Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
13 Sentyabr , 2017

Bünövrə möhkəm və etibarlı olarsa

Yüksək intellektual səviyyəyə malik fəal vətəndaş, vətənini, xalqını canından artıq sevən yeni nəsil formalaşdırmaq məqsədilə Azərbaycan məktəbinin qarşısına qoyulan vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da prioritet hədəf olaraq qalır. Dövlətin qayğısı hesabına rayonda təhsilin maddi-texniki bazası ildən-ilə möhkəmlənir.

Yeni məktəb tikintisi, mövcud ümumtəhsil müəssisələrinin cari və əsaslı təmiri, məktəblərin yeni avadanlıq və inventarlarla təminatı, müəllimlərin maddi və mənəvi maraqlarının dövlət səviyyəsində təmin olunması təhsildə qazanılan böyük uğurların bünövrəsini təşkil edir. Bərdə Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov deyir ki, bu gün parta arxasında əyləşən şagird sabah dövlət strukturunda müxtəlif sahələrin idarə olunmasında iştirak edəcək potensial kadrdır.  Sabahımızın qurucuları olan bugünkü şagirdlərin intellektual səviyyəsinin, elmi dünyagörüşünün, həyata real baxışının bünövrəsi məhz orta məktəbdə qoyulur. Bu bünövrə möhkəm və etibarlı olarsa, onun üzərində yüksəkliklərə ucalmaq çətinlik yaratmır. Bu baxımdan müəyyən edilmiş hədəfə hər il daha da yaxınlaşırıq. Orta ümumtəhsil məktəblərinin qarşısına qoyulan əsas vəzifə hərtərəfli inkişaf etmiş, elmli, müasir dünyagörüşlü yeni nəsil yetişdirmək olsa da, ali məktəblərə qəbulun nəticələri ümumi işə verilən qiymətdə böyük əhəmiyyət kəsb edir. Bu sırada son beş ilin yekunları xüsusilə ürəkaçandır. Əgər 2012-ci ildə rayonumuzdan ölkənin ali məktəblərinə 283 nəfər qəbul olunmuşdusa, bu il 469 nəfər məzunumuz tələbə adı qazanmışdır. 205 nəfər 200-dən, 33 nəfər isə 600-dən çox bal toplamışdır. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər heç kəsi arxayınlaşdırmır.  Yeni dərs ilinə hazırlığın səviyyəsi də qənaətbəxşdir.

Öyrəndik ki, rayonun nümunəvi  təhsil ocaqlarından olan  Bərdə şəhər 8 saylı tam orta məktəbində cari təmir işləri aparılmışdır. Muğanlı kənd tam orta məktəbində təmirlə yanaşı, əlavə 3 sinif otağı inşa edilmişdir. Qaratəpə kənd ümumi orta məktəbində 86 yerlik modul tipli bina tikilmişdir. Hacılar ümumi orta məktəbində isə 63 yerlik modul tipli binanın tikintisinə yaxın günlərdə başlanacaqdır. Yenidaşkənd tam orta məktəbində isə əlavə sinif otaqlarının inşası nəzərdə tutulur.

Yeni dərs ili ərəfəsində rayonda gündəmin əsas mövzusu bu il ali məktəblərə qəbulun nəticələridir. Rayonun tarixində ilk dəfədir ki, bir ildə 27 nəfər bərdəli məzun Azərbaycan Tibb Universitetinə, 55  nəfər isə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi yenə öncül mövqedədir. Bu məktəbin 7 nəfər məzunu Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur ki, onların 5 nəfəri eyni sinifdəndir. Fərəhlidir ki, məktəb-liseyin builki məzunlarından ali məktəblərə qəbul üçün sənəd vermiş 86 nəfər məzundan 78 nəfəri tələbə adı qazanmış, onlardan 7 nəfəri 600-dən, 15 nəfəri isə 500-dən çox bal toplamışdır.

Ali məktəblərə qəbulda şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərinin qazandıqları nəticələr də qənaətbəxşdir. Uğurlu nəticələrdən danışarkən şəhər 4 nömrəli tam orta məktəbin məzunu Məmmədov Zahid Aqil oğlunun adı xüsusilə çəkilməlidir. O, ABŞ Dövlət Departamentinin FLEX-Gələcəyin liderlərinin mübadiləsi proqramında qalib gələrək Azərbaycandan seçilmiş 12 nəfərdən biri  olaraq Amerikada təhsil   almaq hüququ qazanmışdır.

Artıq yeni dərs ili başlayır. Bərdəlilər bu əlamətdar tarixi - “Bilik günü”nü təhsildə qazandıqları diqqətəlayiq nailiyyətlərlə qarşılayırlar.

 

Lazım  QULİYEV,

“Azərbaycan”