd-Umudalılar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. 
Sonda xatirə şəkli çəkdirildi. 
Qeyd edək ki, bu gün Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də ölkədə yol infrastrukturunun yenidən qurulması, bu sahədə əsaslı islahatların aparılmasıdır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir.

 

 

Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib
Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.
Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi.


Prezident İlham Əliyevin giriş nitqi
– Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik. 
2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır. 
Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar. 
Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəblər tikilmişdir. Qarabağ bölgəsində birinci “ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. 
Əlbəttə ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var. 
Qeyd etdiyim kimi, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət - AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi. 
Eyni zamanda, müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər durmuşdu ki, əlbəttə, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Ölkə çox ciddi çağırışlarla üzləşmişdi, böyük təhlükələr mövcud idi. 1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyamızın uğurla icrası - bütün bunlar idi prioritet məsələlər. 
Digər tərəfdən, biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə başlamışdıq və hesab edilirdi ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd təsərrüfatı ilə bağlı olan məsələləri bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və həll edəcək. Əlbəttə ki, bu yanaşmada böyük həqiqət var, amma, eyni zamanda, - pambıqçılığın tənəzzülə uğramasının timsalında biz bunu görürük, - əgər ciddi dövlət dəstəyi olmasa kənd təsərrüfatı inkişaf edə bilməz. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə. Biz bilirik ki, hətta kənd təsərrüfatının inkişafında böyük uğurlar qazanmış aparıcı dövlətlər də kənd təsərrüfatına ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi göstərilir, bir çox hallarda proteksionist tədbirlər görülür. Hər bir ölkə çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi dövlət dəstəyi göstəririk.
Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq. Bizim son illər ərzində əsas vəzifəmiz ərzaq təhlükəsizliyi məsələləri idi. Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə, biz, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq. 
Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi. 
Texniki bitkilər diqqətdən kənarda qalmışdı. Yenə də demək istəyirəm, bunun bir neçə səbəbi var. O cümlədən səbəblərdən biri də o idi ki, hesab olunurdu fermerlər özləri bilər nə əkər, nə biçər. Bu sahəyə böyük dövlət dəstəyi də göstərilmirdi. O ki qaldı, pambıqçılıqla məşğul olan özəl şirkətlərə, onlar da lazımi səylər göstərməmişlər, pambıqçılığa lazımi səviyyədə fikir verməmişlər, lazımi həcmdə sərmayə qoymamışlar və tədricən Azərbaycanda pambıqçılıq məhv olub gedirdi. Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir və cəmi 35 min ton pambıq tədarük edilmişdir. 
2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq. 
Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, - 500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb. Digər texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir. 
Son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilmişdir. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülmüşdür. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılmışdır və digər kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atmışlar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.
Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik. 
Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər. 
Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin. 
Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik. 
Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, bu, böyük irəliləyişdir. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun. 
***
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV çıxış edərək dedi: 
- Möhtərəm cənab Prezident.
Pambıqçılığın inkişafı ilə bağlı bugünkü müşavirənin Bərdədə keçirilməsinə görə bütün rayon əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bizim üçün çox əlamətdardır ki, bu il respublika üzrə pambıq çiyidi səpininə Sizin iştirakınızla ilk olaraq Bərdədən başlandı. Bu, bizə daha yaxşı işləmək üçün əlavə stimul verəcək. 
Qədirbilən Bərdə əməkçiləri minnətdarlıqla xatırlayırlar ki, ulu öndər Heydər Əliyev keçən əsrin 70-80-ci illərində bu zalda pambıqçılıqla bağlı 8 müşavirə keçirib və o dövrdə pambıqçılığın inkişafına səbəb olmuş bir çox mühüm məsələlər burada müzakirə edilib.
Sevindirici haldır ki, Siz də bu ənənəni davam etdirir, Azərbaycanda pambıqçılığın inkişafına böyük önəm verirsiniz. 
Sizin Sərəncamınızla təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib.
Bərdəlilər Sizin pambıqçılığa verdiyiniz önəmə, göstərilən dövlət qayğısına cavab olaraq ilk gündən bu işə səfərbər olublar. Bu gün pambıqçılığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda yüksək əhval-ruhiyyə yaradıb.
Ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib. 2017-ci ildə isə 22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə 3 dəfə çox pambıq tədarük edilib. Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq 26,3 sentner olub. 
Keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcəkdir. Ötən təsərrüfat ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlərimiz olub. 
Möhtərəm cənab Prezident, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ilinin yekunlarına həsr olunan konfransda Sizin pambıqçılığı intensiv yollarla inkişaf etdirməklə bağlı söylədiyiniz fikirlər bizim üçün əsas istiqamət olub. Pambıqçılıqda intensiv inkişafa nail olunmasında keyfiyyətli toxum, gübrə və pestisidlərlə təminat, texnikaya olan tələbatın ödənilməsi, suvarma məsələləri həlledici rol oynayır. Bununla bağlı hər bir fermerə lazımi şərait yaradılmalıdır. Açığını deməliyik ki, fermerlər hələ də bir sıra problemlərlə rastlaşırlar. Ötən il pambıq çiyidinin və ziyanvericilərə qarşı mübarizə üçün tətbiq edilən pestisidlərin keyfiyyətinin bəzi hallarda aşağı olması fermerlərimizə daha yüksək nəticələr əldə etməyə imkan verməyib. Toxumun keyfiyyətsiz olması səbəbindən 360 hektar sahədə təkrar səpin aparılıb. Pestisidlərin, mineral gübrələrin də keyfiyyətinin aşağı olması, bununla belə onların dəyərinə tətbiq edilən güzəştlərin yuxarı həddinin az olması pambıq istehsalçılarına xeyli ziyan vurub. Fermerlər tərəfindən 582 hektar sahədə ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 2-3 dəfə dərman vurulmasına baxmayaraq, onların təsiri çox az olub. 
Sizin “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamınızla istehsalçılara satılan mineral gübrələrin əkin sahələrinin hər hektarına görə satış qiymətinə tətbiq edilən güzəştin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin isə 5 dəfə artırılması fermerlərin ürəyincə olub.
Sovetlər dövründə pambıq əkini dövlətin tapşırığı, planı idisə, indi dövlət tərəfindən yaradılan şərait, pambıqçılığın inkişafı ilə bağlı qəbul edilmiş qərarlar insanların bu sahəyə maraqlarını artırmaqla intensiv inkişafı labüd edib, onlara daha çox gəlir əldə etmək imkanları yaradıb. Siz, həmçinin pambıqçılığın intensiv inkişafını şərtləndirən əsas amillərdən biri olan kompleks yanaşmanı təmin edirsiniz. Ötən ay Mingəçevir Sənaye Parkının ərazisində açılışını etdiyiniz iki iplik istehsalı fabriki yerli xammaldan istifadə etməklə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı kimi önəmli sahələrin birgə inkişafına kompleks yanaşmanın bariz nümunəsidir. 
Sevindirici haldır ki, hərtərəfli dövlət qayğısını, əməyinin nəticəsini görən rayon pambıqçıları bu il keçən ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıb, həmin sahələrdə şum və arat işləri aparılıb və dünən Sizin iştirakınızla ilk səpinə başlanılıb. 
Cənab Prezident, fürsətdən istifadə edib “Əmək” ordeni ilə təltif olunmağıma görə Sizə dərin minnətdarlığımızı bildiririk və bu mükafatı rayonumuzun bütün zəhmətkeşlərinin əməyinə verilən böyük qiymət hesab edirik.
Sizin qarşıya qoyduğunuz vəzifələr vacib olduğu qədər də məsuliyyətlidir. Bərdəlilər adından Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da var qüvvə ilə çalışacağıq. 
Diqqətinizə görə sağ olun.
***
“MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Rövşən HƏSƏNOV çıxış edərək dedi: 
- Möhtərəm cənab Prezident.
Son illər qeyri-neft sektorunun və xüsusilə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Bu, cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinin məntiqi nəticəsidir. İnsanların torpağa qayıdışı, aqrar sahədəki canlanma Sizin yüksək diqqət və qayğınızın, həyata keçirdiyiniz düzgün sosial-iqtisadi islahatların təzahürüdür.
Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiqi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb.
Respublikada 2017-ci ildə 135 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb, ölkə üzrə kondisiya şəklində çəkidə 207 min tondan artıq, o cümlədən cəmiyyətimiz üzrə 130 min 679 ton xam pambıq tədarük edilib.
Tədarük edilmiş xam pambığın 114 min tonu artıq emal olunub, 45 min ton mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton rafinə olunmuş pambıq yağı və 22 min ton jmıx istehsal olunub.
2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir. 
Möhtərəm cənab Prezident, pambıqçılığa göstərdiyiniz xüsusi diqqət və qayğı kənd təsərrüfatının əməktutumlu və ölkəmiz üçün ənənəvi olan bu sahəsinin sürətli inkişafına təkan verib, çox qısa bir müddətdə respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara çıxarılıb. Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib. 
Bu il cəmiyyətimiz tərəfindən 1816 hektarda buğda, 762 hektarda arpa əkilib, 50 min hektaradək sahədə pambıq əkini nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb. Belə ki, cəmiyyətimizə məxsus 5056 hektar sahədə pambıq əkini nəzərdə tutulub ki, bundan 4235 hektarı müasir və səmərəli suvarma sistemlərindən olan pivot suvarma sistemi ilə təchiz edilib. 
Pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir. 
42 min hektarda şum aparılıb, 16 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan artıq avans verilib. 
Bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb. 
500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib. 
Beş min ton ammonium nitrat, 952 ton karbamid gübrəsi tədarük edilib, əlavə olaraq 3500 ton ammonium nitrat, 4 min ton ammofos gübrəsi və 138 ton bitki mühafizə vasitələri sifariş edilib.
“MKT İstehsalat Kommersiya” MMC hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188 kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və avadanlıqlar vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Qeyd etmək istəyirəm ki, fermerlərə vaxtlı-vaxtında, yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün aqrotexniki bazamız tam formalaşıb.
Xam pambığın 24 qəbul məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodlarımızda ötən il əsaslı təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir.
Cari mövsümdə cəmiyyətimiz tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 48 min ton mahlıc, 60 min ton çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin emalından isə 7 min ton rafinə edilmiş pambıq yağı və 42 min ton jmıx alınması proqnozlaşdırılır. 
Hörmətli cənab Prezident, çoxsaylı və zəhmətkeş kollektivimiz adından bizlərə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Bu şərəfli işdə qarşıya qoyduğunuz hədəflərə çatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
Diqqətinizə görə təşəkkür edirəm. 
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim MƏMMƏDOV çıxış edərək dedi: 
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
İqtisadiyyatın mühüm sahəsi olan aqrar sektor bu gün Tərtərdə yüksəliş dövrünü yaşayır, çünki əhalimizin çoxu əsasən kənd təsərrüfatı sahəsində çalışır. 
Cənab Prezident, onlar Sizin bu sahəyə xüsusi qayğınızı görür və dövlətin dəstəyinə arxalanırlar. 
Ötən dövr ərzində biz tərtərlilər pambıqçılığın sürətli inkişafına dair Sizin tapşırıq və tövsiyələrinizə əsasən nəinki müəyyən olunmuş hədəflərə çata bildik, hətta bundan da xeyli yüksək göstəricilər əldə edərək pambığın hektardan məhsuldarlığına görə ölkə üzrə birinci olduq. Qazanılmış nailiyyətlər rayonun həm iqtisadiyyatını möhkəmləndirir, həm də əhalinin maddi rifah halını yaxşılaşdırır.
Cənab Prezident, 2017-ci ilin sonunda rayonumuza etdiyiniz səfər zamanı Siz əməyimizə yüksək qiymət verdiniz və Tərtər pambıqçılarının təcrübəsinin yayılmasını tövsiyə etdiniz. Bundan ruhlanan tərtərlilər göstərdiyiniz yüksək etimadı doğrultmağa, Azərbaycanda bu qiymətli bitkinin istehsalı üzrə “qabaqcıl təcrübənin ünvanı” adını qoruyub saxlamağa və tarlalardan daha çox məhsul toplamağa çalışırlar. 
