Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
24 Sentyabr , 2017

Ağ örpəkli tarlalar hünər meydanına çevrilir

Bərəkətli çöllərə bəmbəyaz qar yağıb elə bil. Dünənə kimi yaşıl libaslı geniş tarlalar indi sanki gəlinlik örpəyinə bürünüb. Elimizə, obamıza barlı-bərəkətli payız gəlir. Yenə kəndlərin toylu-büsatlı, çal-çağırlı günləri başlayacaq. Məhsul bolluğundan doğan sevincin həftələrin, ayların ağrı-acısını unutduran, xoş güzərandan, firavanlıqdan qaynaqlanan duyğuların isə payızın bayram ab-havasında özünəməxsus yeri var.

Pambıqçılığa qayıdış, bu yöndə dövlət səviyyəsində görülən silsilə tədbirlər Bərdə kəndlisinin üzünə günəş kimi doğub. Son illər rayonun kəndlərində bir canlanma hiss edilir. İndi kənddə bekar adam tapmaq çətindir. Artıq kənd çayxanalarındakı samovarlar qaynamır. Gününü nərd, domino oynamaqla keçirən adamlarla indi pambıq tarlalarında görüşmək olar...
Ötən əsrin 70-ci illərində respublikanın pambıqçılıq mərkəzi kimi şöhrət qazanmış Bərdədə bu ənənəvi kənd təsərrüfatı sahəsini inkişaf etdirmək, köhnə şöhrəti qaytarmaq üçün inamlı addımlar atılır, ildən-ilə fərəhli nəticələr qazanılır. Keçən il rayonun təsərrüfatlarında 3003 hektar sahədə pambıq əkilmiş, 6952 ton “ağ qızıl” istehsal olunmuşdur. Bu il isə əkin sahələri genişləndirilərək 8500 hektara çatdırılmışdır. Tarlaların becərilməsində aqrotexniki tələblərə ciddi əməl olunmuşdur. Rayonun meliorasiya işçilərinin fədakarlığı sayəsində əkinlər sudan korluq çəkməmiş, pambığın xəstəlik və zərərvericilərinə qarşı təsirli kimyəvi mübarizə aparılmışdır.
İndi pambıqçılıqda həlledici mərhələ başlayır. Böyük zəhmət bahasına hasilə gələn məhsulu tez və itkisiz yığıb tədarük etmək günün ən aktual vəzifəsidir. Rayonda pambıqçılığı inkişaf etdirmək qayğısı əsasən MKT Bərdə filialının, CTS AQRO-nun Bərdə filialının üzərinə düşür. MKT Bərdə filialının direktoru Mehman Abdullayevlə söhbətində dedi:
- Pambıq strateji məhsuldur. Onun bolluğu sayəsində ölkəyə valyuta gəlir və eyni zamanda bu gəlirli sahədə çalışan torpaq istifadəçilərinin gün-güzəranı yaxşılaşır. Prezident İlham Əliyevin pambıqçılığı inkişaf etdirmək, bu sahədəki köhnə şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələri ölkənin hər yerində olduğu kimi, Bərdə rayonunda da fəaliyyət proqramına çevrilmişdir. Bir istehsal və emal müəssisəsi olaraq biz də qarşıya qoyulan vəzifənin məsuliyyətini, bunun dövlət və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini yüksək dəyərləndirir, bu sahədəki mövcud imkan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə etməyə çalışırıq. Pambıq əkinlərini ildən-ilə genişləndirmək əsas məqsədlərimizdəndir. Keçən il 1268 hektarda pambıq əkmişdik. Hər hektarda 30 sentner məhsuldarlığa nail olduq. Bu il isə əkin sahələrini daha 3677 hektar artıraraq 4945 hektara çatdırdıq. Becərmə dövrü müxtəlif problemlərlə üzləşdik. Pambığın ən təhlükəli zərərvericisi olan sovka ilə mübarizəyə xeyli izafi xərc və artıq əmək sərf etdik. Təbii ki, çəkilən zəhmət hədər getmədi. Təhlükəni sovuşdurduq, məhsulu qoruyub saxlaya bildik.
Artıq bir neçə gündür ki, pambıq yığımına başlamışıq. Sahələr maşınla yığıma hələlik hazır olmadığı üçün məhsul əl ilə yığılır. Ancaq pambıq yığımında üstünlüyü texnikaya verəcəyik. Bunun üçün zəruri hazırlıqlar da görülmüşdür. Tarlalarda yarpaq tökümü üçün dərmanlama davam etdirilir. Bu məqsədlə 13 ədəd çiləyici aqreqatdan istifadə olunur. İndi havalar da pambıqçılıq üçün əlverişli keçir. Yəqin ki, bir həftəyə maşınlarla kütləvi yığıma başlayacağıq. Onu da qeyd edim ki, texniki imkanlarımız xeyli artıb. Keçən il yığımda 6 ədəd maşından istifadə edirdiksə, indi onların sayı 13-ə çatır. Bu günlərdə daha 3 ədəd pambıqyığan maşın alınacağı gözlənilir. 
Mehman Abdullayevin söhbətindən aydın olur ki, pambıqyığan maşınların 7-si bir neçə gün əvvəl gətirilib. Hazırda zavodun həyətində sıra ilə düzülüb. Sürücü- mexaniklər yüksək texniki imkanları olan maşınların başına pərvanə kimi dolanır, onların sazlığını bir daha yoxlayırlar.
Gənc mexanizator Sabir Vəliyevlə iş başında, cərgə ilə düzülmüş pambıqyığan maşınların yanında görüşürük. Mazuta bulaşmış əlini qurulayıb bizimlə salamlaşır. Əhvali-ruhiyyəsi yüksəkdir. Suallarımıza həvəslə cavab verir. Onlar üç qardaşdır. Sabirlə bərabər Vüqar da, Vaqif də sürücü-mexanikdir. Onların hərəsinə bu yeni maşınların biri etibar edilib.
Sabir Vəliyev deyir:
- Keçən il 350 hektardan çox sahənin məhsulunu yığmışam. Bu il daha yaxşı nəticə qazanacağam. Çünki sahələr maşınla yığıma yaxşı hazırlanıb. Həm də maşın təzədir. İndi əsl hünər vaxtıdır. Dövlətimizin, Prezidentin pambığa verdiyi qiymət bizi ruhlandırır. Tənbəllik etməyə haqqımız yoxdur. Bərdənin köhnə şöhrətini qaytarmaq bizim şərəfli borcumuzdur.
MKT Bərdə filialının pambıq emalı zavodu da, qəbul məntəqələri də cari mövsümə nümunəvi qaydada hazırlanıb. Sutkalıq gücü 75 ton xam pambıq emal etməyə çatan zavodda avadanlıqların xeyli hissəsi yenilənmişdir. Keçən il 40,2 faiz mahlıc çıxımı əldə edən emalçılar bu il nailiyyəti daha da möhkəmləndirmək əzmindədirlər. Laboratoriyada da müasir müayinə cihazları quraşdırılmışdır. İndi çox qısa zaman ərzində təhvil verilən pambığın keyfiyyət göstəricilərini təyin etmək mümkündür. 
Sürücü-mexaniklər maşınla pambıq yığımına başlayacaqları günü səbirsizliklə gözləyirlər. Günəşli günlər bu intizarın ömrünü hər gün, hər saat daha da azaldır. Ağ örpəkli, bol məhsullu tarlalar hünər meydanına çevrilməkdədir.

Lazım QULİYEV,
“Azərbaycan”