Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
11 Yanvar , 2018

Nizami ölməzdir, Nizaminin şöhrəti əbədidir

Azərbaycanda keçirilmiş Nizami poeziyası günləri respublikamızda şairin bədii irsinin şöhrət və məhəbbət qazandığı bir daha təsdiq etmişdir. Bu ənənəvi poeziya festivalı Azərbaycan ədəbiyyatı klassikinin anadan olmasının 840 illiyi bayramının bir növ müqəddiməsi olmuşdur.

     Moskvanın, qardaş respublikaların ədəbi ictimaiyyətinin nümayəndələri öz əsərlərində hümanizm ideyalarını, xeyrin və haqqın, sülhün və xalqlar dostluğunun təntənəsinə inam hissini tərənnüm etmiş böyük şairin və mütəfəkkirin xatirəsinə ehtiram əlaməti olaraq şənliklərdə iştirak etmişlər.

     Bu günlər respublikanın şəhərlərində və kəndlərində Nizaminin ilhamlı misraları, poeziya korifeyinə həsr edilmiş şerlər səslənmişdir. Azərbaycan ədibləri, onların qələm dostları Bakının bir çox sənaye müəssisələrində olmuşlar. Fəhlə auditoriyalarında başlanmış poeziya bayramı sonra M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında, poeziya gecəsində davam etdirilmişdir.

     Böyük şairin vətəni Kirovabadda şənliklər təntənə ilə keçmişdir. Qədim Gəncənin girəcəyində, qamətli sərv və şam ağacları arasında Nizaminin məqbərəsi ucalır. İndiki bayram şərəfinə mavzoley bərpa edilmişdir. Şəhərin minlərlə sakini və qonağı şairin xatirəsini yad etmək üçün buraya gəlmişdir. Parkda peşəkar aktyorların və həvəskar artistlərin qüvvəsi ilə Nizami əsərlərinin motivləri əsasnda yaradılmış tamaşa göstərilmişdir. Nizami poeziyası teatrı “ Xosrov və Şirin” poeması əsasında hazırlanmış yeni  “Məhəbbət haqqında dastan” tamaşasını nümayiş etdirmişdir. Məhsəti Gəncəvi adına pedaqoji məktəbin tələbə və müəllimlərinin yaratdıqları Məhsəti Gəncəvi poeziyası teatrında isə “Məhsətinin Nizami ilə görüşü” tamaşası göstərilmişdir.

     Nizaminin “Xəmsə” də birləşmiş ölməz poemaları öz hümanist və nikbin ideyaları ilə ədəbiyyat və incəsənət ustalarının bir çox nəsilləri üçün tükənməz ilham mənbəyi olmuşdur. İndi Kirovabadda, Gəncə çayının sahilində “Xəmsə bulağı” abidəsi açılmışdır.

     Nizami poeziyası günlərinin iştirakçıları xatirə parkında çinar ağacları xiyabanı salmışlar.

     Sentyabrın 28-də böyük söz ustasının abidəsi qarşısındakı meydanda Nizami poeziyası günlərinin təntənəli bağlanışına yüzlərlə bakılı toplaşmışdı. SSRİ-nin bir çox xalqlarının dillərində Nizami şerləri, şairi vəsf edən əsərlər səslənmişdir. Bu festival milli mədəniyyətlərin qardaşlığın və qarşılıqlı əlaqəsinin, Vətənimizin xalqları arasında sarsılmaz dostluğun daha bir sübutu olmuşdur.