Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Sentyabr , 2017

 İllər ...illər...

     Başını əllərinin arasına alır : ”Dayan, dayan... Qoy bir əməlli fikirləşim. Hə, yanılmışam deyəsən”. Hələ o qədər də kəsərdən düşməmiş hafizəsi yenidən “bülövlənir”. Uzaq illərin bürküsündə daldalanmış hadisələr təzədən yada düşür. Söhbət uzandıqca uzanır. Eşitdikcə eşitmək istəyirsən.

     Bəzən tərsinə də olur. Nə qədər çalışırsa vaxtı dəqiqləşdirə bilmir. Elə bil ki, illərin zümrüd qatarı hardasa qırılıb, ”kəhrəbalardan “ hansısa itib-gedib. Elə belə, təxmini danışmağı da xoşlayan deyil. Ona görə də belə anlarda stolun gözünü qabağa çəkir, sənədlər qovluğunu çıxarır, eynəyini təzədən gözünə taxır. Sənədlər də ki, nə qədər olarmış! Hərəsi də müxtəlif əlifbalarla, latın, hətta şərq əlifbası ilə yazılmış mətnləri görəndə adam qəribə hisslər keçirir. Ağlına nə gəlirsə, onları ehtiramla əlindən alıb özü oxuyur, izah eləyir:

     -Bax bu, Şuşada  “nəşri-maarif” məktəbində oxuduğum vaxtların yadigarıdır. Bizə Mirzə Dadaş dərs deyərdi. Bilirsən nə gözəl müəllim idi! Bax bu Gəncədə “fəhlə fakultəsi”ndə oxuduğum dövrümdür. İyirmi dördüncü ildə Şuşadan Gəncəyə köçmüşdük. Burada gündüz işləyib, gecələr fəhlə fakultəsində oxuyurdum...Bu isə “Udar” qəzetinin nişanəsidir.

     Nimdaş vəsiqəyə diqqətlə baxırıq. Burda İman Qurbanovun “Udar” qəzetinin ştatdankənar müxbiri olduğu təsdiq edilib. Möhrün ucunda tarix də yazılıb:1931-ci il.

     Təsəvvür edirəm ki, indi bu sizə qəribə gələr, -deyə eynəyini gözündən  çıxarır. Əllərinin yüngülcə səyriməsindən həyəcan keçirdiyi hiss olunur. -O vaxtlar müxbirlik böyük cəsarət idi. Hədələr, qorxular..Mənim də başıma az gəlməyib.

     60 illiyini bayram etməyə hazırlaşdığımız Böyük Oktyabr bütün yaşıdları kimi, onun da həyatında silinməz izlər buraxmışdır. Azərbaycanda Aprel inqilabı günlərində onun 13 yaşı tamam olub. Bəzi epizodik hadisələri xatırlayır.Yeni dövr hər bir azərbaycanlı kimi, onun da qarşısında yeni qapılar açır. Orta təhsilini tamamlayıb tibb instituna daxil olur. Otuzuncu illərin əvvəllərində stomotoloq  sifəti ilə Gəncənin fəhlə rayonunda  həkimliyə başlayır.

     Həkimlik fəaliyyətinin 32 ilini Kirovabadda keçirib. O illər unudulmaz hadisələrlə zəngindir. Kirovabadda stomatoloji poliklinikanın açılmasındakı fəaliyyətini haqlı olaraq  özünün ən böyük  xidməti hesab edir. Bu, Azərbaycanın rayonlarında stomatologiya  üzrə ilk amblatoriya idi.Həmin illərdə təkilləşdirmə institutunda təhsil alıb, ikiillik marksizm-leninizm universitetini bitirib. Özünün yaratdığı amblatoriyada, habelə şəhər  səhiyyə şöbəsində rəhbər vəzifələrdə işləyib. Uzun illərin əməyi  “səhiyyə əlaçısı”  döş nişanı ilə qiymətləndirilib.

     _Gəncədə məni yaxşı tanıyırlar, -deyir. -Özü də çox yaşamalı şəhərdir. Heç ağlıma gəlməzdi ki, ordan ayrılaram. Amma iş elə gətirdi ki, altmış dördüncü ildə Bərdəyə köçdüm...

     Bəli, Bərdədə stomatoloji poliklinikanın açılışı onun adı ilə bağlıdır. Təcrübəli həkim təşəbbüskarlıq  göstərib, nazirlik qarşısında məsələ qaldırıb, nəhayət, istəyinə nail olub. Respublikanın rayonlarında Kirovabaddan sonra ikinci stomatoloji amblatoriya Bərdədə açılmışdır. İndi İman Qurbanovun rəhbərlik etdiyi bu sağlamlıq ocağı ildə təxminən  40-45 min nəfərə xidmət göstərir. Ağdam, Yevlax, Mirbəşir, Ağcabədi və digər ətraf rayonlarından buraya çoxlu xəstə gəlir  

     -İndi  yaşamaq kimi oxumaq, işləmək də asandır, -deyə həkim söhbətinə davam edir. -Odur, bizim uşaqlardan ikinci elmi işçidir, ikisi ali məktəbdə, biri orta məktəbdə oxuyur. Düşünürəm ki, mənim kimilərə daha nə lazımdır?! Hə...Bircə bunu xahiş edirəm ki, bir yerdə qeyd eləyəsən: qoy gənclər, ümumən hamı dişinin sağlamlığı qeydinə qalsın. Mən deyərdim ki, adamın ömrü dişinin altındadır, dişin saflığından çox şey aslıdır.

     Misallar çəkməyə, özünün biavasitə şahidi olduğu hadisələr danışmağa başlayır. Hamısı da yerli yerində: adlarla, familiyalarla, tarixlərlə. Eh, danışmaqla qurtaran deyil ki, onlar...

Xasay Mehdiyev.