Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
28 Noyabr , 2017

Təki xəstə sağalsın .

     “Qulağım xəstə idi. Getdikcə ağır eşidirdim. Hümbət həkimin yanına getdim. Müayinə edib ucadan güldü: bu ki mənim əlimdə su içimi kimi asandır, -dedi. Hər gün həkimin kabinetinə girəndə mehribanlıqla, gülərüzlə qəbul edib müalicəyə başlayırdı. Heç zarafatından da qalmırdı. Əli çox sayalıdır. Elə tez sağaldım ki. Onun mənə göstərdiyi qayğını heç vaxt unutmaram...”

                                                                                                          Mahmud İsnaşari

     Bu sözlər Betonzavod qəsəbəsinin sakini Mahmud İsnaşarinin Hümbət həkim haqqında redaksiyamıza göndərdiyi minnətdarlıq məktubundan götürülmüşdür. Əgər Hümbət Hacıyev haqqında təkcə M.İsnaşari razılıq etsəydi bunu bəlkə də təsadüf zənn etmək olardı. Lakin Hümbət Hacıyev onun öz nəcib peşəsinə vurğunluğu, qayğıkeşliyi haqqında redaksiyamıza onlarca minnətdarlıq məktubu gəlir. Elə bu səbəbdən də bizcə yüzlərlə oxucunun ürəyindən xəbər verən  bu kiçik yazını qəzetimizdə dərc etməli olduq.

     Budur Hümbət həkimlə (ona hamı belə müraciət edir) üz-üzə oturub söhbət edirik. Haqqında yazacağımızı bilən kimi: ”Mən hələ buna layiq deyiləm. O qədər yaxşı həkimlərimiz var ki “ -deyə ciddi görkəm alıb etiraz edir.

     İndi çalışdığı burun, boğaz, qulaq xəstəliklərinin müalicəsi ixtisasına necə yiyələndiyi barədə söhbət düşəndə bir epizod danışdı:

     _1964-cü ilin əvvəlləri idi. Ağcabədidən Bərdə mərkəzi rayon xəstəxanasına işə təzəcə dəyişilmişdim. Yaxın qohumların birinin oğlunun boğazında dəmir pul qalmışdı. Onu çıxartdırmaq üçün necə deyərlər, lap dəridən qabıqdan çıxdıq. Qohumların çoxu üzümə baxsa da, bir söz demirdi. Onların bu mənalı baxışı aydın idi: “Axı sən də neçə ilin həkimisən hanı köməyin?” Nəhayət uşağın boğazından 15 və 3 qəpiklik dəmir pulu Kirovabadda çıxartdılar. Bu hadisə mənə necə böyük təsir etdisə burun-boğaz, qulaq həkimi kimi ixtisas qazanmaq üçün Bakı şəhərində həkimləri təkmilləşdirmə institutunda  beşaylıq kurs keçdim. (Təkmilləşdirmə kursunda sonralar da olmuşam). O vaxtdan düz  12 il  keçir. Bircə epizod da danışım-deyə Hümbət həkim ilk operasiyası haqqında yadda qalanları söylədi : “Kəlbəcərdən Sənəm Məmmədova adlı bir qızın boğazında böyümüş badamı vəzlər kəsilməli idi. Operasiyanı mənə tapşırsalar da, bu işin öhdəsindən gələ biləcəyimə heç kəsin ümidi yox idi. Doğrusu, özüm də bu məsuliyyətli işin altına girməyə qorxurdum. Operasiya müvəffəqiyyətlə qurtaranda sevincimdən  qəhər məni boğdu, gözlərim yaşardı.

     Bu il yanvarın 7-də Laçın rayonunun Kamallı kəndindən olan Qurban Fərzəliyevin burnunda axırıncı operasiya aparmışam. O da yüzlərlə xəstədən biri kimi sağalıb, bu gün sabah evinə gedəcəkdir. Onu deyim ki, hələ heç vaxt peşiman olmamışam”.

     H. Hacıyevin söhbətindən məlum oldu ki, təkcə rayonumuzdan deyil respublikamızın  Laçın, Kəlbəcər, Ağdaş, Ağcabədi, Şəki, Ucar, Mirbəşir, Zaqatala və sair rayonlarından yüzlərlə uşaq, qadın, kişi onun əlinin şəfasını görmüş “həkim əlin var olsun”-deyə-deyə məmnun halda evə qayıtmışdır. Təkcə bir fakt maraqlıdır ki, H. Hacıyev 12 ildə 3.000-dən çox xəstəni operasiya edib sağaltmışdır.

     Əlbəttə Hümbət həkimin onun yanına gələn xəstələri sağaldıb həyata qaytararkən çətin günləri, yuxusuz gecələri az olmayıb. Bircə məqsəd, bircə arzu naminə hər bir gərginliyə dözüb: təki xəstə sağalsın. 

Talış Əmirov.