Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
4 İyul , 2016

P.A.Kabulov (1908) ərəb müəlliflərinin məlumatları əsasında tərtib etdiyi xəritədə qədim Bərdə şəhərinin Tərtər çayının deltasında yerləşməklə, onun hər iki sahilini tutduğunu göstərir. Akademik Ziya Bünyadov da şəhərin tarixən Tərtər çayının hər iki sahilində yerləşdiyini təsdiqləyir. 1902-ci ilin məlumatlarına görə Tərtər çayı yatağını üç dəfə dəyişmişdir. Bunu çayın indiki vəziyyəti də göstərir. Hazırda quru Tərtər çayı yatağında üç körpünün qalıqları durur. Birinci körpü Vll-X əsrə aid olub, indiki 47 nömrəli texniki-peşə məktəbinə gedən yolun kənarındadır, qalıqları görünməkdədir. Bəzi məlumatlara görə isə həmin körpü Vl əsrdə inşa edilib. Bu körpü tarixdə “çov gözlü” körpü kimi məşhur olmuşdur. 16 gözdən ibarət, uzunluğu 170 metr, eni isə 5 metr olan bu körpü əhəng məhlulu ilə daşdan tikilmişdir. O, 913-cü ildə Bərdə ətrafında baş verən şiddətli və uzun müddət davam edən leysan yağışları nəticəsində dağılmışdır.  Bundan başqa, Tərtər çayının quru yatağında X və XlV əsr körpülərinin qalıqları durur. Çox maraqlıdır ki, bu körpülər Tərtər çayının müxtəlif istiqamətlərində uyğun olaraq tikilmişdir. Bu, qədim çayın həm çox sulu və şaxəli olmasına, həm də sürətlə axdığına dəlalət edir. Çayın hazırkı yatağı sahilləri boyunca,bəzən bir kilometrə qədər məsafəni əhatə edir. Tərtər çayı haqqında belə rəvayət edilir ki, Makedoniyalı İsgəndər Dərbənd üzərinə hücum zamanı qafqaz dağları ətəklərindən keçərkən iti axan çayın sahilində gecələməli olur. Səhər məlum olur ki, sel çox əsgər aparıb. İsgəndər qəzəblənib deyib: “Ah, Tərtər”. Yəni ah, dəhşətli bəla! Tərtər çayının adının burdan yarandığı güman edilir.  Sonda onu da bildirmək istərdim ki, hal hazırda Tərtər çayı yatağında yerləşən körpülərdə pərpa işləri gedir. Hazırda Birinci körpü (Vll-X əsrə aid) tamamilə bərpa olunub. Şəhərimizə xüsusi gözəllik verir.