Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
1 Mart , 2018

Bərdə tərəqqi yolu ilə irəliləyir

Dövlətçilik tariximizdə Bərdənin şərəfli yeri vardır. Beş yüz ilə yaxın bir dövr ərzində qədim Azərbaycan dövlətinin paytaxtı olmuş bu şəhər bölgənin mədəniyyət və ticarət mərkəzi funksiyasını özündə saxlamaqdadır.

Bu şöhrətli diyarın sosial-iqtisadi, mədəni inkişafı sovet dönəmində və müstəqillik zamanında Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ulu öndərin Bərdəyə çoxsaylı səfərləri rayonun sürətli yüksəlişinə stimul vermişdir. Bərdə respublikanın ən iri pambıq istehsalçısı kimi şöhrət qazanmaqla yanaşı, həm də bölgənin mədəniyyət mərkəzinə çevrilmişdi. Rayon ərazisindəki qədim tarixə malik milli mədəni abidələr göz bəbəyi kimi qorunmaqla bərabər, tarixçi alimlər tərəfindən maraqla araşdırılır, qiymətli faktlar aşkarlanırdı. Bərdə bugünkü füsunkarlığı, gözəlliyi ilə baxanları heyran edir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemində islahatlar reallaşanda, yeni struktur layihələri həyata keçiriləndə regional mərkəz kimi məhz Bərdəyə üstünlük verildi. İndi Bərdə Regional Mədəniyyət və Turizm Mərkəzinə Tərtər, Yevlax rayonları və Mingəçevir şəhəri daxildir. Kifayət qədər böyük olan bu ərazidə dövlətin mədəniyyət və turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, Bərdə regional mərkəz funksiyasını uğurla reallaşdırır.

Bərdənin 3000 ildən çox yaşı olduğunu təkzibedilməz faktlarla, tutarlı dəlillərlə sübut edən tədqiqatçı alimlərin təbirincə desək, bu bölgədə hər daşın, hər qarış torpağın altında bir sirr yatır. “Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir” deyən ulu öndər Heydər Əliyevin qayğısı ilə sürətlə inkişaf edib şöhrətə qovuşan Bərdə bu gün Prezident

İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayır. Azərbaycanın qədim dövlətçiliyini, zəngin mədəniyyətini özündə ehtiva edən tarixi abidələr qayğı ilə qorunur, bərpa edilir, eyni zamanda, milli memarlıq üslubunda möhtəşəm mədəniyyət müəssisələri inşa olunur, yaraşıqlı parklar, xiyabanlar salınır, nəhəng abadlıq-quruculuq layihələri həyata keçirilir. Son illərdə inşa olunmuş, böyük bir ərazini əhatə edən park-bulvar, Qəhrəmanlar parkı, Nüşabə parkı, Bayraq meydanı, mərkəzi meydan, yenidən qurulan “Allah, Allah”  türbəsi, yeni incəsənət məktəblərinin yaraşıqlı binaları Bərdəyə xüsusi gözəllik verir.

Bərdə Regional Mədəniyyət və Turizm Mərkəzinin direktoru İlyas Hacıyev söhbət zamanı görülən işlərdən, qarşıda duran vəzifələrdən danışdı: “Həyatda ən böyük hakim olan zaman xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” fikrini təsdiq edir. Bu gün Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə məşhurdur. Musiqimiz, mədəniyyətimiz yaxın-uzaq ölkələri fəth edir. Bu gün hər bir ölkə vətəndaşı azərbaycanlı olmağı ilə fəxr edir. Bütün bunlar həmişə qalib Heydər Əliyev siyasi kursunun real və məntiqi nəticələridir. Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələr də dövlətin davamlı qayğısı ilə dəyişir, gözəlləşir. Bərdənin bugünkü görkəmini beş il əvvəlki ilə müqayisə etmək qeyri-mümkündür. Regional Mədəniyyət Mərkəzinə daxil olan qədim “İpək yolu”nun üstündə yerləşən Yevlax da, nur şəhəri Mingəçevir də, gözəlliyi ilə düşmənlərimizin göz dağına çevrilmiş Tərtər də sürətli inkişaf, yüksəliş yolundadır.

Respublika Mədəniyyət və Turizm Nazirliyinin regional mərkəz olaraq qarşımıza qoyduğu vəzifələr son dərəcə şərəfli və məsuliyyətlidir. Geniş fəaliyyət dairəsinin başlıca istiqaməti xalqa göstərilən mədəni xidmətin səviyyəsini yüksəltmək, bölgəyə əcnəbi turistlərin marağını artırmaq üçün zəruri tədbirlər görməkdir. Musiqimizi, mədəniyyətimizi təbliğ və inkişaf etdirmək, milli tarixi abidələrimizi qayğı ilə qorumaq, folklorumuzu, mədəni irsimizi yaşatmaq da fəaliyyətimizin başlıca istiqamətlərindəndir”. İ.Hacıyev qeyd etdi ki, elə əlamətdar gün, elə bayram olmur ki, musiqi kollektivləri yaxınlıqdakı hərbi hissələrin qonağı olmasınlar.

Dövlət qayğısı sayəsində mövcud mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurulması uğurla davam etdirilir. Respublika Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsait hesabına Bərdə Mədəniyyət Mərkəzi yenidən qurulur. Bərdədə şəhid Ziyafət Balıyevin adını daşıyan Yenidaşkənd kənd folklor evi, Yevlax Tarix-Diyarşünaslıq Muzeyi zövqlə təmir edilmişdir.

Musiqi beşiyi Qarabağın mərkəzi olan Bərdə bu gün çal-çağırlı, toy-büsatlı günlərini yaşayır. Bərdənin şöhrətli günləri yenidən qayıdır.

 

Lazım QULİYEV,

“Azərbaycan”