Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
14 Dekabr , 2017

Ürəkdə təpər, könüldə istək olsa...  

Namaz Hüseynov ötən əsrin 70-ci illərində respublikanın pambıqçılıq mərkəzi kimi böyük şöhrət qazanmış Bərdənin adlı-sanlı briqadirlərindən olub.  O vaxtlar ulu öndər Heydər Əliyev Bərdəyə tez-tez səfər edər, rayonun hünərvər əmək adamları ilə tarlalarda səmimi görüşlər keçirər, onlara qayğı və diqqət göstərər, “ağ qızıl” ustalarını yeni nailiyyətlərə ruhlandırardı.

Belə unudulmaz görüşlərin dəyişməyən bir ünvanı da o vaxt 26 Bakı komissarı adlandırılan kolxozda Namaz Hüseynovun başçılıq etdiyi briqadanın tarla düşərgəsi idi. Heydər Əliyevin hər gəlişi burada bayrama, el şənliyinə çevrilər, pambıqçılara qol-qanad verərdi. Tarlaları gəzib məhsul bolluğundan məmnun qalan ulu öndər pambıqçıların əməyini yüksək qiymətləndirər, torpağa, halal zəhmətə bağlı, bolluq həvəsli əmək qəhrəmanlarını yeni zirvələr fəth etməyə ruhlandırardı. Briqadanın uğurları, nailiyyətləri artdıqca pambıq ustası Namaz Hüseynovun sinəsini bəzəyən orden və medalların sayı da artardı.

İndi o unudulmaz anlar şirin xatirəyə çevrilib. Namaz Hüseynov dünyasını çoxdan dəyişib. Amma bu da bir təsəllidir ki, özündən sonra övladları onun yolunu davam etdirirlər. Oğlu Afəddin Hüseynov ali təshilli aqronomdur. Uşaqlığı atasının briqadir olduğu sahələrdə, tarla düşərgəsində keçib. Seçdiyi peşə də o illərdə formalaşıb. Düşünüb ki, aqronom olmaqla pambıqçılığın inkişafına, məhsul bolluğunun təmin edilməsinə bir mütəxəssis kimi daha çox fayda verə bilər. Səylə çalışıb, oxuyub ali təhsilli mütəxəssis olub. Amma qurduğu xəyallar, ürəyində bəslədiyi arzular qanadı qırıq quş kimi pərvazlana bilməmişdi. Çünki zamanın hökmü pambığı gözdən salmışdı, kəndli əsrlər boyu mehr saldığı, ünsiyyət bağladığı torpaqdan küsdürülmüşdü. Afəddin bizimlə söhbətində o illəri belə xatırlayır:

- O zaman kəndlərimizdə ürək ağrıdan bir mənzərə yaranmışdı. Adamlar əkin-biçin işlərindən soyuyub ümidsizliyə qapılmışdılar. Bir vaxtlar tarlalarda hünər göstərib xarüqələr yaradan əmək adamları çayxanalara üz tutub günlərini nərd, domino oynamaqla keçirirdilər. Amma mən hər il az, ya çox pambıq əkib-becərməyə davam edirdim. Sözün həqiqi mənasında, bu mənim üçün yeganə təsəlli mənbəyi idi. Prezident İlham Əliyevin Sabirabadda keçirilən müşavirədə ənənəvi kənd təsərrüfatı sahələrini, xüsusilə pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırışı sözün həqiqi mənasında, mənim də həyatımda dönüş yaratdı. Var qüvvəmlə hərəkətə keçdim. 2016-cı ildə 80 hektar sahədə pambıq əkib-becərdik. Çəkdiyimiz zəhmət hədər getmədi. Hər hektardan orta hesabla 34 sentner məhsul götürdük. Bu il isə pambıq əkinlərini genişləndirib 150 hektara çatdırmışıq. Bunun 15 hektarı öz mülkiyyətimizdə olan torpaq sahəsidir. Qalan 135 hektarını götürmüşük. İndiyədək 400 tondan çox pambıq yığmışıq. Yığım davam edir, məqsədimiz 450 ton səviyyəsinə çatmaqdır.

Afəddin Hüseynov bacarıqlı istehsalçısı olmaqla yanaşı, həm də yaradıcı, qurucu mütəxəssisdir. Həyətində kiçik emal sexi yaradıb. İstehsal etdikləri məhsul  burada emal olunur. Bu işə yeni başlayıb. Bununla bağlı böyük arzuları var. Müasir emal müəssisəsi yaratmaq niyyətindədir. Bu işdə ona ömür-gün yoldaşı, ali təhsilli texnoloq Suruş Hüseynova ən yaxın yardımçıdır. Həyətdəki emal sexini gələn il bir vaxtlar atasının briqadir olduğu sahənin tarla düşərgəsinə köçürmək niyyətindədir. Bunun üçün hazırlıq işlərinə başlayıb. Deyir ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit götürmək üçün müraciət edəcək. Alınsa, yeni müəssisəni rahatlıqla qura biləcək.

Afəddin gələn ilin təsərrüfat qayğılarından da söhbət açdı. Dedi ki, 2018-ci ildə azı 300 hektar sahədə pambıq əkməyə qərarlıdır. Bu məqsədlə icarəyə götürəcəyi torpaq sahələrinin sahibəri ilə razılaşıblar. Təbii ki, əkin sahələrini genişləndirməklə qayğılar da artacaq. Bunun qarşılığında yeni becərmə və yığım texnikası almaq fikrindədir. Deyir ki, aqrolizinqə müraciət edəcəyəm, yəqin xahişimi yerə salmazlar.

Afəddin həm də qayğıkeş ailə başçısıdır. İki oğul atasıdır. Babasının adını daşıyan Namaz ali təhsilli hüquqşünasdır. Kiçik oğlu İbrahim ali məktəb tələbəsidir. Halal zəhmətə bağlı ailə firavan yaşayır. Rahat, geniş evləri var. Həyətdə xarici markalı iki minik maşını dayanıb. Afəddin ailəsini yaxşı dolandırmaqdan savayı, həm də onlarca ailəyə iş yeri açır.

Geniş həyətin bir tərəfində pambıq tayası, bir tərəfində emal edilmiş pambıq kipləri üst-üstə yığılıb. Emal sexinin uğultusu ətrafa yayılıb...

İnsan hər şeyə qadirdir. Təki ürəkdə təpər, könüldə istək olsun.

 

Lazım QULİYEV,

“Azərbaycan”