Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
9 Oktyabr , 2016
Bərdə şəhid övladını son mənzilə yola saldı

Bərdəlilər namərd erməni gülləsinə tuş gəlmiş qəhrəman əsgər övladını bu günlərdə son mənzilə yola salmışdır.

5 oktyabr 2016-cı il tarixdə cəbhənin Beyləqan rayonu istiqamətində erməni işğalçılarının gözlənilməz hücumunun qarşısını alarkən ağır döyüşlərdə həlak olmuş ordumuzun əsgəri Sahil Sabir oğlu Məmmədov doğma kəndlərində tormağa tapşırılmışdır.

Bərdə rayon Soğanverdilər kəndində anadan olmuş şəhidlə vida mərasiminə yüzlərlə sakin, o cümlədən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları toplaşmışdılar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Bərdə rayon İH-nin başçısı Vidadi İsayev mərasimdə çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş bütün əsgərlərimizin qisası Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli ordumuz tərəfindən qətiyyətlə  alınır: “Qoy düşmən sevinməsin, bizim işimiz haqq işidir, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”.

Dəfn  mərasimində çıxış edənlərdən  şəhidin atası Sabir Məmmədov, kənd ağsaqqalı Əli Məmmədov, “N” saylı hərbi hissənin komandir müavini Elçin Kərimov, şəhidin əsgər yoldaşları qədirbilən xalqımızın bu cür hünərvər oğulları ilə daim fəxr etdiyini söyləmişlər.

Şəhid əsgər Sahil Məmmədovun nəşi yaylım atəşi altında  Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırıldıqdan sonra onun tabutu üzərindəki üçrəngli bayrağımız əbədi saxlanılmaq üçün atası Sabir Məmmədova təqdim edilmişdir.

 

Maarif Rzayev,

“Respublika”.