Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
30 Oktyabr , 2016
Bərdənin Mustafaağalı kəndində təbii qaz

Bu günlərdə Bərdə rayonunun Mustafaağalı kəndinə təbii qaz verilişi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkə başçısının diqqət və qayğısı ilə respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da geniş vüsət almış abadlıq-quruculuq işlərindən danışdı, bu diqqətin bariz nümunəsi olaraq, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığını söylədi. Bildirildi ki, cari ilin ötən dövründə Bərdədə 12 kənd qazlaşdırılmış, 3077 abonentə təbii qaz verilmiş, bu gün isə daha 1 kəndə təbii qaz verilir. Hazırda 3 kənd (Lənbəran, Otuzikilər, Mollalı) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür. Rayon rəhbəri qeyd etdi ki, yaxın vaxtlarda rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək və Bərdə respublikamızda tam qazlaşmış ilk rayon olacaqdır.

Qeyd edək ki, Mustafaağalı kəndinin qazlaşdırılması üçün 65,6 km müxtəlif diametrli polad magistral qaz xətləri çəkilmiş, 61 ədəd siyirtmə, 1 ədəd qaztənzimləyici şkaf, 645 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.

Bu günlərdə 645 ailə təbii qazın gəlişini yüksək əhval-ruhiyyə ilə qeyd edir. Sakinlər üçün qış fəsli ərəfəsində evlərə təbii qazın verilməsi ən böyük hədiyyədir.

Tədbirdə kənd sakinləri Radə Məmmədova, Adil Musayev və başqaları çıxış edərək bu əlamətdar və unudulmaz hadisəyə, əhaliyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Mustafaağalı kəndinə qazın verilməsi münasibətilə təşkil olunmuş mərasimdə çıxış edən millət vəkili Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev kənd sakinlərini və tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etmişlər.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc sakinlərin iştirakı ilə təbii qazın gəlişini bildirən rəmzi məşəli alovlandırmışlar.

Maarif RZAYEV,

“Respublika”.