Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Sentyabr , 2017

“A”-dan  başlanan cığır

     Yenə də sentyabr günləri üzümüzə gülür. Yenə də məktəblər çiçək-çiçək balaların  şən səslərinə bürünür. Hansı məktəbin yanından keçiriksə, qaçdı-tutdu oynayan  uşaqların səslərini, ya da dərsi izah edən müəllimlərin məlahətli  avazını eşidirik. Yadıma birinci sinfə getdiyim günlər düşür. Bax onda da beləcə idi. Qayğıkeş  müəllimlərimizin nəvazişini, mehribanlığını hələ də unutmamışam. Bax bu düşüncələr içində nə vaxt  şəhər 1 nömrəli orta məktəbin I “b” sinifinin qapısı ağzında dayandığımı bilmirəm. Elə bilirəm ki, yenə də birinciyəm. Dərsə gecikmişəm. Qapını döyürəm. İçəridən məlahətli qadın səsi eşidilir: -“ Buyurun”.  Ehtiyatla qapını açıram. İlk dəfə uşaqların maraq dolu baxışları ilə qarşılaşıram. Ani sükutdan sonra dillənirəm :

     -Salam, uşaqlar !

     Sinifdəki  29 nəfər birincinin hamısı bir nəfər kimi ayağa qalxır. Bir ağızdan ucadan deyirlər.

     _Salam, müəllim. Gəlişimizin məqsədini  Zəhra müəlliməyə bildirib arxa partaların birində əyləşirəm. Sinfə nəzər salıram. Xəyal məni öz qanadlarına alıb keçmiş günlərə qaytarır. Bəzilərimizin boyu partaya çatmırdı. Yazı yazanda ayağa dururduq.  Müəllimə  qulaq asanda kimimiz ayağağımızı yellədirdik, kimimiz də qələmin ucunu ağzımıza salıb dişlərimizlə bərk-bərk tuturduq. Müəllim  nə qədər tapşırırdısa yenə də öz adətimizdən əl çəkmirdik... Zəhra müəllimənin səsi  məni xəyaldan ayırır.

     _Vəfa, qızım keçən dərs hansı hərfi  keçmişdik ?

     Balacaboy, toppuş, saçına qırmızı lent bağlamış qız ayağa qalxır.

     -“A” hərfini.

     Müəllimə onu yazı taxtasına çağırır. Vəfa təbaşiri əlinə alır, onu yazı taxtasının üzərində gəzdirir. Çətinlik çəkmədən  “A” hərfini  yazır.

     Sonra müəllim  “A” hərfi  ilə başlanan sözləri uşaqlardan soruşur. Balaca incə əllər havaya qalxır. Samirə, Natiq, Həqiqət və başqaları  “A” hərfi ilə başlanan çoxlu söz söyləyirlər.  Zəhra müllimə onların cavabından razı qalır.

     Zəhra müəllimə yeni hərfin –“H” hərfinin yazılışını uşaqlara öyrətməyə başlayır. Bir-bir onların əllərindən tutub düzgün yazmağı  öyrədir... Birincilərlə, onların yeni dünyası ilə ayrılıram. Zəhra müəlliməyə bu çətin və şərəfli yolda uğurlar diləyirəm. Məktəbin direktoru Qəndab Qafarova ilə görüşürük: O, Zəhra Rüstəmova haqqında fəxrlə danışır :

     _Zəhra müəllimənin zəngin təcrübəsi vardır. O, iyirmi ilə yaxındır ki, gənc nəslə ilk dəfə qələm tutmağı öyrədir. Həmişə də öz işinin məsuliyyətini dərindən hiss edir. Bilir ki, o, ucaldılan binanın təməlini qoyur.

Ramiz Cabbarov.