Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
9 Oktyabr , 2016
Həm sadə görünər, həm səliqəli 

Dövlətimizin gündən-günə artan qüdrəti hər bir ölkə vətəndaşında qürur hissi doğurur. Yeni-yeni qəsəbələr  salınır, yollar çəkilir, bir sözlə, abadlıq-quruculuq işləri hər yerdə vüsət alır. Bütün bunlar çox gözəldir.

Ancaq mən heç də gözəl olmayan bir məsələdən söz açmaq istəyirəm. Bu, əbiristanlıqlarımızın görkəmi ilə bağlıdır. Ora elə bir məkandır ki, hər kəsin yolu düşür: vaxtaşırı əzizlərinin məzarına baş çəkməyi, haqq dünyasına qovuşmuş doğmalarının xatirəsini anmağı çoxları özünə mənəvi borc bilir. Ancaq əksər qəbiristanlıqlardakı  mənzərə ziyarətçiyə ürəkağrısı verir. Məzarların çoxunun ətrafına dəmir məhəccərlər çəkilib. Bəzilərinin üstünə çardaq da vurulub. Elə məzarlar var ki, üstünə az qala bir evin tikintisi qədər xərc çəkilib. Bəlkə də kimlərsə bundan təsəlli tapır. Ancaq şair demişkən, insanlara sağlığında qiymət vermək, qayğısına sağlığında qalmaq lazımdır...

Demək istədiyim odur ki, qəbiristanlıqlar üçün ümumi qaydalar yaratmaq olmazmı? Əlbəttə, olar. Fikrimcə, məzarlar eyni ölçüdə, eyni formada olmalıdır. Bəzi Avropa ölkələrindəki kimi. Bizim dinimiz də dəbdəbəli məzarların əleyhinədir. İslam dinində  qəbrin əriyib torpağa qarışması tövsiyə olunur.

 

İsmayıl ADIGÖZƏLOV,

Bərdə şəhər sakini