Rayonumuzun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Cəbhə bölgəsində düşmənlə üzbəüz dayanan tərtərlilər yaratdığınız təhlükəsiz və əlverişli şəraitdən bəhrələnərək yüksək əmək nailiyyətləri əldə ediblər. Ötən il 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artıb. İl ərzində 8419 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatıb. Pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Fermerlərdən Habil İbrahimov 118 ton məhsul istehsal edərək 67 min manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min manat gəlir əldə ediblər. Fermerlərimiz 800 min manatdan çox subsidiya alacaqlar. 
Məhsuldarlığın yüksəldilməsi üçün pambıq əkiləcək sahələrin şumu faraş və keyfiyyətli aparılıb, qış aratına üstünlük verilib, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanıb, növbəli əkin sistemi tətbiq edilib. Bundan əlavə, kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti üçün münbit şəraitin yaradılması da rayonumuzda pambıqçılığın yüksək məhsuldarlığını şərtləndirən əsas amillərdən biri olub.
Cənab Prezident, dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən dəstək gündən-günə bu sahəyə marağı artırır. Cari ildə pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilib, istehsalçılarla müqavilələr bağlanıb. Pambıq əkiləcək 3300 hektar sahədə şum və arat işləri başa çatdırılıb. İndi isə səpinə ciddi hazırlıq işləri gedir. 
Yaz-tarla işlərinin yüksək aqrotexniki qaydada aparılması üçün bütün kənd təsərrüfatı texnikası, o cümlədən səpin üçün 31 traktor, 26d səpin aqreqatı hazır vəziyyətə gətirilib. Yaxın günlərdə səpin işlərinə başlanacaqdır. 
Bu il Sizin Sərəncamınızla rayonumuzda 13 subartezian quyusu qazılacaq. Bu da pambıqçılarımızın becərmə dövründə su ilə bağlı çətinliklərinin aradan qaldırılmasına kömək göstərəcək. 
Hazırda pambıqçılarımızın istifadəsində 12 kombayn var. Lakin hesab edirəm ki, məhsul yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün fermerlərimizin əlavə kombaynlarla təchiz olunmasına ehtiyac vardır.
Möhtərəm cənab Prezident, Sizi tərtərlilər adından əmin edirəm ki, ötən il olduğu kimi, bu il də pambıq yığımında müəyyənləşdirdiyimiz hədəfi keçəcəyik.
Diqqətinizə görə sağ olun.
***
Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin sakini, fermer Fazil MUSAYEV çıxış edərək dedi: 
-Möhtərəm cənab Prezident.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın daha da inkişaf etdirilməsi, onun əvvəlki şöhrətinin qaytarılması ilə bağlı Sizin müəyyən etdiyiniz istiqamət respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvar rayonunda da böyük ruh yüksəkliyi yaradıb. İndi hər yerdə yüksək canlanma duyulur. Torpaq mülkiyyətçiləri böyük həvəslə tarlalara qayıdırlar.
Bir pambıqçı ailəsinin üzvü kimi hələ gənc yaşlarımda mən ulu öndərimiz Heydər Əliyevin zəhmət adamlarına, xüsusilə pambıqçılara böyük diqqət və qayğısının, insanların isə ona hədsiz məhəbbətinin və rəğbətinin canlı şahidi olmuşam. Bu gün də Siz pambıqçılığı inkişaf etdirməklə sadə əmək adamlarını öz ənənəvi peşələrinə qaytarır, minlərlə insanın məşğulluğunu təmin edir və onların halal zəhmətləri ilə ailələrinə ruzi-bərəkət aparmalarına şərait yaradırsınız. Bir sözlə, Siz pambıqçılığın inkişafı sahəsində elə bir inqilabi dönüş, bizə elə bir şərait yaratmısınız ki, artıq həyatımız yaxşı mənada tamamilə dəyişib, işimiz rahatlaşıb, gəlirlərimiz çoxalıb.
