Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Azərbaycanlıların soyqırımı
28 İyun , 2016

                                  Martın 31-i Azərbaycan tarixinin unudulmaz günlərindən biridir.

                                  Günlər var ki, sevincinin böyüklüyü ilə,

                                  günlər də var ki, fəlakət və qüssənin əzəməti ilə

                                                unudulmaz.

                                   31 Mart ikinci günlərdəndir.

                                                                                                    Mart soyqırımı.

AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.

Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar Sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət verilmədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Azərbaycanın XIX - XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. 

31 Mart azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

 Tarixi arayış

Azərbaycan bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən birinin və qədim daş dövrünə aid digər məskənlərin tapılması bunu əyani sübut edir.

Azərbaycan ərazisində dövlətçiliyin inkişafı uzun tarixə malikdir. Manna (e.ə. IX əsr), Midiya (e.ə. VI əsr), Atropatena və Albaniya (III-V əsrlər) dövlətlərinin yaranması və inkişafı, xristianlığın yayılması və V əsrdə alban əlifbasının yaranması, Ərəb Xilafətinin tərkibinə daxil edilməsi və islam dininin yayılması (VIII əsr), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir-birini əvəz etməsi bu tarixin qədim səhifələridir. Azərbaycanı əsarətə almaq üçün "parçala və hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.

1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə Nişdat sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Nəticədə 1723-cü ildə Bakı zəbt edildi. Əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən I Pyotr öz məqsədlərinə nail olmaq üçün "nəyin bahasına olursa-olsun Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini" vacib sayırdı. I Pyotrun əsasını qoyduğu bu siyasət sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmişdir. 1768-ci ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdir. 1802-ci ildə I Aleksandr Qafqaz canişini N.D.Sisianova məktubunda yazırdı: "Hər vəclə ermənilər … Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə edilməlidir." Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy göstərirdilər.

Kütləvi represiyaların qanlı tarixi

Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813, 10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.

Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.

Bundan sonra Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar döğma yurdlarını tərk etməli olmuşlar.

XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887, Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı.

Bütün bu səylərə baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.

1905-1907-ci illər

1905-1907-ci illərdə Rusiyadakı inqilabi proseslərdən və mərkəzin əyalətlərə nəzarətinin zəifləməsindən istifadə edən ermənilər Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törətdilər, onları yurdlarından didərgin saldılar. 1905-1906-cı illərdə ermənilər Gəncə və Qazax quberniyalarında 200 kənd, Şuşa, Cəbrayıl və Zərgəzur quberniyalarında isə 75 kənd viran qoymuşlar.

Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarına, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında öz əksini tapmışdır.

1918-1920-ci illər

1905-1907-ci illərin hadisələrindən sonra da azərbaycanlılara qarşı ermənilərin məkrli planları dayandırılmamış və gizli şəkildə davam etdirilmişdir. 1916-ci ilin statistik məlumatlarına əsasən İrəvan quberniyasının 5 uyezdində 1831-ci ilə müqayisədə əhalinin sayı 40 dəfə artmış, yəni 14300-dən 570000-ə çatmışdır. Ancaq həmin dövrdə azərbaycanlıların sayı cəmi 4.6 dəfə artmış və 246600 nəfər təşkil etmişdir. 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40000 nəfər olduğu halda, 1905-1916-cı illərdə 17000 nəfər olmuşdur, halbuki, 1905-ci ildə əhalinin sayı 1886-cı illə müqayisədə 61000 nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyası dövründə erməni millətçiləri tərəfindən aparılan şovinizm siyasətindən, azərbaycanlıların yurdlarından qovulması planlarının icrasından və ermənilərin "türk" adlandırdıqları "azərbaycanlılarsız Ermənistan" yaradılması səylərindən xəbər verir.

Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olundu. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür ("Aşxadavor" (Əməkçi) qəzeti, 2 noyabr 1919-cu il).

1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir: "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".

Zaqafqaziyada 3 müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər (795000 - erməni, 575000 - azərbaycanlı, 140000 - digər millətlər) təşkil edirdi. Bununla kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.

Bu əraziləri silah gücünə ələ keçirmək Gürcüstanla (dekabr 1918) və Azərbaycanla müharibəyə səbəb oldu. Nəticədə mübahisəli ərazilərin əhalisi 10-30% azaldı, bəzi yaşayış məntəqələri isə tamamilə məhv edildi. İndiki Ermənistan ərazisində 1918-1920-ci illərdə yaşamış 575000 azərbaycanlının 565000 öldürülmüş və qovulmuşdur. Bu rəqəmlər erməni mənbələrində də təsdiq edilir: "Daşnaklardan sonra sovet Ermənistanı ərazisində türk (azərbaycanlı) əhalinin sayı 10000 nəfərdən bir qədər artıq idi. 1922-ci ildə 60000 azərbaycanlı geri qayıtdıqdan sonra onların sayı 72596 olmuşdur" (Z.Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931-ci illər).

