Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
4 İyul , 2016

A.Nuriyevin məlumatına görə (1880) Bərdə şəhərində - İmamzadə memarlıq kompleksinin 25 metr şimali-şərqində üç kümbəzli tam orjinal bir memarlıq abidəsi var. Bu memarlıq abidəsi, nadir tipli bişmiş kərpicdən olub Arran memarlıq üslubu ilə çox bitkin bir formada inşa edilmişdir. Onun kümbəzləri istər xaricdən və istərsə də daxildən çox böyük ustalıqla bir-birinə bənd edilmişdir. Girəcəkdən üçüncü, həm də axırıncı otağın orta hissəsində mərhum dəfn edilmişdir. Bir növ sərdaba üslubu ilə tikilmiş həmin qəbrin üstü tağvari formada tamamlanmışdır. Kümbəzin daxili divarlarının tilüstü hissəsində qara mərmər üzərində altı kitabə yerləşdirilmişdir. Kitabələr nastaliq xəttilə yazılmış və mətnlər əsasən Quranın ayələrindəndir: dəfn edilən kəsin ömrünün iztirab, təlaş, həsrət və sarsıntılarla dolu keçməsindən bəhs olunur. Sual oluna bilər, kimdir burda dəfn edilən şəxs? Türbədə dəfn edilən şəxs Qacarlar sülaləsindən olan, böyük kitabdar, alim və tarixçi Bəhmən Mirzədir. Dövrünün ağıllı, savadlı, bacarıqlı adamlarından olan Bəhmən Mirzə bin Naib Əs-səltənət Abbas Mirzə göründüyü kimi, hökmdar oğlu olmuşdur. Raudət Üc-Səfayi Nasiriyə görə, o, Abbas Mirzənin salamat qalmış 26 oğlunun yaş ardıcıllığına görə dördüncüsüdür. O, hicri tarixinin 1225-ci ilində (miladi tarixinin 1810-cu ilində) anadan olmuşdur. Özünün hicri tarixinin 1247-ci ilində (miladi 1831-32-1834) yazmış olduğu “Təzgireyi Məhəmməd-Şahi” əsərində qeyd edilir ki, hələ gənc yaşlarında atası onu Ərdəbilə hökmdar təyin etmişdir. Müəllifin öz qeydlərinə görə bu kitabı o, hicri tarixinin 1250 (mildi 1835-1836) ilinin rəcəb ayında böyük qardaşı Məhəmməd şahın xahişilə yazılmışdır. Bir neçə misradan ibarət fars dilində şeiri də qalmışdır. Bəzi qaynaqların verdiyi məlumatlara görə Bəhmən Mirzə 1842-ci ildən İran Azərbaycanının hakimi olmuşdur. Mənbələrə görə, o bu vəzifədə çox qalmamışdır. Bu vəzifəyə onun digər qardaşı Nəsirəddin Mirzə təyin edilmişdir. Məlumatlara görə, vəziyyətin belə görən gənc Bəhmən Tehranda  yaşayan böyük qardaşı Məhəmməd şahın yanına getmiş və o da kiçik qardaşını böyük sevinclə qarşılamışdır. Bu zaman Azərbaycan hökmdarlığını yenicə qəbul edən Nəsirəddin Mirzə Bəhmənin gözünün çıxarılmasına əmr verir. Vəziyyətin müşkül olduğunu görən Bəhmən Mirzə yayınaraq rus səfərətxanasına girir və ondan sığınacaq istəyir. Səfir onu çox yaxşı qəbul edir və Bəhmənə Rusiya ərazisində yaşamağa icazə verir. 1848-ci il may ayının 12-də o, Lənkəran gəmisi ilə Bakıya gəlir. Mayın 15-də Bakıdan Şamaxıya gedir. Özünə daimi yaşayış yeri axtaran Bəhmən Mirzə burada da qalmayıb, mayın 20-də Tiflisə gəlir və yaşamağı qət edir. Bu tarixdə də onun yaradıcılığının İran dövrü qurtarır, Azərbaycan dövrü başlayır. Bu hadisədən bir həhtə sonra, yəni 28 may tarixində onun 7 arvadı və həmin arvadlardan olan 19 oğul-uşağı Naxçıvana gətirilir və oradan da öz növbəsində onlar Tiflisə ailə başçılarının yanına aparılır.

