Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
6 Aprel , 2016

Bərdə Qan Bankı gecə saatlarında da qan tədarük edir-Özəl

Cəbhədə yaranmış son vəziyyətlə bağlı cəbhəyanı ərazidə yerləşən Bərdə Qan Bankı gücləndirilmiş iş rejimində, hətta gecə saatlarında da fəaliyyətini dayandırmır. Bu barədə Movqe.az-a eksklüziv olaraq məlumatı Bərdə Qan Bankının bölmə müdiri İbrahim Muradov verib. İ. Muradov bildirib ki, Bərdə Qan Bankına könüllü qan vermək üçün müraciət edənlərin ardı-arası kəsilmir: "Təkcə bu gün 176 donordan qan götürülüb. Son üç gündə isə 400-dən artıq donor könüllü qan verib.  Amma ümumi olaraq könüllü qanvermək üçün müraciət edənlərin sayə 700 nəfəri ötüb. Biz onları hələki qana tələbat olmadığından geri qaytarmaq məcburiyyətindəyik".

İ. Muradov bildirib ki, son üç gündə 330 paket, 120 litrdən çox ehtiyat qan tədarük olunub. Həmsöhbətimiz Bərdə Qan Bankının əməkdaşlarının gecə saatlarında da növbəli olaraq iş başında olduğunu, qana ehtiyac lazım olduğu zaman qan göndərildiyini söyləyib. İ. Muradov deyib ki, Naftalana  200 paket ehtiyat qan göndərildiyini, cəbhəyanı xəstəxana və hospitallarda ehtiyat qanın lazımı səviyyədə olduğunu bildirib: "Sosial şəbəkələrdə qana ehtiyac olduğu, qan çatmadığı barədə məlumatlar yayılsa da, bu həqiqətə uyğun deyil. Kifayət qədər ehtiyat qan var. Əgər lazım olsa  gündə 300-dən artıq qan vermək üçün bizə müraciət edənlərdən qan alıb tədarük edərik. Biz könüllü qan vermək üçün müraciət edən hər kəsə minnətdarıq. Bərdə Qan Bankının əməkdaşları gecə saatlarında da yatmayıb qan tədarükü ilə məşğuldur, eləcə də hara lazımdırsa qan göndərilir. Qana olan tələbat hələki kəskin şəkildə deyil". 

Zülfiyyə Quluyeva