Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
13 Oktyabr , 2017

Bərdəlilər dövlət qayğısını minnətdarlıqla qarşılayırlar

 Yol çəkmək, körpü salmaq savab iş sayılır, hər zaman minnətdarlıqla qarşılanır. Fərəhlidir ki, son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir. Bu davamlı qayğı sayəsində magistral avtomobil yolları ilə yanaşı, kənd yolları da əsaslı təmir olunur, yenidən qurulur.

Respublika Prezidentinin sərəncamı ilə 2015-ci ildə Bərdə rayonunda Yenidaşkənd-Umudalılar yolunun tikintisinə start verilmişdir. Cari ilin əvvəlindən isə 25 kilometrlik bu yolun çəkilişi 43 nömrəli yol istismarı MMC-yə həvalə edilmişdir. İndi yol çəkilişində son tamamlama işləri görülür. Aparılan təmir-tikinti işlərinin keyfiyyəti qənaətbəxşdir. Geniş və rahat yolun çəkilişi bölgə əhalisində xoş ovqat, yüksək əhvali-ruhiyyə yaradır. Seyid Yusifli kəndinin sakini, el ağsaqqalı Hüseyn Abbasov deyir:

- Uzun illər idi camaatımız yolun narahatlığından əziyyət çəkirdi. İyirmi dəqiqəlik yolu bir saata qət edə bilmirdik. Sağ olsun dövlətimizin başçısı, onun qayğısı sayəsində rahatlığa qovuşmuşuq. İndi mənzil başına tez və rahat çatırıq. Onu da deyim ki, bizim camaat çox qədirbiləndir. Elə gün olmur ki, Prezidentin ünvanına dönə-dönə minnətdarlıq səslənməsin. Dövlət başçısının tapşırığını məsuliyyətlə icra edib bizi rahatlığa qovuşduran yol çəkənlərə də minnətdarıq.

On yeddi kəndi birləşdirən Yenidaşkənd -Umudalılar yolunun çəkilişi başa çatmaq üzrədir. 43 nömrəli yol istismarı MMC-nin sədri İlham Əzimov söhbət zamanı dedi ki, idarə güclü maddi texniki bazaya malikdir. İstifadələrində asfalt-beton zavodu, 23 ədəd maşın-mexanizm var. 105 nəfərin çalışdığı kollektiv qarşıya qoyulan vəzifənin öhdəsindən bacarıqla gəlir.

Görülən təmir-tikinti işlərində başlıca şərt keyfiyyətdir. Yol kənarında inşa edilmiş çoxsaylı dayanacaqlar yaraşığı ilə göz oxşayır. Körpülərin, irili-xırdalı su keçidlərinin, yol nişanlarının, göstərici lövhələrin tikintisində də tələblərə ciddi əməl olunmuşdur.

Yaxın günlərdə istifadəyə veriləcək Yenidaşkənd-Umudalılar yolu dövlətin bərdəlilərə qayğısının təzahürüdür. Bu qayğı haqlı olaraq bölgə əhalisində minnətdarlıqla qarşılanır, dövlətin xalq üçün çalışdığının təntənəsinə çevrilir.

 

Lazım QULİYEV,

“Azərbaycan”