Bəzi məlumatlara görə, guya Bəhmənin tərgi-vətən olduğunu görən qardaşı Nəsirəddin Mirzə öz səhvini başa düşüb onu əfv edir və geri qayıtmasını xahiş edir. Lakin Bəhmən bir daha geri qayıtmır. Rus çarı l Nikolaydan (1825-1855) hər il aldığı 9600 manat böyük məbləğdə təqaüdlə şimali Azərbaycanda yaşamağa başladı. Yeri gəlmişkən qeyd etməlik ki, Bəhmən Mirzə Tiflisdə üzun müddət yaşaya bilmədi və 1851-ci il oktyabrın 4-də Şuşa şəhərindən köçüb gedən Məlikbəyovların mülkünü aldı və ailəsi ilə oraya gəlib ömürlük bu gözəl şəhərdə qaldı. Onu da qeyd etməlik ki, o, Şuşada yaşasa da, bütün Qarabağın mədəni tədbirlərində yaxından iştirak edirdi. Tez-tez Azərbaycanın ən qədim şəhərlərindən olan Bərdəyə gəlirdi. Görünür bu şəhər onun çox xoşuna gəlirmiş. Qarabağda yaşadığı 24 il müddətində özünün yeni tarixi əsərini “Şükürnameyi Şəhənşahi” əsərini yazmağa başladı. Bu əsərdə alim ölkəmizə fatehçilik niyyətiylə gələn Çingiz xandan başlamış XlX əsrə kimi olan dövrün tarixi hadisələrin ardıcıllıqla təsvir edir. Əsər hicri tarixinin 1288-ci ilində (miladi 1871-ci il) başa çatmışdır. Qocalıb əldən düşdüyünü görən alim 1880-cı il ərəfəsində sevimli Bərdə şəhərində özü üçün türbə inşa etdirdi və oğlanlarına vəsiyyət etdi ki, öləndə onu həmin türbə də dəfn etsinlər. 1884-cü il fevralın 11-də vəfat etdi. Vəsiyyətinə əməl edən oğlanları onu İmamzadənin 25 metr şərqdə olan türbədə dəfn etdilər.

Mənbələrin məlumatına görə, Bəhmən Mirzə İrandan gələrkən özünün kitabxanasını 95 dəvəyə yükləyibmiş. İndiki yaşlı nəsil bilməlidir ki, bir dəvənin orta yük qabiliyyəti 25 batmana, yəni 200 kiloqrama bərabərdir. Bir kitabın orta hesabla çəkisi 0,5 kiloqrama bərabər tutaq, onda hər dəvə yükündə 400 kitab gətirmiş olur. Biz bir daha hər dəvə yükünü 400-ə vursaq, görərik ki, Bəhmən Mirzənin kitabxanası 38000 kitabdan ibarət elmi mərkəz olub. Çox təəssüflər olsun ki, kitabları ölümündən sonra hərə bir yana dağıtdı. Hal-hazırda həmin kitabların müəyyən hissəsi Tiflis şəhərində, qalanları isə Moskva, Leninqrad və Yeravan şəhərlərinin kitabxanalarında saxlanılır. Onun kitabxanasından olan bir neçə kitab Azərbaycan Elmlər Akaemiyasının Respublika Əlyazmaları İnistitutundadır. Bəhmən Mirzənin “Təzgireyi Məhəmməd – Şahi” və “Şükürnameyi – şahənşah” adlı əsərlərinin əlyazması adını çəkdiyimiz elm mərkəzində mühafizə edilir. Yeri gəlmişkən qeyd etməlik ki, həmin kitab və əlyazmalar Bəhmən Mirzənin özünün şəxsi möhürləri və imzası ilə təsdiq edilmişdir. Mənbələrin verdiyi məlumata görə, Bəhmən Mirzə Qacar öldükdən sonra onun çoxlu oğlu, qızı, qohum - əqrabası və tanışları qalmışdır. Hazırda Bərdə Rayonu ərazisindəki “Böyük Qacar” və “Bala Qacar” kəndləri onun nəsil və törəmələrindən əmələ gəlmişdir. Sonradan onun oğlanları rus ordusunda yüksək zabit rütbəsiylə xidmət etmşlər.

Onun dörd general və dörd polkovnik oğlu rus və İran ölkələrində hərbi xidmətdə olmuşdur. Rus-yapon müharibəsində, 1904-cü ildə həlak olmuş oğlu atası Bəhmən Mirzə Qacarın yanında dəfn olunmuşdur. Son illərdə türbə bərpa edilmişdir.

Azərbaycan mədəniyyətinin inkişafında şübhəsiz ki, Bəhmən Mirzənin də xidmətləri var.