Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
12 İyul , 2017

Bərdə Bələdiyyəsi quruculuq işlərinə təşəbbüskarlıqla qoşulmuşdur

Ölkəmizdə bələdiyyələrin yaranması, onların hüquqi bazasının formalaşdırılması məhz müstəqil Azərbaycan Respublikasının memarı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu müəyyənləşdirilmişdir. 1999-cu ilin dekabrında isə ölkəmizdə azad, demokratik yolla ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir.

Beləliklə, ulu öndər Heydər Əliyevin qətiyyəti və böyük səyi ilə dövlət quruculuğu sahəsində aparılan uğurlu islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradılmışdır. Ümummilli liderin təşəbbüsü ilə formalaşan bələdiyyə sisteminin fəaliyyətini onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Məhz cənab Prezidentin son illər qəbul etdiyi qərarlar nəticəsində bələdiyyə sistemində şəffaflığın qorunması, habelə onların fəaliyyətində nağdsız ödənişlərin tətbiqi neqativ halların  qarşısını alıb. Bu addımlar bələdiyyələrin cəmiyyətdə nüfuzunun yüksəlməsinə müsbət təsir edib.

Respublikamızın digər rayonlarında olduğu kimi, son illər Bərdə Bələdiyyəsinin fəaliyyətində də ciddi uğurlar əldə olunmuşdur. Bu, özünü bir sıra sahələrdə göstərməkdədir. Qeyd edək ki, hazırda ölkə bələdiyyələri yerli özünüidarəetmə orqanı olaraq öz hüquqlarını yerinə  yetirən və öhdəsinə götürdüyü hər bir problemi layiqincə həll edən bir təsisatdır. Bu qurumlar içərisində Bərdə Bələdiyyəsinin də özünəməxsus yeri vardır.

Bərdə Bələdiyyəsinə 2015 – 2017-ci illərdə vətəndaşlar müxtəlif müraciətlər  ünvanlamışlar. Bunlar, əsasən, aztəminatlı ailələrə maliyyə yardımlarının göstərilməsi və onlar üçün həyətyanı sahələrin ayrılması ilə bağlı olmuşdur. Sakinlərin müraciətlərində küçə və məhəllələrdə rast gəlinən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi tələbi kimi məsələlər də əksini tapmışdır. 

Yeri gəlmişkən, bəhs edilən dövrdə Bərdə şəhər bələdiyyəsinə ünvanlanan müraciətlərin bir çoxu yerindəcə həll edilmiş, yerdə qalan məsələlər isə aidiyyəti orqanlara yönəldilmişdir. Bütün bunlar sakinlərlə  səmimi münasibətlərin qurulmasına və yerlərdə bələdiyyələrə daxil olan şikayətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Qeyd edək ki, Bərdə şəhər və kənd əraziləri üzrə, ümumilikdə, 66 bələdiyyə orqanı fəaliyyət göstərir ki, həmin  qurumlarda 584 üzv və 231 işçi çalışır.  Azərbaycanda bir sıra ilklərə Bərdə Bələdiyyəsi imza atmışdır. Respublikamızda Bərdə şəhər bələdiyyəsində çalışan işçilər ilk dəfə vahid geyim forması ilə təchiz olunmuşlar. Xatırladaq ki, Bərdə Bələdiyyəsində son iki ildə görülən işlər hesabına vergi yığımı 3 dəfə artmış, bütün bələdiyyələr kompüterlərlə təchiz edilmiş, vergi ödəyiciləri ilə maarifləndirmə işlərinin aparılmasında  mühüm addımlar atılmışdır.

Sadaladığımız faktları məhz Bərdə Bələdiyyəsinin qazandığı uğurlardan hesab etmək olar. Əgər bu gün                rayonun ən ucqar kəndləri  belə sürətli internet zolağı ilə təmin olunubsa, bu, regionda davam edən sosial-iqtisadi irəliləyişin göstəricisidir. Məhz bu amil Bərdə Bələdiyyələrinin sosial şəbəkələrdə də aktiv olmasına səbəb olub. Doğrudan da, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, hər bir bələdiyyə fəaliyyətinin təbliği üçün imkanı daxilində özünün elektron saytını və yaxud “facebook” səhifəsini yaratmalı, orada gördüyü işlər barədə ətraflı məlumat yerləşdirməlidir. Bu istiqamətdə artıq sistemli işlərin həyata keçirilməsinə başlanılmışdır.  Həm sosial şəbəkələrdə, həm də yerli qəzetlərdə bu istiqamətdə təbliğata start verilmişdir. Bərdə Bələdiyyəsi tərəfindən əsası qoyulmuş bu gözəl ənənə, artıq demək olar ki, bütün görüş və toplantılarımızda davam etdirilir. Rayon bələdiyyələri bu sahədə əldə etdikləri təcrübəni öz aralarında paylaşırlar.

