Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Diyarşünaslıq
19 Sentyabr , 2017

Bu səs o səsdimi?

     Addımlarımı yeyinlədirəm. Gecikə bilərəm. Ürəyimdə yenə də özümü danlayıram. Bir də saata baxıram. Yüyürmək istəyirəm. Gözlərim isə rəfiqəmi-Zemfiranı axtarır. Çalınan zəngin cingiltili  səsi qulaqlarımda əks-səda verir. Tələsik özümü məktəbə çatdırıram. Bir an duruxuram. Hansı sinfə daxil olum ? Yolboyu  yaşadığım şirin xəyallardan ayrılıram. Axı, mən şagird deyiləm. İti addımlarla müəllimlər otağına üz tuturam. Qapını açarkən əlində jurnal dərsə tələsən sinif müəllimi Gülsüm Əhmədova ilə qarşılaşıram. Gülsüm müəllimə ikinci sinfə daxil oluruq. Gül balalar ayağa qalxır və nəfər kimi salamımızı qəbul edirlər.

     -Əyləşin uşaqlar, -deyə məktəbə ilk qədəm qoyanlara qələm tutmağı öyrədən xoş simalı, həlim təbiətli G.Əhmədovanın mülayim səsi eşidilir.

     Mən uşaqların ürkək,  təəccüb və maraq dolu baxışları altında keçib arxadakı boş skamyada əyləşirəm.

     G.Əhmədova jurnalı hazır-qayıb etdikdən sonra üzünü sinfə  tutur :

     -Uşaqlar, dərsə kim hazırdır ?

     Şagirdlərin hamısı əlini qaldırır.

     Müəllim jurnala baxaraq Zərifə Qasımovanı keçmiş dərsi danışmağa çağırır.

     Qabağa öz adını uyğun zərif görkəmli bir qız çıxır.

     Zərifə “Oktyabr uşaqları” şerini əzbərdən səlis və aydın səslə söyləyir.

     Niyazi Cəfərodan da müəllim razı qalır. Zərifənin də Niyazinin də gündəliyinə ana dilindən “5” yazılır.

     Gülsüm müəllim keçmiş dərsi soruşduqdan sonra yeni dərsi tələsmədən, hərtərəfli izah edir və dərsi yekunlaşdırır.

     Zəng çalınır. Dərsin gedişindən razı halda sinifdən çıxırıq.

    Gülsüm müəllimin şagirdləri həmişə onun başını uca etmişlər. 28 ildir ki, o, ömrünü ərköyün, xoşbəxt  böyüyən uşaqlarımızın tərbiyəsinə həsr etmişdir.

      Onun yetişdirmələri çoxdur. Özü ilə çiyin-çiyinə çalışanları da vardır. Coğrafiya  müəllimi Şahin Verdiyev, dil-ədəbiyyat müəllimi Nigar Tağıyeva ana Vətən kəlməsini qoşa yazmağı ilk dəfə Gülsüm müəllimdən 7 nömrəli səkkizillik məktəbdə öyrənmişlər.

     Məktəbin direktoru Rasim Hacıyevlə söhbət edirik. Rasim müəllim də Gülsüm müəllimdən razılıq edir. O, həmçinin başqa təcrübəli, qayğıkeş müəllimlərdən-Ülkər Sadıqovanın, Mədət Həsənəliyevin, Sabir Qarayevin, Surə Hacıyevanın, Nuridə Əliyevanın bir  müəllim kimi yaxşı işlərindən ürəklə danışır.

     R.Hacıyev həm də məktəbdə görülmüş işlərdən, məktəb üzrə mənimsəmə faizindən söhbət açdı: -Keçən tədris ilində məktəb üzrə mənimsəmə 99 faiz bu tədris ilinin birinci rübündə isə 94 faiz olmuşdur. Birinci sinif şagirdləri isə savad təliminə artıq tam yiyələnmişlər.

     Məktəbdə yeni kabinə -IV-VIII sinifləri  əhatə  edən  proqram materialları üzrə nümunəvi  Azərbaycan dili və ədəbiyyat kabinəsi təşkil edilmişdir.

     Gur işıqlı sinif otaqlarından, səmimi, mehriban bir  kollektivdən, boynu qalstuklu, yaxası oktyabryat nişanlı məktəblilərdən ayrılıram.

     Bir az aralıdan şagirdləri dərsə çağıran zəng səsini eşidirəm. Dayanıram. Bu səs o səsdimi? Məni dəmi öz ağuşuna çağırır bu səs? geri qayıtmaq, yenidən o günləri yaşamaq istəyirəm.

Şükufə Əliyeva.