Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
28 Noyabr , 2017

Müəllim ömrü.

     Üzbəüz əyləşmişik. Şirin bir bayatıya dönmüş otuz beş illik ömrünün aylarından, illərindən kəlmə-kəlmə, misra-misra deyir. Mən də sehirlənmiş kimi onu dinləyirəm. Hərdən də başımıqaldırıb illərin naxış saldığı üzünə baxıram- nur tökülür, qəlbini, ürəyini güzgü kimi əks etdirən gözlərinə baxıram-nəvaziş, məhəbbət süzülür. Gah da nəzərlərim təbaşirin iz saldığı barmaqlarında, sonra da bəmbəyaz saçlarında gəzir.

     Bütün varlığı nura qərq olmuş müəllim-ana.Yadıma məşhur pedaqoq Y.A.Kamenskinin müqayisəsi düşür. O, müəllimi işığa-günəş şüasına bənzətmişdir. Günəş təbiəti isindirdiyi kimi müəllim də insan qəlbini isindirir demişdi.

     Sənubər müllimin də neçə-neçə illərdir ki, qəlbində doğan günəş yüzlərlə, minlərlə övladlarımızın həyat yolunu işıqlandırır. Onlara ilk dəfə qələm tutmağı, ilk dəfə ana, Vətən kəlməsini necə oxumağı necə yazmağı öyrədir.

     Ötən Günlərdən Sətirlər: Şəkidə yaşayırdıq. 1942-ci il idi. Rayonumuzdakı pedaqoji texnikumu bitirib əvvəllər oxuduğum məktəbə müəllim kimi qayıtmışdım. Tanrıverdi isə dil-ədəbiyyat müəllimi idi. Biz üç il idi ki ailə qurmuşduq. Tanrıverdi gedəsi olduq. Vətəni düşməndən qorumağa, “Ağlama Sənubər. Axı sən heç bir çətinlikdən qorxan deyilsən. Arzu, Arif amanatı. Arxayın ol, tezliklə qayıdacağam” deyib getdi. Bir daha.

    Eh qızım getsin o günlər bir də geri dönməsin. Ağır günlər idi. Üç növbədə işləyirdim. İki növbə məktəbdə dərs deyirdim. Axşamlar isə Şəkidəki 2 nömrəli uşaq evində tərbiyəçilik edirdim. 1948-ci ildən isə Bərdədəki 3 nömrəli məktəbdə çalışıram.

     Bəli ailənin böyük övladı olan Sənubərin də həyatı keçməkeşli olmuşdur. Atasını itirəndə on yaşı olan Sənubərə böyüyəndə anasının ilk sözü bu olmuşdur:” Atan səni də, bacılarını da müəllim görmək istəmişdir”.

     Mücrünün içindəkilər:  Sənubər müəllimin əməyinə, zəhmətinə verilən qiyməti soruşduqda sakitcə durub bir mücrü gətirdi. Nələr yox idi bu mücrünün içində. Sadə peşə sahibi olan bu ananın gör neçə orden-medalı var.

     İlk dəfə müharibə dövrü arxa cəbhədə yaxşı işlədiyinə  görə “Əməkdə fərqlənmə” döş nişanı alıb.1957-ci ildə  “Qabaqcıl maarif xadimi“ adına layiq görülüb. 1968-ci ildə respublikamızın nümayəndəsi kimi Sovet müəllimlərinin  Moskvada keçirilən qurultayında iştirak edib. Elə həmin ili xalq maarifi sahəsində səmərəli işlədiyinə və böyüməkdə olan nəslin kommunist tərbiyəsində xidmətlərinə görə SSRİ  Maarif  Nazirliyinin və Azərbaycan SSR Ali  Sovetinin fəxri-fərmanı ilə təltif olunmuşdur.

     Gündəlikdən: “Bunnan ikinci dəfədir ki, belə ürəkdən ağlayıram. Biri ondan ayrılanda bir də indi.  Sevimli çiçəklərim üçün belə qəribsiyəcəyimi heç ağlıma da gətirməzdim. Y o x  m ü t l ə q   m ü t l ə q  yenidən məktəbə qayıdacağam “.

     Bu sətirləri oxuyanda Sənubər müəllimi yenidən kövrəlmiş gördüm. Sanki o yenidən ayrılıq günlərinə qayıtmışdır.

     -İki il bundan qabaq təqaüdə çıxdım. Arzu, Arif əl çəkmədilər ki, ana ta sənin istirahət edən vaxtındır. Sözlərinə baxıb məktəbdən ayrıldım. Bir il mənə on il kimi uzun gəldi. Uşaqlarım –balalarım üçün ürəyim əsirdi...

     Sənubər Bahadurova yenə də məktəbə qayıtdı. O, yenə də sevimli çiçəklərinin bağbanıdır. Özü də təcrübəli, qayğıkeş, mehriban bir bağbandır. Onun yetişdirmələrinin səsi, sorağı haralardan gəlmir. Eşidəndə ki, Vasif  Gülzadə Özbəkistanda geoloq işləyir. Ramiz Hacıyev Bakıda Zərif-mahud kombinatında texniki şöbənin rəisidir. Şərafət Mirzəyeva Bakıdakı 10 nömrəli  tibb məsləhətxanasının baş həkimidir ürəyi dağa dönür. Hələ özü ilə bərabər əlinə jurnal alıb müəllimlər otağından birgə çıxdığı Xanbikə Mirzəyevanı Allahverdi Allahverdiyevi, Dilşad Hüseynovanı demirəm.

     Bəli indi Sənubər müllimin ömür yollarını ürəyindən su içmiş bu çiçəklər bəzəyir. Bir-birindən ətitli  çiçəklər.

 Ə. Şükufə.