Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
21 Oktyabr , 2016

Bərdədə 4,465 ton barama tədarük edilib 

 Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Bildirilib ki, ilin doqquz ayında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla reallaşdırılıb. Bu dövrdə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib, Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. 11 kəndin 147,5 kilometr yolları əsaslı təmir edilib, 177,4 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək 12 kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, 4 kənd qazlaşdırılır, 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Şəhər 2, 6 və 5 nömrəli, Xanqaraqoyunlu kənd tam orta məktəbləri, kommunal binalar və İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin doqquz ayında rayonda 266,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 9,3 milyon manatlıq sənaye, 126,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 26,9 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.
Aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, 13,7 min hektar taxıl sahəsindən 51,4 min ton məhsul, o cümlədən 40,9 min ton buğda, 10,5 min ton arpa istehsal olunub.
Bu il rayonda 4,465 ton barama tədarük edilib, 3003 hektarda pambıq becərilib. Gələn il 8 ton barama istehsal etmək, 10 hektar sahədə pambıq əkmək üçün tədbirlər görülür. Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə 294 baş ətlik-südlük və 219 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.


Tural