2015-ci ildə bizim bələdiyyənin 18 iclası keçirilmiş, iclaslarda 37 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Müzakirə edilmiş məsələlərdən 5-i icarə mülkiyyətinə torpaq sahəsinin ayrılması ilə, 4-ü tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və tədbirlərin həyata keçirilməsinə, maliyyə vəsaitinin ayrılmasına, 9 nəfərə maddi yardımlarla, 19-u isə təşkilati və digər məsələlərlə bağlı olmuşdur.

Bir faktı da nəzərə çatdıraq ki, 2015-ci ildən indiyədək Bərdə Bələdiyyəsi rayonun kənd və qəsəbələrində topladığı vəsait hesabına geniş abadlıq və quruculuq işləri həyata keçirmişdir.  Belə ki, 2015-ci ildə Bərdə şəhərinin  müxtəlif küçələrində xeyli abadlıq işləri görülmüşdür. Heydər Əliyev, Bakı, Koroğlu, Nüşabə, İ.Qayıbov küçələrində avtomobil yolunun sağ və sol piyadalara aid səki yolundakı bardürlər və yol keçidləri rənglənmişdir. E.Əsədov, Ə.Ədilov, Cavanşir, M.F.Axundov, M.Ə.Rəsulzadə və Şəhriyar küçələrində yollar təmir edilmişdir. Bundan başqa,  B.Hacıyev, Qarabağ, Məhsəti, Atatürk küçələrində təmir işləri aparılmışdır. Küçələrdə abadlıq işləri aparılarkən nəqliyyat vasitələrinin hərəkətinə maneə törədən yolkənarı iri ağaclar budanmış, küçələrə 30 maşın qum və çınqıl daşı tökülmüşdür.

Ərazidə su xətlərinin bərpası da diqqətdən kənarda qalmamışdır. Belə ki, bəhs edilən dövrdə yeni yaşayış massivində istismar müddətini başa vurmuş içməli su xətləri yeniləri ilə əvəzlənmişdir. Üzeyir Hacıbəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının həyətləri də qum, şeben və çınqıl daşı tökülərək abadlaşdırılmışdır.

2016-cı ildə də Bərdə Bələdiyyəsi  bir sıra yeniliklərə imza atmış,  şəhərin 20-dək küçə və prospektində abadlıq və quruculuq işləri görmüşdür. İl ərzində şəhərin Heydər Əliyev prospektində, H.Aslanov, Koroğlu, S.Vurğun, İ.Qayıbov, Bakıxanov, A.Əhmədov, Səttərxan,  R.Rza,  B.Hacıyev, M.Cəfərov, N.Hikmət,  M.Hüseynzadə və C.Cabbarlı, Şəhriyar,  Məhsəti,  Atatürk,  A.Əhmədov,  H.Cavid,  Qarabağ  və  Bakı  küçələrində yolkənarı və bardürlər təmir edilmişdir. Gəncə küçəsində isə içməli su kəmərinin yenilənməsi, yolkənarı su arxlarının  təmizlənməsi və sair işlər görülmüşdür.  Ötən il əhaliyə göstərilən sərnişin daşınması xidmətinin yaxşılaşdırılması üçün Bərdə Bələdiyyəsinin  təsisçiliyi ilə “Bərdə Nəqliyyat” MMC yaradılmış və 9 rayon sakini daimi işlə təmin edilmişdir. 

Bələdiyyənin yeniləşdirilmiş loqosu təsdiq olunmuş və “Facebook” sosial şəbəkəsində “Bərdə Bələdiyyəsi” səhifəsi hazırlanaraq istifadəyə verilmişdir.

Yerli (Bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) də yaradılmış və vergi ödəyicilərinin qeydiyyata alınması işlərinə başlanmışdır.

Keçən il bələdiyyənin 24 iclası keçirilmiş, iclaslarda 46 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Məsələlərdən 16-sı icarə və mülkiyyət, 17-si maddi yardımlar, tikinti-abadlıq işləri, 13-ü isə təşkilati və digər məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların müraciətləri bu dövrdə 33 faiz azalmış, vətəndaşlardan  81 müraciət  daxil olmuşdur. Bunlardan 15-i birdəfəlik maddi yardım, 4-ü sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması, 44-ü həyətyanı torpaq sahəsi ayrılması, 8-i tikinti və təmir işləri, 10-u isə müxtəlif mövzularla əlaqədardır. Müraciət edən şəxslərdən 8-i şəhid ailəsi, 13-ü Qarabağ müharibəsi əlili, 15-i məcburi  köçkün, 1-i Çernobıl əlili,  3-ü ehtiyatda olan zabit, 5-i Qarabağ müharibəsi veteranıdır. Maddi yardımla bağlı 9, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 14, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 2 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı cavablar göndərilmişdir. 11 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq, vətəndaşlara izahat verilmişdir. Hesabat dövründə 1232 vətəndaşı bələdiyyə sədri fərdi şəkildə qəbul etmişdir.

