Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
18 İyun , 2016
Daha sudan korluq çəkmirik

 Kəndimizin əhalisi içməli su sarıdan çox əziyyət çəkirdi. Əlli il əvvəl kəndin mərkəzində istifadəyə verilən subartezian quyusu dörd yüzdən çox fərdi təsərrüfatı birləşdirən böyük bir kəndin əhalisinin içməli suya olan ehtiyaclarını tam ödəyə bilmirdi.

Düzdür, son vaxtlar dövlət xətti ilə kəndin ətrafında bir neçə subartezian quyusu vurularaq torpaq payçılarının istifadəsinə verilmişdir. Lakin bunlar əsasən əkinlərin suvarılması üçün nəzərdə tutulmuşdur və həm də məişətdə istifadə üçün münasib yerdə deyil.

Problemin həlli ilə əlaqədar yerli idarəetmə orqanı olan bələdiyyə qarşısında məsələ qaldırıldı. Bələdiyyənin İkinci Kənd İnvestisiya Layihəsi ilə əməkdaşlığı şəraitində bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz müsbət nəticəsini verdi. Belə ki, kəndimizdə əhalinin daha sıx məskunlaşdığı yerlərdə 12 bulaq kompleksi tikilib istifadəyə verildi. Qeyd edək ki, onlardan biri kənd məktəbinin həyətində inşa edilmişdir. Həmin layihə çərçivəsində 3,5 kilometrdən çox su xətti çəkilmişdir. Meşə zolağındakı su ümumi şəbəkə ilə daha təmiz və keyfiyyətli  hesab edilən artezian xəttinə qoşulmuşdur.

Kənd bələdiyyəsinin sədri Ələmdar Ələsgərovun təşəbbüsü ilə kəndin mərkəzindəki köhnə subartezianın qarşısında üslubu ilə diqqəti cəlb edən bulaq kompleksi inşa olunmuş, ətrafı abadlaşdırılmışdır. Bu isə kəndin mərkəzi hissəsinin daha gözəl görünüşünü təmin etmişdir.

Bütün inşaat işlərini kəndin yerli ustaları görmüşlər.

 

Rəhman ŞƏMİLZADƏ,

Bərdə rayonu,

Gərənə kənd sakini