1920-ci ildə Zaqafqaziya respublikaları Tiflis konfransı zamanı sovetləşmə təhlükəsinə qarşı birgə müdafiə tədbirlərini müzakirə edərkən ermənilər bəyan etmişlər ki, onlar heç vaxt İrəvan quberniyasının ərazisi ilə kifayətlənməyəcəklər və bu səbəbdən əməkdaşlıqdan imtina edirlər. Bu bəyanatdan sonra ermənilərin 1920-ci ilin yazında Qarabağda, Zəngəzurda və Qazaxda törətdikləri hərəkətləri, martın 22-də azərbaycanlıların Novruz bayramını qeyd etdikləri vaxtda Şuşaya, sonra Əsgəran və Xankəndinə hücumunu, Zəngəzurdakı fəallıqlarını Yerevan və Moskvanın Azərbaycana qarşı birgə qəsdinin - Azərbaycanda milli hakimiyyətin devrilməsi və sovet hakimiyyəti qurulması planının tərkib hissəsi saymaq olar.

Ermənilərin bolşeviklərə köməkliyi tezliklə mərkəzi hakimiyyət tərəfindən qiymətləndirildi. Moskvanın təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya ilə çıxış etdi. Ona əsasən ümumi sahəsi 9800 kv.km olan "Zəngəzur və Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur".

Bu faktlardan aydın görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından belə çəkinməmişlər.

1948-1953-cü illərdə deportasiya

 Sovet hakimiyyəti illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini gerişlərdirməyi davam etdirmişlər. Bu fəaliyyətdə Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik göstərirdilər və bu da "Böyük Ermənistan" xülyasının həyata keçirilıməsi üçün ümumi strategiyanın olduğundan xəbər verirdi.

Tehran konfransı keçirilən zaman (1943) erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Bu təklifə İosif Stalinin razılığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.

1945-ci ildə Ermənistan rəhbərliyi Qarabağın birləşdirilməsi məsələsini qaldırdı və bunu Ermənistanla iqtisadi əlaqələrin mövcudluğu ilə əsaslandırmağa çalışdı. Bu təklif rədd edildi və belə olan halda digər bir taktika işə salındı.

1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana köçürüldü.

1947-ci ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın katibi Q.Arutyunov Moskvaya müraciət edərək, köçürülən ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət etmiş və güya məhsuldarlığın artırılması məqsədilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıqla məşğul olan rayonlarına köçürülməsi təklifini vermişdir.

Bu fikir İ.Stalinin imzaladığı SSRİ Nazirlər Sovetinin iki qərarında öz əksini tapdı. "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə" birinci qərar 1947-ci il dekabrın 23-də imzalanmışdır. Bu sənəddə köçürülmənin səbəbi, mexanizmləri və real şəraiti göstərilmədən 1948-1950-ci illər ərzində Azərbaycanın düzənlik rayonlarına 100000 azərbaycanlının köçürülməsinə qərar verilmişdir. Qərara əsasən 1948-ci ildə Azərbaycana 10000 nəfər, 1949-cu ildə 40000 nəfər, 1950-ci ildə isə 50000 nəfər köçürülməli idi. Birinci qərara əlavə kimi meydana çıxmış "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi tədbirləri barədə" ikinci qərar 1948-ci il martın 10-da imzalanmışdır və onda texniki-təşkilati məsələlər öz əksini tapmışdır.

Məlumatlara əsasən 1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər), 1949-cu ildə 2368 ailə (10595 nəfər), 1950-ci ildə 14361 nəfər Azərbaycana köçürülmüşdür. 1948-1950-ci illərdə köçürülmüş 8110 ailədən yalnız 4878-i mənzillə təmin olunmuşdur. Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər köçürülmüşdür. Əsasən dağ rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti hava şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar baş verirdi. Hətta belə bir vəziyyətdə onların dağlıq ərazilərə, o cümlədən Qarabağa köçürülməsi barədə azərbaycanlıların və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz tərəfindən rədd edilmişdir.

