Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
28 Noyabr , 2017

Uğurlar olsun, Gülbəst!

     Kəndimizin gözəl bir guşəsində həmişəyaşıl ağaclar arasında bir bina vardır. Hər gün üzündə təbəssüm dolu neçə-neçə qoca, gənc, uşaq buraya gəlir. Öz qaynar təbiəti ilə, heyrətamiz aləmi ilə kənd camaatını cəlb edən bu binada kitabxana yerləşir.

     Kitabxanaya gələn hər bir oxucunun üzündə razılıq, minnətdarlıq ifadəsi oxunur. Kitabxanaçı Gülbəst Eyvazova oxucuları böyük səmimiyyətlə, mehribanlıqla qarşılayır. Onlara zövqlərinə uyğun kitablar seçməkdə yaxından köməklik göstərir. Gənc kitabxanaçı oxucularla fərdi söhbətlər keçirir, onların marağını öyrənir və lazımi kitabları tövsiyə edir.

     Kitabxanada tez-tez kütləvi tədbirlər keçirilir. Müxtəlif mövzulara həsr edilmiş foto-montajlar, kitab sərgiləri oxucuların marağına səbəb olur.

     G.Eyvazova bu günlərdə kitabxanada Cov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, YİHİMŞ-in və YİLKGİ MK-nın sovet xalqına məktubu haqqında oxuculara məlumat vermişdir.

     Mən də kitabxananın fəal üzvlərindən sayılıram. Həmişə kitabxana ilə sıx əlaqə saxlayıram. Kitabxanaçının hər bir göstərişinə ciddi əməl edirəm. Bir gün kitabxanaçı G.Eyvazovadan soruşdum ki, səni kitabxanaya, kitablara bağlayan nədir? Hansı qüvvə səni bu sadə peşəni seçməyə vadar etmişdir? O, gülümsünərək fəxrlə cavab verdi:

     -Mən hələ uşaqlıqdan kitabı çox sevirəm. Daim kitablar aləmində olmaq mənim çoxdankı arzumdur. Məhz bu arzu məni kitabxanaçı olmağa gətirib çıxarmışdır.

     Bəli, kəndimizdə öz sənətinə böyük məhəbbət bəsləyən, ürəklərdə özünə yer tapan bu gənc qızı hamı sevir.

     Sənə gələcək işlərində, şərəfli, lakin son dərəcə sadə olan vəzifəndə yeni-yeni uğurlar arzulayıram, Gülbəst !

  Şəhla Zeynalova, Xəsili kənd orta məktəbinin şagirdi.