Möhtərəm cənab Prezident, mən uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıram, torpaq adamıyam və fəaliyyətimin əsas sahəsi həmişə pambıqçılıq olub. Ancaq açığını deyim ki, əvvəlki illərdə nəticələrimiz o qədər də yaxşı deyildi. Texnikadan, dərmanlardan, sudan çətinlik çəkirdik. Ancaq Siz son bir neçə ildə pambıqçılığı inkişaf etdirməklə bizə geniş imkanlar yaratdınız. Burada elə ən çox qazanan da məhz torpağa bağlı zəhmətkeşlər olublar. Yaratdığınız şəraitdən hamı kimi, mən də maksimum yararlanmışam və öz təsərrüfatımda yüksək nəticələr əldə etmişəm.
Ötən mövsümdə ailə üzvlərimlə birlikdə 16 hektar sahədə pambıq əkmişdim. Texnika və suvarma suyu ilə bağlı heç bir problemimiz olmadı. Sahələri bütün aqrotexniki qaydalara uyğun becərdik və nəticədə 16 hektardan 80 ton, yəni, hər hektardan 50 sentner yüksək keyfiyyətli məhsul əldə etdik. 
Ancaq heç ağlıma belə gəlməzdi ki, Siz mənim əməyimə bu qədər yüksək qiymət verəcəksiniz, məni bu qədər ucaldacaqsınız. Ötən il pambıqçılıqda əldə etdiyim nəticələrə görə Sizin tərəfinizdən birinci dərəcəli “Əmək” ordeninə layiq görüldüm. Bu mükafat mənimlə birlikdə bütün Biləsuvar pambıqçılarının əməyinə verdiyiniz yüksək qiymətdir. Bütün bunlara görə Sizə minnətdarıq, cənab Prezident! 
2017-ci ildə əldə etdiyimiz nəticələr, həmçinin əməyimizə verdiyiniz yüksək qiymət məni daha da ruhlandırıb. Bu il pambıq sahələrini 3 dəfə genişləndirmişəm. Hazırda öz təsərrüfatım da daxil olmaqla 47 hektar sahəni səpinə tam hazır vəziyyətə gətirmişəm. Bu il keçən ildəkindən də daha yüksək məhsuldarlığa nail olmağa çalışacağam. 
Möhtərəm cənab Prezident, qazanılan nailiyyətlər sevindirici olsa da, biz fermerlərdə əsla arxayınçılıq yaratmır. Yaxşı bilirik ki, respublikamız üçün ənənəvi olan pambıqçılıq sahəsinin inkişafına hər birimiz töhfəmizi verməli, ölkəmizin iqtisadi qüdrətinin güclənməsi üçün əsl fədakarlıqla çalışmalıyıq. 
Sizi əmin etmək istəyirəm ki, biz Biləsuvar pambıqçıları bundan sonra daha yaxşı işləyəcəyik və strateji məhsul olan pambığın istehsalında həmişə ön sıralarda olacağıq. 
Diqqətinizə görə çox sağ olun.
***
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi: 
- Möhtərəm Cənab Prezident.
Aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılan münbit şərait, Sizin çox böyük uzaqgörənliklə müəyyən etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs və mühüm dövlət tədbirləri Ağcabədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Məlumat üçün bildirirəm ki, rayon üzrə 2003-cü ildə əkinəyararlı torpaqlar 51 min 615 hektar olduğu halda, son 15 ildə 21 min 965 hektar artaraq 73 min 580 hektar təşkil edib. 
2017-ci ildə 9550 hektar sahədə pambıq əkilib, 20 min 497 ton pambıq istehsal edilib, orta məhsuldarlıq 21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq əkini sahələri 2,6 dəfə, pambıq istehsalı isə 2,3 dəfə artıb. 
Xüsusilə qeyd etmək istərdim ki, rayonumuzda pambıqçılığın inkişafı ilə yanaşı, kənd təsərrüfatının digər sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılıb, rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min hektardan çox sahədə taxıl əkilib, iribuynuzlu mal-qaranın sayında da artım müşahidə edilib. 