Bununla yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10000 erməni köçürülmüşdür. Bu fakt onu göstərir ki, azərbaycanlıların köçürülməsinə nail olmuş ermənilər heç də xaricdən ermənilərin gəlməsinə maraqlı olmamışlar. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda qeyd olunmuşdur ki, 476 kənd istifadəsiz qalmışdır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). Erməni millətçiləri 1990-cı ildə etiraf etmişlər ki, "Azərbaycanlıların köçürülməsi nəticəsində boşaldılmış torpaqlar və mənzil fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir" ("Ermənistanın səsi" qəzeti, 11 noyabr 1990-cı il).

Yuxarıda qeyd olunanlardan yalnız bir nəticəyə gəlmək olar ki, azərbaycanlıların Ermənistandan köçürülməsi nə xaricdən gələn ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın artırılması məqsədi güdürmüş, əsas məqsəd daşnakların çoxdankı arzusu olan təkmillətli dövlətin yaradılması siyasətinin reallaşdırılması olmuşdur.

Stalinin ölümü köçürülmə prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar ağır yaşayış şəraitinə dözməyərək, ermənilərin onlara qarşı göstərdiyi ayrıseçkilik və təzyiqlərə baxmayaraq döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara qarşı erməni şovinizminin yeni dalğasının - azərbaycanlılara qarşı mənəvi terrorun təzahürünə səbəb oldu. Tədris müəsisələrinin bağlanması, Azərbaycan dilində tədrisin ləğv edilməsi, azərbaycanlı rəhbər işçilərin ermənilərlə əvəz edilməsi, azərbaycanlı kəndlərin məişət və təssərüfat tələbatlarının nəzərə alınmaması, azərbaycanlılara qarşı kampaniyaların başlanması, xüsusən də 1965-ci ildə "ermənilərin genosidinin" 50-ci ildönümünün təmtəraqla keçirilməsi daşnak siyasətinin açıq-aşkar reallaşdırılması tədbirləri olmuşdur.

 XX əsrin 90-cı illəri

 SSRİ-dəki yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni dalğasına səbəb oldu. 1945-ci ildə istifadə edilmiş taktika yenə də işə salındı və guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulmasına və Qarabağın Azərbaycan ərazisindən ilhaqına başladılar.

1988-ci ildən kütləvi xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin dağıdılması, 70 nəfər insanın, o cümlədən 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnmiş Quqark faciəsi, Vardenisdə 40 nəfərin öldürülməsi və digər 11 rayonda - Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya, Alaverdidə törədilmiş qanlı hadisələr və bu hadisələrə hakimiyyət orqanları tərəfindən rəvac verilməsi 250000 azərbaycanlını doğma yurdlarını tərk etməyə vadar etdi.

1905-1920-ci illərin hadisələri yenə də təkrar olundu: qadınlar və uşaqlar, qocalar qarlı dağ aşırımlarından keçərək, itkilər verərək Azərbaycana pənah gətirdilər.

Yenə də 1948-1953-cü illərin hadisələri təkrar olundu: Sovetlər İttifaqının mərkəzi hakimiyyətinin göstərişi ilə qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar çadır düşərgələrində məskunlaşmaq zərurətində qaldılar.

Zakfederasiyanın qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli respublikaya çevrildi və "azərbaycanlılarsız Ermənistan" daşnak ideyası həyata keçirilmiş oldu.

1988-ci ildən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin işğalına, zəbt olunmuş rayonların xarabalıqlara çevrilməsinə, bir milyonadək əhalinin doğma yurdlarından qaçqın və didərgin düşməsinə səbəb oldu. 10000-dən artıq azərbaycanlı həlak oldu, on minlərlə insan yaralandı.

1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı erməni millətçilərinin azğınlaşmış və qəddar siyasətinin təzahürü kimi uzun illər yaddaşlarda qalacaqdır. 1990-cu ilin qanlı yanvarında, Bakıda dinc əhaliyə qarşı Sovet Ordusunun hissələri tərəfindən törədilmiş amansız qırğınlarda, şahid ifadələrinə əsasən, ehtiyatdan çağırılmış ermənilərin də iştirakı olmuşdur.

