Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
30 Oktyabr , 2016

Bərdədə nərə balığı...

Ölkədə sahibkarlığın inkişafına yaradılan münbit şərait, bu istiqamətdə həyata keçirilən tədbirlər Bərdə rayonunda da sağlam işgüzar mühit formalaşdırmışdır. Bərdəli sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, uğurlara imza atırlar.

Rayonun Samux kəndi ərazisində yaradılmış balıqçılıq təsərrüfatına Kamran Şəfiyev rəhbərlik edir. Təsərrüfatın istifadəsində olan ümumi su hövzəsi təxminən 30 hektardır. Burada, demək olar ki, bütün işlərə sıfırdan başlayıblar. Göllərin yaradılmasını, binaların, hovuzların inşasını, avadanlıqların, maşın-mexanizmlərin alınmasını əsasən  öz gücləri ilə reallaşdırıblar.

25 il əvvəl təsərrüfatın təməli qoyulanda Kamran dünyaya yenicə göz açmışdı. İşgüzarlığına, qayğıkeşliyinə və qətiyyətinə görə Samux kəndində hamının hörmətini qazanmış Vüqar Şəfiyev qolunu çırmayıb işə başlayanda çoxları düşünürdü ki, ötəri həvəsdi, yəqin, tezliklə əl çəkəcək. Amma belə olmadı. İnadından dönməyən Vüqar bütün gücünü səfərbər etdi. İlk mərhələdə Sahibkarlığa Kömək Milli Fondundan 60 min manat güzəştli kredit götürüb zəruri xərclərini ödədi. Aylar, illər keçdikcə çəkilən zəhmət  öz bəhrəsini verdi, bölgədə ilk olan bu balıqçılıq təsərrüfatı  yavaş-yavaş dirçəldi, ümidləri doğrultdu.

Təsərrüfatla həmyaş olan Kamran da çox zaman dərsdən sonra atası Vüqarla birlikdə gedər, balıqlara tamaşa etməkdən yorulmazdı. Bu bağlılıq gündən-günə artır, Kamranın yaşının üstünə yaş gəldikcə daha ciddi şəkil alırdı. 2009-cu ildə orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda Kamran düşdüyü işgüzar mühitin təsir dairəsindən ayrıla bilmədi. Rusiya Federasiyası Həştərxan Dövlət Texniki Universitetinin İxtiologiya (balıqçılıq) fakültəsini seçdi və bu ali məktəbə qəbul olundu. Orada dinlədiyi mühazirələr, iştirakçısı olduğu maraqlı təcrübələr onun seçdiyi peşəyə marağını daha da artırdı. Ali məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının ən böyük balıq zavodlarından olan “Həştərxan-Bios”da 6 ay təcrübə kursu keçdi.  Kamranın niyyəti vətənə, doğma Samux kəndinə mütərəqqi texnologiyaları, qabaqcıl iş üsullarını yaxşı mənimsəmiş bir mütəxəssis kimi dönmək idi. Elə bu məqsədlə də Moskva şəhərində 3 aylıq ixtisasartırma kursunda, sonra nərə balıqlarının canlı yemlə qidalanmasını öyrənmək üçün daha bir aylıq təcrübədə oldu.

Artıq bir ildir ki, Kamran doğma təsərrüfata dönüb. Buna hamıdan çox sevinən bəlkə də atası olub. Təsərrüfata rəhbərliyi oğluna etibar edən Vüqar kişi deyir ki, indi uğur, nailiyyət qazanmaq üçün elmə, yeni texnologiyaya arxalanmalısan, kortəbii fəaliyyətlə üz ağartmaq mümkün deyil.

Gənc mütəxəssis Kamran Şəfiyev rəhbərlik etdiyi təsərrüfatın qayğılarından həvəslə danışaraq dedi ki, hazırda təsərrüfatda karp və nərə cinsli balıqlar yetişdirilir. Belamur, sazan, naxa, xəşəm, sudak və s. karp cinsli balıqlar yetişdirməkdə artıq xeyli təcrübəmiz var. Nərə cinsli balıq yetişdirməyə təzə başlasaq da, bu istiqamətdə xeyli iş görmüşük. Hələ ki nərə balıqlarının mayalanmış kürüsünü xarici ölkələrdən alırıq. Bu isə böyük xərc tələb edir. Yaxın gələcəkdə törədici balıqlardan kürü ala biləcəyik. Hədəfimiz ildə 80 ton nərə balığı istehsal etməkdir. Hazırda bu istiqamətdə işləri davam etdiririk. Nərə balıqları üçün müasir tələblərə cavab verən hovuzların inşası başa çatmaq üzrədir. Bu yaxınlarda Almaniyadan gəlmiş mütəxəssislər təsərrüfatda işlərin gedişi ilə yaxından tanış oldular. İşlərimizi yüksək qiymətləndirdilər, eyni zamanda dəyərli məsləhətlər də verdilər. Ürəkaçan uğurlarımız çox olsa da, üzləşdiyimiz problem də var. Nərə balıqları üçün yem ölkədə istehsal olunmadığından onu xaricdən almağa məcburuq. Bu, izafi xərc yaradır, məhsulun maya dəyərini yüksəldir. Yaxşı olar ki, mütəxəssislərimiz bu problemin həllinə lazımi diqqət yetirsinlər.

Artıq təsərrüfatda karp cinsli balıqların satışına start verilib. Nərə cinsli balıqların yetişdirilməsi isə davam etdirilir.

 

Lazım QULİYEV,

“Azərbaycan”