Pambıqçılığın inkişafı ilə bağlı ümumrespublika müşavirələrində verdiyiniz tapşırıq və tövsiyələr rayonumuzun iqtisadi inkişafının, həmçinin əhalinin məşğulluğunun təmin edilməsinə böyük təkan verib. Pambıq istehsalçılarına göstərdiyiniz diqqət və qayğı sayəsində əhalinin maddi rifah halı yaxşılaşıb, bu sahəyə maraq daha da artıb. Sizin “Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir” fikriniz artıq real həyatda öz təsdiqini tapıb. Ötən il rayonumuzun 14 min 325 sakini işlə təmin olunub. Pambıq istehsalı ilə məşğul olan fermerlərimizin çox hissəsi 50-100 min manat civarında gəlir əldə edib. İstehsal olunan məhsula görə pambıqçılara 2 milyon manatdan çox subsidiya veriləcək. 
Cənab Prezident, ötən ilin noyabr ayında Ağcabədiyə səfəriniz zamanı rayonun Yeni Qaradolaq kəndindən olan fermer Tofiq İsmayılov Sizə öz əmək nailiyyətləri barədə məlumat vermişdi. Siz də onun əməyini yüksək qiymətləndirərək 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiniz. Bu mükafat bütün əmək adamlarının zəhmətinə verilən ən yüksək qiymət kimi dəyərləndirilir və eyni zamanda, onlarda böyük ruh yüksəkliyi yaradır. İnsanlar başa düşürlər ki, zəhmət çəkən hər bir kəsin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.
2018-ci ildə 10 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb, 1851 nəfər istehsalçı ilə müqavilələr bağlanıb. İndi səpinə hazırlıq işləri aparılır. Bizim əsas vəzifəmiz insanları bu işlərə cəlb etmək, eyni zamanda, pambıqçılığın intensiv inkişafına nail olmaq üçün Sizin tapşırığınızla pambıqçılara arxa, dayaq durmaq və daha çox məhsul istehsal edərək yüksək qazanc götürmələrinə şərait yaratmaqdır. Bunun üçün şumun vaxtında aparılması, sahələrin arata qoyulması, səpin işlərinin və digər aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, sonda məhsul yığımı zamanı texnikaların qədərincə olması çox böyük əhəmiyyət daşıyır.
Bugünkü müşavirədə ötən təsərrüfat ilində rastlaşdığımız problemləri Sizin yüksək diqqətinizə çatdırmağı özümə borc bilirəm. Məndən əvvəl çıxış edən həmkarım pambığın intensiv üsullarla yetişdirilməsində fermerlərin rastlaşdıqları bir sıra problemlərdən danışdı. Ötən il biz pambığın yığılmasında və daşınmasında texnika sarıdan çox çətinliklər çəkdik, kombayn və traktor qoşqularının kifayət qədər olmaması səbəbindən pambığı vaxtında və itkisiz yığa bilmədik. Ötən il pambıq istehsalçıları əkin sahələrində yaxşı məhsul yetişdirmişdilər. Hər hektardan 25-26 sentner məhsuldarlıq əldə edilməsini nəzərdə tutmuşduq. Lakin qeyd etdiyim kimi, əkin sahələrinin ən azı üçdəbir hissəsində, yəni, 3500 hektarında biz pambığı vaxtında və itkisiz yığa bilmədik. Belə problemlərlə rastlaşmasaydıq, daha yüksək məhsuldarlıq əldə edə bilərdik.
İnanırıq ki, Sizin aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamınıza əsasən ölkəmizə gətiriləcək xeyli miqdarda kənd təsərrüfatı texnikası bu sahədə olan ehtiyacları tam ödəyəcəkdir.
Möhtərəm cənab Prezident, Ağcabədi Rayon İcra Hakimiyyəti Sizin kənd təsərrüfatı məhsullarının, xüsusən pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlarınızı daim diqqətdə saxlayır və gələcəkdə bu sahələrin daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlarla birgə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir. 
Diqqətinizə görə sağ olun.
***
“Azərpambıq” MMC-nin baş direktor əvəzi Zakir ƏZİMOV çıxış edərək dedi: 
-Möhtərəm cənab Prezident.
İcazə verin, bu gün kənd təsərrüfatının mühüm sahələrindən sayılan pambıqçılığın inkişafına xüsusi diqqət göstərib dəyərli vaxtınızı ayırdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildirək. 
Ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 min hektarda pambıq əkmişdi.
2017-ci ildə kondisiya şəklində çəkidə 51,2 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə çoxdur. 
Tədarük edilmiş xam pambığın emalından 19 min ton mahlıc, 23 min ton çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının alınması gözlənilir.
Bundan əlavə, emala veriləcək 5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700 ton çiyid cecəsi və 330 ton soapstok da alınacaqdır.
Emaldan alınan məhsullar əsasən Türkiyə, İran, Tacikistan və Gürcüstana satılacaqdır.
Bu ilin pambıq əkini ilə əlaqədar 4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə pambıq əkini üçün hazırdır və bu iş davam edir.
Hər hektardan pambığın məhsuldarlığının ötənilki 17,8 sentnerdən bu il 20 sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsinə yönəldilib.
Səpin kampaniyasını uğurla həyata keçirmək üçün fermerlərin toxumluq çiyidə olan tələbatının ödənilməsi, eyni zamanda, mineral gübrələrlə və zərərvericilərə qarşı mübarizə vasitələri ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 
Cənab Prezident, Sizin 2016-cı il 22 sentyabr tarixli “Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” və 2018-ci il 2 mart tarixli “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamlarınıza əsasən hər bir ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi, mineral gübrələrin satışında güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasının pambıqçılığın inkişafında müstəsna əhəmiyyəti olub. 
Eyni zamanda, bu ildən pambığın satınalma qiymətinin də hər tona 100 manat artırılaraq 600 manat həcmində müəyyənləşməsi fermerlərdə bu sahəyə daha böyük maraq oyadıb. 
Hazırda cəmiyyətin mülkiyyətində 1701 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vardır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2016-cı ildə 311 ədəd, 2017-ci ildə 519 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb, 2018-ci ildə isə 488 texnika sifariş verilib. 
Bu il artıq həmin texnikalardan 126-sı alınıb və qalanlarının da pambığın becərilmə və yığılması vaxtına uyğun olaraq alınması təmin ediləcəkdir. 
Bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim. 2018-2022-ci illəri əhatə edən strateji dövrdə yaradılmış potensial imkanlar sayəsində əsas diqqət pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə yönəldiləcəkdir. Cəmiyyət bu işi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında həyata keçirəcəkdir. Artıq bu sahədə Sumqayıtdakı “ASK Tekstil” və “Şəki İpək” müəssisələri ilə real işə başlanılıb. Emaldan alınan mahlıcın 2600 tonu “ASK Tekstil” və 1209 tonu isə “Şəki İpək” Açıq Səhmdar cəmiyyətlərinə veriləcəkdir ki, bu da həmin müəssisələrə verilən mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə Türkiyə Respublikasına və Rusiya Federasiyasına satılacaqdır. Bu da öz növbəsində, həmin müəssisələrdə yeni iş yerlərinin açılması deməkdir.
Beləliklə, qarşıdakı illərdə biz həm yerli və həm də xarici bazarlarda tək mahlıc və pambıq yağı deyil, iplik, parça və toxuculuq məhsulları ilə brendləşəcək, beynəlxalq əmtəə və maliyyə bazarlarına çıxacağıq. 
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Pambığın istehsalında və tədarükündə istifadə olunan avadanlıqlar xarici ölkələrdən alınır. Lakin biz artıq yerli şirkətlərlə əməkdaşlıq etməklə onların istehsal etdiyi bəzi avadanlıqları alıb istifadəyə etməyə başlamışıq. Bu da öz növbəsində, yerli istehsalın inkişaf etdirilməsinə imkan verəcəkdir.
Cənab Prezident, respublikada aqrar sahənin, bilavasitə pambıqçılığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, əmin edirik ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün səy və bacarığımızı əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirik.
***
Saatlı rayonunun Mircəlal kəndinin sakini, fermer Nizami MƏMMƏDOV çıxış edərək dedi: 
- Möhtərəm cənab Prezident.
Saatlı pambıqçılıq sahəsində öz təcrübəsi və ənənəsi olan, təsərrüfat qabaqcılları ilə tanınan rayonlardan biri olub. Bu gün də iftixar hissi ilə deyə bilərik ki, Sizin tapşırığınıza əsasən həyata keçirilən tədbirlər sayəsində rayonumuzda pambıqçılıq keçmiş şöhrətini bərpa edir. 
