Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Sentyabr , 2017

Ananın fəxri

Otağın qapısı astaca döyülür. İçəri körpəsi qucağında cavan bir qadın daxil olur. Ananın intizarlı baxışları həkimin sakit üzünə dikilir. Həkim anlayır, ki: ”Ana qəlbi narahatdır, onu körpəsinin taleyi düşündürür.Görünür vəziyyət ciddidir”.

     Bir andaca hər şey hazırlanır. Həkim uşağı müayinə edir. O, xəstəliyi, onun səbəblərini araşdıra-araşdıra ananı sorğu suala tutur. Bir azdan həkimin düyünlənmiş alnı açılır, arxayın nəfəs alır: “Hər şey yaxşı olacaq” deyir. Ana da sevinir. Sevinir  ki, balası yaşayacaq, bax elə bu həkim onu xəstəliyin pəncəsindən qurtaracaqdır.

     Rayonumuzdakı uşaq xəstəxanasının uşaq cərrahiyyəsi şöbəsində hər iş  günü beləcə başlayır. Gündə onlarla xəstə həkimə müraciət edir, ondan kömək gözləyir. Şöbədə xəstələri gənc həkim  - Şöhrət Əhmədov qəbul edir.

     Bəzən də belə olur: Cərrahiyyə ehtiyacı olmayan xəstənin valideyni gəlib  təkid  edir  ki, onu Şöhrət həkimin yanına aparsınlar. Uşağını yalnız ona göstərməlidir. Inananda  ki, həkimə  müraciət edib onda bir kömək alacaqsan, elə bil xəstəlik də azalır.

     Bəs Şöhrət həkimi adamlara  evdirən nədir ?

     Tibb İnstitutunun pediatriya fakultəsini  fərqlənmə diplomu  ilə bitirən Ş.Əhmədov təyinatını doğma rayonuna –Bərdəyə aldı. Xəstəxanada cərrah işləməyə başladı. İnstitutda fərqlənən Şöhrət  şəfalı əlləri ilə az müddətdə sevildi, tanındı. Həkim üçün  xalq tərəfindən sevilməkdən, el məhəbbətindən qiymətli heç nə yoxdur. Uşaq həkimi  üçün isə körpə təbəssümü, körpə sevinci əvəzsizdir.

     Bir də ki, onun haqqında hamı minnətdarlıqla danışır. Yanından nayümid  qayıdan olmayıb deyirlər.O, çətinlikdən  qorxmur, hər zirvəni  özünə başlanğıc  sayır. Şöhrət  həkimlə  söhbət  edirəm. Bir az zabitəlidir,kəskin danışığı var. Peşəsini ürəkdən  sevir.

     ...Söhbətimiz qırılır.Yeni xəstə gəlir. Şöhrət həkim işə başlayır. Bayaqdan zabitəli görünən həkim mehribanlaşır, uşaq dünyasına qayıdır, o aləmi yaşayır. Həkim arabir dillənir :

     -Uşaqları duymaq, onları başa düşmək deməkdir. İnsanların, xüsusilə gələcəyimiz olan körpələrin sağlamlığı  keşiyində durmaq bizim ən ümdə borcumuzdur. Xəstələrimizin taleyi bizi həmişə düşündürür. Onları yalnız müalicə etməklə öz  vəzifəmizi bitmiş hesab etmirik . Evə buraxılan xəstələrə vaxtaşırı baş çəkir, onları dispanser uçotuna alırıq.

     Şöhrət məni otağa daxil olan ağ xalatlı bir qadınla tanış edir :_Həyat yoldaşımdır,-deyir. - Mehribanla institutu birgə qurtarmışıq. Eyni sahədə işləməyin bizə çox köməyi  olub. Çətin anlarda  bir-birimizlə məsləhətləşirik.

     Şöhrət Əhmədovun adı rayonumuzun hüdudlarını aşıb. Onun yanına qonşu rayonlardan da xəstə gəlir, onun sənətkar əllərindən şəfa tapır.

     -Tez-tez kəndimizə-Əyricəyə gedirəm, -deyə Şöhrət sözünə davam edir. Kənddə mənə müraciət edənlərə əlimdən gələn köməyi əsirgəmirəm. Həkim hər yerdə həkimdir. Düşdüyü şəraitdən aslı olmayaraq o həmişə insanların xidmətində durmalıdır. Həkimin ən adi səhvi insan ömrü bahasına başa gələ bilər. Gürsətdən istifadə edib valideynlərə bir neçə məsləhət vermək istərdim. Qoy onlar xəstə uşaqlarını vaxtında həkimə göstərməyi unutmasınlar. Nədənsə rayonumuzda belə bir fikir yürüdürlər ki, guya yanıqdan sonra yaranan eybəcərliklər, anadangəlmə anomaliyalar, sümüyün  deformasiyası və bir çox xəstəlikləri müalicə etmək olmur. Ancaq müasir təbabət bu cür xəstəliklərin qarşısında aciz deyil. Qoy valideynlər anadangəlmə xəstəlikdir deyib uşaqlarını şikəst  etməsinlər. Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq bizim borcumuzdur.

     Şöhrət Əhmədov haqqında xəstəxananın baş həkimi  Cavanşir Rüstəmov həvəslə danışır. Deyir ki, kollektivimizdə hamı Şöhrətə həm bilikli həkim, həm də qayğıkeş insan kimi  hörmət edir. Son vaxtlar cərrahiyyəsi şöbəsinə yeni-yeni avadanlıqlar gətirmişik. Daha çətin əməliyyatlar üçün hər cür şəraitimiz var. Bunların çoxu Şöhrətin təşəbbüsü ilə alınıb. O, özünə qarşı çox tələbkardır. Mən onun gələcəyinə inanıram. İnanıram ki, bir neçə vaxtdan sonra Şöhrət təkcə rayonumuzda deyil, respublikamızın hər yerində tanınan həkimlərdən biri olacaq. Anası Əzizə xala belə oğul böyütdüyünə görə fəxr edə bilər. İndi Şöhrət təkcə Əzizə xalanın deyil, bütün elin Şöhrətidir.

Fimar Qaziyeva, S.M.Kirov adına A D U-nun jurnalistika fakultəsinin tələbəsi.