Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
22 Oktyabr , 2016

Qüvvət elmdədir

Bərdə şəhər 5  nömrəli tam orta məktəbi rayonun ən qabaqcıl təhsil müəssisələrindən biridir. Məktəb güclü maddi-texniki bazaya malikdir. Bu il dövlət vəsaiti hesabına əsaslı təmir olunub. Görülən işlərdə can yanğısı var. Təmir işləri elə yüksək zövqlə aparılıb ki, heyranlığını gizlədə bilmirsən...

Təhsil ocağının dünəni ilə bu gününü müqayisə edərkən istər-istəməz “kadrlar hər şeyi həll edir” deyimi yada düşür. Teymur Həmidov bu ilin əvvəlində sözügedən məktəbə direktor təyin olunub. 40 yaşı ancaq olar. Bakı Dövlət Universitetinin politologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra Tbilisi Dövlət Universitetinin tarix, daha sonra isə Plexanov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olub.

Kəlbəcərdən didərgin düşən olan Teymur Həmidov əmək fəaliyyətinə Ağdam rayonunun məcburi köçkün məktəbində başlamışdır. Bu məktəb Bərdə rayonunun ən ucqar kəndi olan Məmmədlidə yerləşirdi. Teymur ilk günlərdən ziyalılıq nümunəsi göstərir, müəllimlik peşəsinin məsuliyyətini yüksək dəyərləndirirdi. Çox keçmir ki, onu Bərdənin Cumalar kəndində məktəb direktoru təyin edirlər. Əmək fəaliyyətində növbəti ünvan isə Bərdənin Gərənə kənd orta məktəbi olur. Səkkiz il burada direktor kimi fəaliyyət göstərir, yüksək təşkilatçılıq bacarığı, nümunəvi davranışı ilə kollektivin, kənd camaatının hörmətini qazanır. Ötən dərs ilində Gərənə kənd məktəbinin ali məktəblərə qəbul üçün sənəd verən 10 məzunundan 9-u ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur. Orta məktəbi qızıl medalla bitirən Nərgiz Hüseynli BDU-nun hüquq fakültəsinə daxil olur. Onu da qeyd edək ki, son 20 ildə Bərdə rayonu üzrə heç bir məzun qızıl medal qazanmayıb.

Teymur elmə, biliyə böyük dəyər verən, vətəni, xalqı sonsuz məhəbbətlə sevən, bu yolda canından keçməyə hazır olan ailədə doğulub, boya-başa çatıb. Atası Zakir Həsənov polis işçisi olub. Doğma Kəlbəcərin üzərini qara buludlar alanda, erməni faşistləri bizimlə ədalətsiz müharibəyə başlayanda  o da silaha sarılıb döyüşlərə atılıb. Hünər göstərir, vətənpərvərliyi ilə hər kəsə örnək olur, düşmənə sarsıdıcı zərbələr vurur. Döyüşlərin birində ağır yaralanır, sağlamlığını itirib birinci qrup Qarabağ müharibəsi əlili olur. Sonralar köçkün həyatına uyuşa bilmir, dağlarsız, Kəlbəcərsiz yaşamaq ona çətin olur. Arxada vətəni, xalqı üçün ləyaqətli, qeyrətli üç oğul qoyub köç edir bu dünyadan. Bu gün oğulların üçü də cəmiyyətdə tutduqları mövqeyə, elin-obanın xeyir-şərinə yaradıqlarına, xalq və dövlət üçün faydalı fəaliyyətlərinə görə hörmət qazanıblar. Qardaşlardan biri Seymur Azərbaycan Texniki Universitetini qırmızı diplomla bitirib. Hazırda “Azəravtoyol” ASC-də çalışır. Digər qardaş Natiq isə atasının yolu ilə gedib. Uzun müddət çevik polis alayında qüsursuz fəaliyyət göstərib. İndi isə təqaüddədir.

Sonradan Teymur müəllim Bərdə şəhəri 5 nömrəli tam orta məktəbə direktor təyin olunur. Teymur Həmidov bizimlə söhbətində deyir ki, əsas məqsəd bu məktəbi ölkədə ən qabaqcıl mövqeyə çıxarmaqdır. Bunun üçün ideal şərait var. Dövlətin qayğısı ilə məktəb yüksək səviyyədə əsaslı təmir olunub. Avadanlıqlarla zəngin fənn kabinetləri, laboratoriyalar, iclas və idman zalları var. Məktəbdə müasir istilik sistemi quraşdırılmışdır.

100-dən çox müəllimin çalışdığı, 800 nəfərə yaxın şagirdin təhsil aldığı Bərdə şəhəri 5 nömrəli tam orta məktəbin kollektivi nizam-intizamı, səliqə-sahmanı ilə diqqət çəkir. İllər keçəcək bu məktəbin məzunlarının xoş sorağı ən mötəbər elm mərkəzlərindən, qabaqcıl istehsal sahələrindən gələcək.

 

L.QULİYEV,

“Azərbaycan”