Kənd təsərrüfatının inkişafı ilə bağlı qərarlarınız kəndlərimizə yeni nəfəs verib. Əvvəllər iş dalınca şəhərlərə üz tutan sakinlərimiz bu gün öz kəndlərinə qayıdır, torpağı əkib-becərib ailələrini dolandırırlar. Bunun nəticəsidir ki, məşğulluq səviyyəsi artıb, yeni iş yerləri açılıb, həyat şəraitimiz əsaslı surətdə dəyişib. İndi bizim halal zəhmətimizlə qazanmaq, dolanmaq imkanlarımız daha yüksəkdir. İnsanların maddi vəziyyətinin yaxşılaşması onların torpağa bağlılığını artırıb. Sizin də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının inkişafı həqiqətən də məşğulluğun inkişafına böyük imkanlar yaradır, insanları ələbaxımlılıqdan uzaqlaşdırır. 
Pambığın bir kiloqramının alış qiymətinin 2015-ci ildə 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik olduğu halda, Sizin tapşırığınızla 2018-ci ildə qiymətin 60 qəpik müəyyən edilməsi, dövlət dəstəyi olaraq 10 qəpik subsidiya ödənilməsi pambıqçılara əlavə stimul verib. Eyni zamanda, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, mineral gübrələrin 70 faiz güzəştlə verilməsi, fermerlərə ayrılan kreditlər, texnika və avadanlıqlarla təminat istehsalçıların pambıq əkininə marağını xeyli artırıb. Həmçinin rayonumuzda 4 pambıq zavodunun fəaliyyət göstərməsi fermerlərə əlverişli şərtlərlə müqavilə bağlamağa geniş imkanlar yaradıb. 
Möhtərəm cənab Prezident, mən əmək fəaliyyətinə 1981-ci ildə pambıqçılıqda suçu kimi başlamışam, daha sonra təhsil alaraq aqronom kimi fəaliyyətimi davam etdirmişəm. Ailə-fermer təsərrüfatı olaraq, 2017-ci ildə 40 hektar sahədən 168,5 ton məhsul götürmüşük ki, bu da hər hektardan 42 sentnerdən artıq məhsuldarlıq deməkdir. Çalışırıq ki, əkib-becərdiyimiz torpaqlardan səmərəli istifadə edək, məhsuldarlığı daha da artıraq. Fermer təsərrüfatımızın gəliri ilə 14 ailə öz dolanışığını təmin edir. Əl yığımından gündəlik qazancları orta hesabla 60 manatdan yuxarı olur. Bizim ailə-fermer təsərrüfatında pambığın 30 hektarı əllə, qalan 10 hektarı isə maşınla yığılıb. Məhsul satışından ümumi gəlirimiz 84 min 250 manat, xalis gəlirimiz 51 min manat olub ki, onun da 16 min 850 manatını dövlət dəstəyi olan subsidiya təşkil edib. Yaradılan şəraitdən bəhrələnərək əldə etdiyimiz gəlirlər pambıq əkininə marağımızı daha da artırıb. Cari ildə 70 hektarda pambıq əkini üçün emal müəssisəsi ilə müqavilə bağlamışıq. Artıq sahəmiz tam şumlanıb, arat olunub, mala çəkilib və səpinə hazır vəziyyətdədir. Aqrotexniki qaydalara tam əməl etməklə hər hektardan ən azı 50 sentner məhsul götürməyi qarşımıza məqsəd qoymuşuq. Növbəti illərdə isə əkin sahələrini daha da artırmağı nəzərdə tuturuq. 
Yaradılmış imkandan və burada pambıqçıların iştirakından istifadə edərək bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Bu gün pambıqçılıqda əsasən xarici ölkələrdən gətirilən toxumlardan istifadə edilir. Lakin arzu edərdik ki, yerli təbii iqlim şəraitinə uyğun quraqlığa, xəstəliklərə, zərərvericilərə davamlı, rayonlaşdırılm