Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
19 Avqust , 2017

Bərdə kənd təsərrüfatında böyük potensiala malikdir

Məlum olduğu kimi, avqustun 4-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsində ölkənin aqrar sektorunda görülən işlər geniş təhlil edilmiş, qarşıya mühüm vəzifələr qoyulmuşdur. Dövlət başçısı müşavirədəki nitqində ölkəmizin ümumi iqtisadi inkişaf perspektivlərini yüksək qiymətləndirərək bu ilin altı ayında iqtisadiyyatın qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində məhsul istehsalının çoxaldığını, ixracın 36, qeyri-neft ixracının 27, kənd təsərrüfatı məhsulları ixracının 40 faizdən çox artdığını, ölkəyə 3 milyard əlavə valyuta gəldiyini, iqtisadiyyata 5 milyard investisiya qoyulduğunu, Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 37-ci yerə layiq gördüyünü bildirmişdir. 

Azərbaycanın 30 rayonunda barama istehsal olunduğunu qeyd edən dövlət başçısı bu sahədə böyük uğura imza atan 10 rayon sırasında Bərdə rayonunun da adını çəkmişdir. Əlverişli təbii şəraitə, münbit torpağa, bol suya malik, bolluq, firavanlıq həvəsli, halal zəhmətə bağlı insanların yaşadığı bu bərəkətli diyar kənd təsərrüfatında böyük potensiala malikdir. Bunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Bərdəyə dəfələrlə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün qayğı və diqqətini əsirgəməmiş, dövlət səviyyəsində zəruri tədbirlər görmüşdür. Ulu öndərin qədim şöhrətə malik Bərdəyə olan isti və doğma münasibətinin davamı olaraq Prezident İlham Əliyevin dəstəyi sayəsində Bərdə indi yeni inkişaf dövrünü yaşayır. 
Kənd təsərrüfatının ənənəvi sahələrində 1970-ci illərin şöhrətini qaytarmaq üçün indi rayonda bütün qüvvələr səfərbərdir. Bərdə kəndlisi həvəslə çalışır, ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr vermək, öz halal zəhməti ilə ailəsinin firavanlığını, xoş güzəranını təmin etmək üçün qüvvə və bacarığını əsirgəmir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev:
- Prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə dayanıqlı inkişafın təmin edilməsi üçün seçilmiş 9 strateji hədəf və 36 prioritet istiqamətlərə uyğun olaraq aqrar sektorda dinamik inkişafa nail olmaq üçün mövcud torpaq sahələrindən, əmək ehtiyatlarından maksimum səmərəli istifadə etməyə çalışırıq. Bərdə ötən əsrin 70-ci illərində respublikanın pambıqçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdı. Ulu öndər Heydər Əliyev Bərdənin malik olduğu potensialı yüksək dəyərləndirərək rayonda pambıqçılığın inkişafına xüsusi qayğı və diqqət göstərmişdir. Nəticədə həmin dövrdə Bərdə ildə 100 min tondan çox pambıq istehsal edirdi. Bu rəqəmin arxasında torpaqda çalışan insanların xoş güzəranı, həyat firavanlığı dayanırdı. O günlərin şahidi olan İlham Əliyev Prezident seçildikdən sonra kənd təsərrüfatının ənənəvi sahələrini inkişaf etdirməyi prioritet vəzifə kimi qarşıya qoydu. Onun bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr ölkəmizin aqrar sektorunda qeyri-adi bir canlanma yaratdı. Kənddən küsdürülmüş insanlar yenidən mehrini torpağa saldılar. Başqa sözlə, dövlət-kəndli-torpaq münasibətləri çağdaş günümüzün aktual tələblərinə uyğun olaraq fərqli forma və məzmunla zənginləşir, sürətli inkişafın, yüksəlişin uğur stimuluna çevrilir. İndi kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıqda, baramaçılıqda inkişaf tempi faizlərlə deyil, dəfələrlə hesablanır. Əgər 2015-ci ildə rayonumuzda 3292 ton pambıq istehsal edilmişdisə, 2016-cı ildə bu göstərici 2,1 dəfə artıq oldu. 2017-ci ildə isə əvvəlki ildəkindən 2,8 dəfə çox pambıq əkilmişdir. Yüksək aqrotexniki qaydalar əsasında becərilən tarlalar bol məhsuldan xəbər verir. Baramaçılıqda da vəziyyət ürəkaçandır. Keçən il 4470 kiloqram barama istehsal edən kümçülərimiz bu il barama tədarükünü 3 dəfə artırmışlar. 
Rayonun ayrı-ayrı təsərrüfatlarında olub, zəhmət adamları ilə görüşüb hal-əhval tutduq. Hər yerdə əmək coşqunluğunun, yüksək əhvali-ruhiyyənin şahidi olduq. İndi pambıqçılıqda məhsul dövrüdür, bartoplama aylığıdır. Rayon icra hakimiyyətində yaradılmış qərargah kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda zəruri tədbirlərin həyata keçirilməsində səmərəli təşkilatçılıq rolu oynayır. Məhz bunun nəticəsidir ki, yayın bu qızmar günlərində də tarlaların suvarılmasında heç bir problem yaşanmır. Hazırda tarlaların üçüncü suvarması gedir. Kollar sürətlə bara dolur. Bu il pambıq əkilmiş 8518,5 hektar sahənin hər qarışından yüksək məhsuldarlıq gözlənilir. Məhsul bolluğuna qoyulan etibarlı bünövrədə rayon suvarma sistemləri və subartezian quyularının istismarı idarələrinin kollektivlərinin də böyük əməyi var. Onların səmərəli fəaliyyəti sayəsində pambıqçılar sudan korluq çəkməyiblər.
Rayonun pambıqçılıq təsərrüfatlarında olduğu kimi, baramaçılıq sahəsində də işlərin gedişi qənaətbəxşdir. Bol və etibarlı yem bazası baramaçılıqda vacib şərtdir. Bu mühüm tələb əsas götürülərək keçən il rayonun 11 kəndində 60712 tut tingi əkilmişdir. Mövcud çəkil ağacları səliqə ilə budanmışdır. İndi kəndlərdə 180 kümxana tikilir. Rayonun daxili imkanları hesabına təxminən 150 mindən çox çəkil tingi becərilir. Gəlirli sahə olan baramaçılıqdan yaxşı qazanc götürülür. Təkcə bu il barama saxlamış ailələrin ümumi gəliri 113 min manatdan çox olmuşdur. Gələn il barama istehsalını 16 tona çatdırmaq əzmində olan kümçülərin gəliri, təbii ki, daha çox olacaq.

Lazım QULİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”