Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
11 Yanvar , 2018

Abidədə düşüncələr

Burda bir heykəl var-ana heykəli. Çiyinlərindəelə bil dünyanın ağır yükünü saxlayıb. Gözləri qəm dəryasıdır sanki, sellər sular axacaq indi.

     Burda bir ana heykəli var. Müharibədə həlak olan qəhrəmanların anası. Əbədi sükuta qərq olub ana. İnsanları amansız dəhşətə gətirən ton gurultusundan mərmi səsindən yaranmış bir sükuta. Ananın duruşundan, baxışından dilimizə bu sözlər misra-misra axıb gəlir.

     Əzizim balabanı

     Asta çal balabanı.

     Hamının balası gəldi,

     Bəs mənim balam hanı.

Al, qırmızı köynəkli qızıl güllər elə bil qəhrəmanların, şəhidlərin ruhudur. Torpaqdan baş qaldırıb ananın səsinə hay verir, ”biz ölməmişik, biz sağıq” deyir sanki.

     Ana bir ah çəkir, toplar, təyyarələr, oğullar misləşir, dəmirləşir, mərmər divarlara, lövhələrə hopur, əbədiyyətə qovuşur onlar.

     Ana bir ah çəkir, su fəvvarələri baş qaldırır. Çarhovuzlar aşıb-daşır. Su təskinlikdir, deyiblər, axı.

     Ana xəyala dalır, xatirələr dil açıb. Şəhidlərin, qəhrəmanların adları, yadigarları, üçgünc məktubları bir muzeyin eksponatına çevrilir. Vətən, xalq yolunda canından keçən qəhrəmanların ordenləri medalları böyüyür, mərmər lövhələrdən asılı qalır. Ötən günlərin acılı-şirinli xatirələri foto-şəkillərə köçür.

     Böyük Vətən müharibəsində həlak olan bərdəlilərin xatirəsinə həsr edilən abidə kompleksi gözlərimiz önündə beləcə böyüyür, genişlənir, gülüstana çevrilir, daşlaşır, heykəlləşir, əbədiləşir.

    Çoxmərtəbəli binaların, yamyaşıl ağacların əhatəsində olan abidə ansamblı bərdəlilərin müqəddəs ziyarətgahına çevrilir. Hər gün bura yüzlərlə uşaq, cənc, qoca gəlir. Qızıl güllərin ətrini duyur, dincəlir, istirahət edir, bu günün, sabahın işıqlı yolunda canlarından keçən qəhrəmanların xatirəsini yad edirlər.

Q.Məmmədov.