Bütün bunlar XIX-XX əsrlərdə erməni daşnaklarının həyata keçirdikləri şovinist siyasətinin nəticələridir. Qeyd etmək lazımdır ki, separatçılıq hərəkətləri hələ də davam etməkdədir və bu gün artıq Naxçıvan Muxtar Respublikasının Azərbaycandan ilhaq edilməsi fikirləri səsləndirilir. Bununla yanaşı, ermənilər dünya dövlətləri tərəfindən "erməni genosidi" faktının qəbul edilməsinə çalışırlar, ancaq yaddan çıxarırlar ki, həqiqətən də soyqırımın nə olduğunu bilən xalq başqalarına qarşı belə hərəkətlərə yol verməz. Yaxud da onların xəstə təxəyyülü beynəlxalq normaları özünəməxsus yozaraq həm zavallı, həm də zülümkar sifətində çıxış etməyi münasib bilir.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Nə qədər ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməyəcəkdir, bəşəri cəmiyyət təhlükə qarşısındadır.

 Hüquqi-siyasi qiymət

 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdır. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu əslində əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt ediməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.

Sovetlər İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.

Azərbaycan Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.

1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.

Azərbaycan xalqının hər il qeyd etdiyi "Azərbaycanlıların soyqırımı günü" həmin məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm, separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki, biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına məsuliyyət daşıyır.

31 Mart Soyqırımı dövrü mətbuatda

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən anti-azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır...

Allahım, Qarabağın azadlığını tezləşdir! 

