Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
12 Oktyabr , 2016
Şərəfli xidmət başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin geniş, səliqə və sahmanlı həyəti yenə də qələbəlikdir. Respublika  Prezidenti İlham Əliyevin 9 sentyabr 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq Dövlət Xidmətinin rayon şöbəsi növbəti  tədbirini reallaşdırır. Xoş məramlı mərasim çal-çağırı, yüksək əhvali-ruhiyyəsi ilə bayrama, şənliyə çevrilib.

Bərdə Şəhər Mədəniyyət Evinin özfəaliyyət ansamblının təqdim etdiyi rəngarəng musiqi proqramı tədbiri daha məzmunlu edir. Bu gün ordu sıralarına yola salınacaq çağırışçı gənclər qol-qola girib geniş meydanda yallı gedirlər. Sevincdən kövrəlmiş anaların baxışları bu mənzərəni qürurla seyr edir. Bu an onların ürəyindən keçənləri duymaq isə əlbəttə, çətin deyildi.

Musiqi ara verir. Oynamaqdan doymayan çağırışçı gənclər bir tərəfə çəkilib söhbətləşirlər. Onlardan birinə yaxınlaşıb tanış oluruq. Özünü təqdim edir: Quliyev Fəxri Asim oğlu. Fəxridən bu an keçirdiyi hissləri bizimlə bölüşməyi xahiş edirik. Tərəddüd etmədən duyğularını paylaşır:

- Böyüdüyüm ailədə də, oxuduğum məktəbdə də mənə vətəni sevməyi öyrədiblər. İndi canımızdan artıq sevdiyimiz vətənə oğulluq borcunu vermək vaxtıdır. Bu gün hərbi xidmətə yola düşürük. Erməni faşistlərindən qisas almaq uşaqlıq arzumuzdur. Qarabağı düşmən işğalında qoymağa haqqımız yoxdur. Biz intiqam almağa, doğma yurd yerlərimizi azad etməyə gedirik. İnanırıq ki, məqsədimizə çatacağıq, üçrəngli bayrağımızı Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə dalğalandıracağıq.

Söhbətə Fəxrinin atası Asim Quliyev də qoşulur:

- Bu günü çoxdan gözləyirdik. Qohum-qardaş həmişə Fəxrinin boyunu sevib deyərdi ki, böyük oğlan olasan, əsgər gedəsən. İndi bu arzu həyata keçir. Bu münasibətlə böyük süfrə açdıq. Qonşu-qohum yığışıb evimizdə şənləndilər, Fəxriyə yaxşı yol arzuladılar. Mən bir ata olaraq  oğlumla qürur duyuram. İnanıram ki, o, vətən qarşısındakı borcunu şərəflə yerinə yetirəcək. Bu gənclərin hamısı bizim övladımızdır. Hərəsi bir evin çırağıdır. Qoy, bu çıraq heç zaman sönməsin. Balalarımız sağ gedib, salamat qayıtsınlar. Vətənə şərəflə xidmət etsinlər, qələbə sorağı ilə bizləri sevindirsinlər.

Mərasimin rəsmi hissəsi başlayır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murğuzov tribunaya qalxıb mərasim iştirakçılarına müraciət edir:

- Əziz çağırışçılar, hörmətli valideynlər, bu gün hərbi xidmətə yola salacağımız gəncləri təbrik edir, onların ata-analarına, doğmalarına göz aydınlığı verirəm. Milli Orduda qulluq etmək hər bir vətən övladı üçün şərəfdir. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ordumuz bütün regionun ən qüdrətli modern ordusuna çevrilmişdir. Bu gün xalq öz ordusuyla nəfəs alır. Ona güvənir, inanır ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, Ermənistan silahlı qüvvələrinin dağıdıb viran qoyduğu kəndlərimiz yenidən tikilib-qurulacaqdır. Bu gün regionda AzərbaycanOrdusunun gücü qarşısında dayana biləcək bir qüvvə mövcud deyil. Milli Ordumuzun yenilməz qüdrəti təkcə sahib olduğumuz müasir silahlarla ölçülmür. Ordumuzu güclü-qüdrətli, basılmaz edən xalqını, vətənini canından artıq sevən vətənpərvər, aslan ürəkli, hər biri qəhrəmanlıq nümunəsi olan igid əsgərlərdir. O əsgərlər ki, ürəklərində düşmənə nifrət hədsiz, dövlətə sədaqət, torpağa, yurda sevgi sonsuzdur.

Əziz gənclər, bu gün hərbi xidmətə yola düşürsünüz. Arzu edirik ki, düşmən üzərində gözlənilən zəfər məhz sizin hünərinizlə çalınsın. Sizdən qələbə müjdəsi gözləyirik. Sağ gedib, salamat qayıdın.

Yerbəyerdən “qələbə”, “zəfər” nidaları ucalır. Valideynlər, çağırışçılar, ordu sıralarından yenicə tərxis olunmuş əsgərlər mərasimdə  çıxış edib ürəklərindən keçən arzularını bildirirlər. Bütün arzulardan bir istək qırmızı xətt kimi keçir -  düşməndən qisas almaq, torpaqları işğaldan azad etmək.

Mərasim başa çatır. Gənc çağırışçılar valideynləri ilə görüşüb avtobusda yerlərini tuturlar. Yaqub Həsənov, Rafiz Cəfərov, Yusif Hüseynov və digər çağırışçılar əmin edirlər ki, sizi qələbəylə sevindirəcəyik!

 

L.QULİYEV,

Azərbaycan