Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Fevral , 2018

İbrahim məscidi bərpa edilir

     Qədim Bərdə şəhəri və onun tarixi abidələri həmişə öz tikinti quruluşuna və qiymətli arxitektura ansamblına görə hamının diqqətini özünə cəlb etmişdir. Belə tarixiabidələrdən biri də İbrahim məscididir. Şəhərimizdəki memarlıq kompleksi olan bu abidə türbə və məsciddən ibarətdir. Türbənin XIV əsrdə tikildiyi və XVIII əsrdə bərpa olunduğu ehtimal edilir. B.A.Dornun fikrincə əvvəllər burada imamzadə türbəsi olmuş və sonralar onun ətrafında məscid inşa edilmişdir.

     İbrahim məscidi 1868-ci ildə Kərbəlayi Səfixanın rəhbərliyi altında tikilmişdir. Məscidin tikintisində milli memarlıq ənənələrindən istifadə olunmuşdur.

     İbrahim məscidi kompleksi kərpiclərin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin üzvi əlaqələndirilməsi, eləcə də memarlıq bölgülərinin həlli cəhətcə digər məscidlərin tikintilərindən fərqlənir.

     Məlumdur ki, İbrahim məscidinin inşasından sonra uzun illərdən bəri təmir və bərpa işləri aparılmadığından abidənin bir neçə yeri bünövrədən, yandan,  günbəzdən çatlamış və minarələr üst hissədən sökülüb tökülmüşdür. Göstərilənləri nəzərə alaraq Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Xüsusi Elmi Bərpa istehsalat Emalatxana idarəsi 1982-ci ilin avqust ayından İbrahim məscidini  bərpa etməyə başlamışlar. Bərpa işləri üçün 87.426 manat pul ayrılmışdır. Bərpa işləri 1984-cü ilin axırına kimi başa çatdırılmalıdır.

     Hal hazıra kimi minarələr kərpiclə hörülür, öz əvvəlki vəziyyətinə çatdırılır. Məscidin üst örtüyündə hazırda bərpa işləri aparılır. Qapı, pəncərə və şəbəkələr keçmiş memarlıq üslubunda Bakı və Bərdə şəhərində hazırlanır. Məscidin həyətində daş döşəməsi işləri görülür. Məscidin üst hissəsinin hörgüləri kənarındakı daşlar Ağdamın Şahbulaq  daş karxanasından gətirilərək memarlıq formasında düzəldilib yerinə qoyulur.

     Yeri gəlmişkən onu da qeyd etmək  istəyirik ki, məscidin kənarındakı qocaman tut ağaclarının  yanındakı Bəhmən Mirzə Qacar türbəsində də bərpa işləri aparılır.

     Bəhmən Mirzə Qacar (1811-1884) İran şahı Məhəmməd Şah Qacarın (1834-1848) doğma qardaşıdır. Bəhmən Mirzə 1811-ci ildə İranda anadan olmuş, 1884-cü ildə Şuşada vəfat etmişdir. O, İbrahim məscidinin yaxınlığındakı türbədə dəfn olunmuşdur. Bəhmən Mirzə fars dilində yazılmış”Məhəmməd Şah Təzkirəsi”.” Şahənşahə min iztdarlıq” və sairə əsərlərin müəllifidir. Onun qardaşı Qacar sülaləsinin üçüncü şahı (1834-1848) olmuş və 1848-ci ildə üsyançılar tərəfindən öldürülmüşdür. Bəhmən Mirzə Qacar baş vəzir Hacı Mirzə Ağasının fitnəsi ilə qardaşı Məhəmməd Şah Qacarın nəzərindən salındığına görə cəzadan yaxa qurtarmaq üçün Tehrandakı Rus səfirliyinə pənah aparmışdır.

     O, 1848-ci ildə Tiflisə gəlmiş Rusiya təbəliliyini qəbul edib daimi yaşamaq üçün 1851-ci ildə Şuşaya köçmüşdür. O, Azərbaycanın Rusiya ilə birləşməsini mütərəqqi hadisə kimi qiymətləndirmişdir.

     Bəhmən Mirzə gözəl həddindən ziyadə məlumatlı şəxsiyyət olmuş, Qarabağda bir sıra ( o cümlədən Bərdədə) tədbirlərin həyata keçirilməsində yaxından iştirak  etmişdir. Əsərləri Azərbaycan SSR Elmlər Akademiyasının əlyazmalar fondunda saxlanılır.

     Rayonumuzdakı Böyük Qəcər və Bala Qəcər kəndləri qacarlar adını daşıyır. Görünür e l ə  b u n a  görə də Bəhman Mirzə  Qacar Bərdədə dəfn olunmasını vəsiyyət etmiş və məqbərəni də vəfatından qabaq tikdirmişdir.

     Hal-hazırda Bərdə türbəsində də (1832) bərpa işləri aparmaq üçün hazırlıq görülür. Bu türbəyə 1329-cu ildə Bərdə şəhəri ətrafında qoşunları ilə istirahət edərkən istilaçı Teymurləng (1330-1405) dəfələrlə tamaşa etmişdir. Məhs buna görə də Teymurləng azərbaycanlı o cümlədən bərdəli memarları Səmərqəndə aparmışdır.

     Onu da xatırlatmaq istərdik ki, 1882-ci ilin yanvar ayında Bərdə şəhərində olan böyük Rus ədibi Rusiyanın İrandakı səfiri A.S.Qriboyedov və onu bu səfərdə müşayət edən Abbasqulu  Ağa Baxıxanov da Bərdədə və onun ətrafındakı kəndlərdə tarixi abidələrə baxmış və çox məmnun olmuşlar.

     Bu dövrdə qədim Bərdə şəhəri çoxdan unudulmuş və əsas yollardan kənarda kiçik kənd kimi qalmasına baxmayaraq o böyük ədibin xatirələrində aranın baş şəhəri, böyük Nizaminin “Xosrov və Şirin “ və “ İsgəndərnamə” əsərinin səhifələrindəki gözəlliklər kimi qalmışdır. A.S.Qriboyedov və A.Q.Bakıxanov Qarabağda olarkən bir bəy onların şərəfinə qonaqlıq təşkil etmişdir. Divardan asılan gəbə və xalılar A.S.Qriboyedovun diqqətini cəlb etmişlər. O, soruşmuşdur ki, bunları kim toxumuşdur. Ona söyləmişlər ki,  bu xalı və gəbələri burada onlara xidmət edən sadə qadınlar toxumuşlar. Bu zaman A.S.Qriboyedov demişdir: Sizin xalqın mədəniyyəti qədimdir. Xalqın yaradıcılığı bu gəbə xalılarda aydın görünür.

     Bəli qədim Bərdə şəhəri getdikcə gözəlləşir. Bərpa olunmaqda olan abidələr isə şəhərimizi daha da füsünkar edəcəkdir. Bunun üçün bərdəlilər partiya və hökumətimizə minnətdardılar.

N.Babayev. Biologiya elmləri namizədi.