Aqşin Əsgərov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

 Mart soyqırımı həmin dövrün mətbuatında

 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər

Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. İçəri şəhərə hücum zamanı
A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materialları göstərir ki, əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Məkrli niyyət mart ayında həyata keçirildi. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişdilər.
O günü Məmməd Əmin Rəsulzadə "Unudulmaz faciə" adlı məqaləsində belə xatırlayırdı: "...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş bizə, biz türklərə bağlanmış idi. O gün biz müsəlmanlara elani-hərb eləmişlərdi".
1918-ci ilin 31 martına qədər olan əhval-ruhiyyəni Əhməd bəy Ağaoğlu "Bakı hadisələri haqqında həqiqət" sərlövhəli məqaləsində çox geniş və ətraflı təsvir edir: "Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, "işıqlandırılan" və "aydınlaşdırılan" yazılarla doldurulurdu. Təbliğata rəhbərlik edən "bacarıqlı əllər" bütün vasitələrdən istifadə edərək nə yolla olursa olsun, müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdə idi. Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin - zənginlərdən Balabəy Lazarevlə Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bundan sonra bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Deyirdilər ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq üçün öldürmüşdülər".
1918-ci ildə faciədən bir neçə gün əvvəl çap olunmuş mətbu orqanlar həmin dövrü çox dəqiq ifadə edir. Qəzet yazıları göstərir ki, faciənin baş verməsini dövrün qələm əhli əvvəlcədən görürmüş: "Dəhşətli saət gəlir, birlik gərək", "Birlik tələb olunur", "Birləşmək gərək", "İttihad gərək" şüarları ilə çap olunan məqalələr əqidəsindən asılı olmayaraq hər kəsi milli birliyə çağırırdı. 1905-1906-cı ildə erməni-müsəlman hadisələri zamanı Üzeyir bəy "Molla Nəsrəddin" jurnalında "Bizim xilasımız milli birlikdədir" deyə müsəlmanları birliyə, düşmənə qarşı mübarizədə birləşməyə var qüvəsi ilə çağırırdı.
Sənətulla Eynullayevin "S.İbrahim" imzası ilə yazdığı "Dəhşətli saət gəlir, birlik gərək!" sərlövhəli məqaləsi bu faciədən (15 mart 1918-ci) cəmi üç gün qabaq "Açıq söz" qəzetində çap olunub. Müəllif kimliyindən hansı partiyanın, cəmiyyətin üzvü olmasından asılı olmayarqa hamını milli birliyə çağırır. Xüsusən də o zaman hakimiyyətdə olan bolşevik partiyasının üzvü olan azərbaycanlı ziyalıları. Çünki onlar arasında bu məsələyə münasibət də müxtəlif idi. Onlar bu işə rus və erməni bolşeviklərinin nöqteyi-nəzərindən yanaşırdılar.
Əhməd bəy Ağaoğlu məqaləsində bu haqda yazırdı: "Cəmiyyətin ziyalı təbəqəsi əvvəlcə şayiələrə heç bir əhəmiyyət vermirdi, sadəcə gülür və elə düşünürdülər ki, bu yalnız ictimai diqqəti fevralın 19-na təyin olunmuş fəhlə nümayişlərindən yayındırmaq məqsədi ilə işə salınmış vasitədir. Lakin cəmiyyətin aşağı təbəqələri bərk narahatlıq keçirir və əsəbləşirdi".
Üzeyir bəy Hacıbəyli "Andranikin məsələsi" adlı məqaləsində belə acıqlanır: "Quran oxumaqla donuz darıdan çıxmaz. Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin".
18 mart 1918-ci il. Bakıda bütün mətbuatın nəşr edildiyi son gün. Həmin günü çap olunan mətbu orqanlarında çap edilmiş məqalələrdən bəlli olur ki, artıq Bakıda psixoloji gərginlik son həddə çatmışdır, ermənilər anbarları silahla doldurmuş və Türkiyədəki erməni quldur dəstəsinin məşhur başçısı Androniki Bakıya çağırmışlar.
Beləliklə, fürsəti əldən verməyən Rus Milli Şurası və Şaumyanın rəhbərliyi ilə təpədən-dırnağa silahlanmış ermənilər və rus bolşevikləri mart ayının 30-da saat 16:40 radələrində müsəlmanlara qarşı soyqırıma başlamışlar. Üç gün ərzində, yəni martın 30-u, 31-i və aprelin 1-də erməni və bolşevik-rus qoşun hissələri Bakıda sözün əsl mənasında milli qırğın həyata keçirdilər. Dövrü mətbuat bu haqda yazırdı: "1918-ci il martın 30-31-i və aprelin 1-də gecəli-gündüzlü qırğında 10.000-dən artıq azərbaycanlı öldürüldü. Azərbaycanlılara məxsus olan dükanlar, mağazalar qarət edildi, evlərə atəş açıldı. Türk qadınları vəhşətcəsinə saç-saça bağlanaraq, çılpaq gəzdirildikdən sonra caniyana şəkildə təcavüzlər, öldürülmələr və daha başqa cinayətlərə... məruz qaldılar. Təcavüzlər bununla da bitmədi. Sonrakı günlərdə bu qırğın Şamaxıda, Qubada, Lənkəranda, Muğanda davam etdirildi. 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə günahsız əhalini didərgin salmışlar. Uşaqları, qocaları və qadınları daha amansız işgəncələrlə qətlə yetirirdilər. Əvvəl əllərini, qulaqlarını kəsir, gözlərini çıxarır, sonda isə başlarını kəsirdilər. Təkcə Bakıda 30 minə yaxın soydaşımız qanına qəltan edilmişdir. 7 minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasında 122 müsəlman kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox Zəngəzur qəzasında 115 müsəlman kəndi vəhşicəsinə dağıdılmış, əhalinin xeyli hissəsi qılıncdan keçirilmişdir. İrəvan quberniyasında 211, Qars vilayətində 82 müsəlman kəndi yandırılmışdır və s.".
Bəlkə də çoxları bilmir ki, mart faciəsi zamanı Hüseyn Cavid Tanrının bir möcüzəsi sayəsində sağ qalıb. Bu haqda Abdulla Şaiqin xatirələri var: "O zaman Cavid Bakıda köhnə Nikolayevski küçədə yerləşən "Təbriz" otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı: "Mart hadisəsinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. "Hə edəcəksiniz burada edin!" - dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə səpilir, bir-birimizə qısılırdıq. Sonra "Qalxın!" əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq və sonra çox çətinliklə oradan qurtulduq".
O, zaman Bakıda yaşayan və hadisələrin şahidi olan Mir Cəfər Pişəvəri sonralar o dəhşətli günləri belə xatırlayırdı: "Mən saysız günahsız insanların vəhşiliklə öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşəm. Bu çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdur".
Bir il sonra 31 mart qırğını haqqında M.Ə.Rəsulzadə "Azərbaycan" qəzetinin 31 mart 1919-cu il tarixli sayında yalnız və yalnız milli qırğın niyyəti ilə törədildiyinə işarə edərək yazırdı: "Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal, bir qətliam icra olunurdu".
"XX əsrdə dinclik və rahatlıq barədə düşünmək olmayacaq. Bir qovğa qurtarmamış, ayrı bir inqilab başlayır, siyasət aləmi günbəgün dəyişir". "İrani-nov" qəzetinin 26 avqust 1909-cu il tarixli, sayında yazılan bu fikrin müəllifinin nə qədər müdrikcəsinə bir fikir söyləməsini elə XX əsr özü təsdiqlədi.
Professor Şirməmməd Hüseynov demiş: "Tarix təkrar olur. Nəticə çıxarmamışıq. Tədbir görməmişik və bu alçaq siyasətin ağrısını indi də çəkirik. Amma nə vaxta qədər?".

Ülviyyə Tahirqızı

29 Mart 12:56


Foto Qalereya