Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Rayon haqqında
4 İyul , 2016

Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi türbə və məsciddən ibarətdir. Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məscid olan bu abidə akademik Dornun fikrincə, ilkin olaraq ziyarətgah-türbə formasında olub. Sonralar (XVIII əsrdə) ətrafında məscid tikilib.

Məlumatlara görə, buradakı türbədə İsmaili və Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub.Məhəmməd əl-Baqirin 3-cü oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. Bu abidə Buxaradakı "çar Minar" abidəsi ilə oxşarlıq təşkil edir. A.A.Bakıxanov da "Gülüstani-İrəm" əsərində Bərdədə müqəddəs ziyarətgah yeri olduğunu göstərib. Buranın ziyarətgah olmasını İmamzadədə mehrabın olmaması da təsdiq edir. İmamzadə məscidinin kərpiclərinin fiqurlu düzülüşü, tikintidə daşla kərpicin əlaqələndirilməsi, eləcə də kaşıdan istifadə Bərdə türbəsinin (1322-ci ildə tikilib) təsiri görünür. Abidə 1868-ci ildə görkəmli memar Kərbəlayi Səfixan Qarabaği (1788 Əhər-1910 Şuşa) tərəfindən yenidən qurulub. Onun Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Şuşada Aşağı məscid (1874-75) və Gövhərağa məscidi bərpası (XIX əsr), eləcə də Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.

Türbənin planı

Mömin şəxslər başqa yerlərdə vəfat etsələr də, vəsiyyətlərinə uyğun Bərdə şəhərindəki İmamzadə məscidinin ətrafındakı qəbiristanlıqda dəfn olunublar. Müqəddəs İmamzadə məscidinin ətrafında bir neçə tarixi əhəmiyyət kəsb edən abidə vardır. Məscidin 20 metr şimal istiqamətində Bəhmən Mirzə Qacar türbəsi, şərqində isə XIV əsrdə tikilmiş, lakin indi uçuqları qalmış Axsadan baba türbəsi yerləşir. Bəhmən Mirzə Qacar Bəhaüddövlə (1811-1884, Şuşa) tarixçi, Fətəli şahın nəvəsi Naibüs Səltənə Abbas Mirzənin oğludur. Onun "Şükürnameyi-Şahənşah" və "Təskireyi-Məhəmməd şah" əsərləri məlumdur. O, 1834-cü ildə Tehran, 1835-ci ildə Əcəmi İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildən İran Azərbaycanının hakimi olub. Baş vəzir Hacı Mirzə Ağasının fitnəti ilə qardaşı Ağa Məhəmməd Şahın nəzərindən salınmasından sonra (1848-ci ildə) Tiflisə gəlib, 1851-ci ildən daimi yaşamaq üçün əvvəlcə Bərdəyə, sonra Şuşaya köçüb. O, 1884-ci ildə Şuşada vəfat edib, vəsiyyətinə uyğun əvvəlcədən tikdirdiyi Bərdə İmamzadə qəbiristanlığında türbədə dəfn olunub. İndi Bərdə rayonunda olan Böyük Qəcər və Bala Qəcər kəndləri ehtimala görə, onun adını daşıyır.