Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
28 Noyabr , 2017

Həkim.

     Həmişəki kimi, yenə də adi iş günlərindən biri idi. Mərkəzi rayon xəstəxanasının  həkimləri “ beş dəqiqə” yə toplaşmışdılar. Yalnız bir nəfər –mərkəzi xəstəxananın baş həkimi Gilə İsgəndərova yox idi. Hamı təəccüblü görünürdü: “ Gilə həkim gecikməzdi axı.” Görəsən, nə hadisə baş verib, yoxsa özü xəstələnib.” Hərə bir cür düşünür, müxtəlif fikir söyləyirdi. Elə bu dəm telefon uzun zəng çaldı. Danışan G. İsgəndərova idi. Səsi uzaqdan, güclə eşidilirdi. G.İsgəndərova telefonla deyirdi :- Lənbərandan danışıram. Xəstə üstəyəm. Gecə saat dörddən buradayam. Geciksəm, bəlkə də faydasız olardı. İndi xəstənin üzü bəridir. Siz söhbətinizə başlayın, mən də gəlirəm.

     G.İsgəndərova hazırda mərkəzi rayon xəstəxanasının baş həkimidir, böyük bir kollektivə başçılıq edir. Lakin o, 1958-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsini qurtarandan bu günə kimi, hətta Xanərəb kənd tibb məntəqəsinin müdiri, Hacallı kənd xəstəxanasının baş həkimi, müalicə profilaktika üzrə mərkəzi rayon xəstəxanası baş həkiminin müavini və bu gün mərkəzi rayon xəstəxanasının baş həkimi olduğu vaxtlarda da öz şərəfli həkimlik borcuna sadiq qalmış, ağır xəstələr onun əlindən, mehriban rəftarından, xoş təbəssümündən şəfa tapmışlar.

     Yeri düşəndə Gilə həkim belə deyir : İnsan həyatın əşrəfidir. Özünü, başqalarını yaşatmaq üçün maddi nemətləri insanlar istehsal edir. Həyatın bəzəyi, onun şanı, şöhrəti insandır. O, qurur yaradır. Gələcək nəsilləri yaşatmaq üçündür. Elə buna görə də insanlar həmişə sağlam olmalıdır. Bu baxımdan biz həkimlərin üzərinə çox şərəfli bir iş-insanın sağlamlığını qorumaq vəzifəsi düşür. Həkim sözünün özündə bir müqəddəslik, bir etiqad, həyata bir inam vardır. Ağır xəstənin üstünə həkim gələndə o daxilən yüngülləşir, həyata, yaşamağa inamı artırır,sağalıb şəfa tapacağına əmin olur. Həkimin gəlişi təkcə xəstəyə deyil, həm də evə, ailəyə, adamlara təsəlli , işıq asudə  nəfəs gətirir.

     G.İsgəndərovanın bu günlər işi, qayğıları ikiqat artırmışdır. Başçılıq etdiyi kollektivin bütün qüvvəsini  rayon zəhmətkeşlərinin şöhrəti dillərə düşmüş Bərdə pambıqçılarının sağlamlığını qorumağa səfərbərliyə alır.

     Bu bayram ərəfəsində G.İsgəndərovaya zəng vurub özünün başçılıq etdiyi kollektivin arzularını öyrəndik. Dedi ki, bütün həkimlər kimi, onların da arzuları adamların sağlamlığı keşiyində möhkəm dayanmaqdır. O, həmişə sülh olmasını, insanların açıq səma altında sağlam və gümrah yaşamalarını arzuladı.

     Gözəl arzudur, deyilmi ?

T.Əmirov.