İl ərzində bələdiyyəyə müxtəlif təşkilatlardan 121 sənəd və məktub daxil olmuş, bunlardan 8-i rayon icra hakimiyyətindən, 5-i nazirliklərdən, 108-i digər idarə və təşkilatlardan daxil olmuşdur. Sənədlərə operativ baxılaraq, müvafiq cavablar göndərilmişdir. Tövsiyə xarakterli məktublar, qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün müvafiq şöbə və komissiyalarda saxlanılır.

Bələdiyyə büdcəsinin illik gəlirləri 157,246,8 manat olmuşdur. İl ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki və hüquqi şəxslərdən toplanan əmlak, torpaq və reklam vergisi ödənişində müşahidə edilmişdir.
İlboyu bələdiyyə büdcəsindən 156613,1 manat vəsait xərclənmişdir.

Analoji işlər 2017-ci ildə də davam etdirilmişdir. Bərdə şəhər bələdiyyəsinə sakinlər tərəfindən edilən müraciət dinlənilmiş, həlli mümkün məsələlər yerindəcə həll edilmiş, digər müraciətlərlə bağlı isə vətəndaşlara hüquqi yardım göstərilmişdir. 2017-ci ilin  birinci rübündə  bələdiyyə büdcəsinin gəlirləri 34, 254,9 manat olmuşdur. Bələdiyyə büdcəsindən 32, 356, 8 manat vəsait xərclənmişdir.

Ötən müddət ərzində rayonda yüksək səviyyədə bələdiyyə-seçici münasibətləri qurulmuşdur. Hər bir bələdiyyə onun seçicilər tərəfindən seçildiyini və bu etimadı doğrultmaq üçün şəffaflığı təmin etməklə gördüyü işlər barədə hər an vətəndaşlar qarşısında hesabat verməyi özünə borc bilir.  Seçicilərlə mütəmadi olaraq görüşlərin təşkili, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində addımların atılması bələdiyyə sədrlərinin qarşısında dayanan əsas vəzifələrdir. Bu müstəvidə məhz səmimi münasibətlərin qurulması ötən illərlə müqayisədə rayon bələdiyyələrində vergi yığımının əhəmiyyətli dərəcədə artmasına və ən əsası sakinlərin şikayətlərinin azalmasına səbəb olmuşdur. 

Hazırda respublikamızda Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı tətbiq olunur. Bərdə Bələdiyyəsi də bu proqramın vacibliyini tam məsuliyyətilə dərk edir və bu layihədən kənarda qalmır. BAMS-ın üstünlüyü bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılmasında, habelə vergi və ödənişlərin uçotunun aparılmasında, tədiyyəçilərlə ünsiyyətin daha sivil formada qurulmasında, şəffaflığın təmin olunmasındadır. Ötən ilin oktyabrından istifadəyə verilən proqramın bələdiyyələr üçün mühüm əhəmiyyəti var. İlkin vaxtlar bu proqramın istifadəsində müəyyən çətinliklər olsa da, az sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görməyə başlamışlar. 

Bərdə Bələdiyyəsində BAMS-ın tətbiqi sakinlərə verilən bildirişilərin operativ hazırlanmasında, vergi ödəyiciləri barədə daha dolğun məlumatın məsuliyyətin artırılmasında, vergilərin toplanmasında və s. müsbət  rolu var.

Bərdə Bələdiyyəsi torpaq sahələrinin idarə edilməsini xüsusi diqqətdə saxlayır. Bu məsələyə ona görə həssaslıqla yanaşılır ki, əvvəla,  respublikamızda həyata keçirilən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. İkincisi, torpaq islahatının vəzifələri respublika ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, onların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.

Məhz bunlara görə, bələdiyyəmiz zəbt olunmuş torpaqların araşdırılıb üzə çıxarılması, bu torpaqların vətəndaşlara (zəbt edənə) təklif olunaraq yenidən qanunlar çərçivəsində satışını və imtina olunduğu halda bələdiyyənin ehtiyat fonduna qaytarılmasını həyata keçirir.

Göründüyü kimi, Bərdə Bələdiyyəsinin uğurları və gördüyü işlər gündən-günə artır. Bütün bunların arxasında isə təşəbbüskarlıq, məsuliyyət və gərgin əmək nəticəsi dayanır.

Sonda bir daha qeyd edək ki, ölkəmizi tərəqqi və yeniləşmə yoluna çıxarmış sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Bu nailiyyətlərin qazanılmasında icra strukturları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının da önəmli payı var. Əminəm ki, Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bələdiyyələrin cəmiyyətdəki rolunun artırılmasına yerli özünüidarəetmə orqanları öz əməli işləri ilə cavab verəcək.

Sadiq XƏLİLOV,
Bərdə Bələdiyyəsinin sədri