Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
4 May , 2016

Dövlətin dəstəyi fermerlərin pambıqçılığa marağını artırıb

 Bir zamanlar adına “ağ qızıl” deyilər, onu becərib-yığanların şəninə nəğmələr qoşular, bu məhsul elin var-dövləti, ruzi-bərəkət mənbəyi hesab edilərdi. Söhbət ötən əsrin 70-80-ci illərində Bərdənin şöhrət tacı hesab edilən pambıqdan gedir. O pambıqdan ki, ölkənin iqtisadiyyatının əsas sahələrindən birini təşkil edirdi, strateji məhsul hesab olunurdu. Amma müstəqillik illərinin əvvəllərində səriştəsiz rəhbərlər bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmaq adı ilə pambığı gözdən saldılar. Hətta onu “qul əməyi” adlandıranlar da tapıldı.

Beləcə, “ağ qızıl”ın qara günləri başladı. İş o yerə gəlib çatdı ki, ətək-ətək vəsait hesabına alınan pambıq kombaynları metalloma verildi, tədarük məntəqələrinin, emal zavodlarının isə qapısı qıfıllandı.

Pambıqçılıq Bərdədə ənənəvi təsərrüfat sahəsi sayılır. Bu sahənin əsaslı inkişafı üçün Bərdədə münbit şərait də var, məhsuldar torpaqlar da, kifayət qədər maddi-texniki baza da.

Su gələn arxa bir də gələr, deyiblər. Sevindirici haldır ki, son vaxtlar pambıqçılığa münasibət xeyli dəyişmişdir. Əlbəttə, o dövrdə olan 100 min ton pambıqdan və 35 min hektar sahədən danışmaq indi tezdir. Lakin son vaxtlar dövlətin bu sahəyə yenidən diqqət ayırması onu deməyə əsas verir ki, yaxın zamanlarda pambıqçılığın əsaslı inkişafından danışa biləcəyik.

Rayonda keçirilən geniş müşavirədə pambıqçılıqla bağlı təkliflər dinlənilmiş, konkret tapşırıqlar, vəzifələr müəyyənləşdirilmişdir. Artıq nəzərdə tutulmuş həmin vəzifələrin həyata keçirilməsi üçün təşkilati tədbirlər görülür. Lakin bir məsələ də var ki, bu gün torpaqda nəyi əkib-becərməyi və bazara hansı məhsulu çıxarmağı bazar diktə edir. Buna görə də qiyməti 41 qəpik olan və kifayət qədər zəhmət tələb edən bir məhsulu yetişdirmək heç bir təsərrüfat sahibinə sərf etmirdi. Odur ki, pambıq əkənlərin sayı ilbəil azalırdı. Məsələ ilə bağlı Prezident İlham Əliyev münasibətini bildirdikdən sonra müvafiq strukturlar hərəkətə gəldi. Əkinçilərin mənafeyi müdafiə edildi, xam pambığın satınalınma qiyməti artırıldı ki, bu da onu yetişdirən fermerlərə maddi stimul verdi.

Artıq Bərdə rayonunda illərdir pambıq əkməyən təsərrüfat sahibləri də bu sahəyə üz tutublar. Təsərrüfatlarda çiyid səpini ötən illə müqayisədə iki dəfə artıb. Xarakterik bir misal: uzun illərdir ki, pambıqçılıqla məşğul olan Şamil Əhmədov ötən ilə qədər 5 hektarda pambıq əkib-becərirdi. İndi isə fermer dövlət dəstəyindən yararlanaraq 10 hektar sahəni bu məqsəd üçün ayırıb. Deyir ki, ötən il bir hektar ərazidə pambıq becərmək 800 manata başa gəlirdi: “Əldə olunan gəlir çəkilən xərci güclə ödəyirdi. Ancaq hazırda məhsulun qiymətinin bahalaşması bizi narahat edən bu problemi  aradan qaldırıb”.

Şatırlı kəndindən olan fermer İbrahim Məmmədov isə məsələyə başqa aspektdən yanaşır: “Pambıqçılıq kollektiv əməyin məhsuludur. Bir-iki hektar pay torpağında kiminsə pambıq əkib-becərməsinə və yüksək məhsul götürməsinə inanmıram. Bunun texnikası, gübrəsi, suvarılması, vaxtında yığılması var. Bir ailənin bir neçə üzvü ilə bütün bu işləri görmək çətin məsələdir. İşlər kompleks şəkildə, kollektiv surətdə görüldükdə isə uğurdan danışmaq olar. Elə bilirəm ki, pambıqçılıq inkişaf etdikcə kəndlərdə kollektivçiliyə də meyil artacaq. Artıq bir çox yerlərdə bu tətbiq olunub və öz bəhrəsini də verib”.

Rayondakı tədarükçü şirkətlərdən də bildirdilər ki, illərdir pambıq əkməyən fermerlər hazırda bu sahəyə üz tutmuşlar. Artıq sözügedən təsərrüfat sahibləri ilə müqavilələr bağlanıb. Baş əmtəəşünas İlham Aşurəliyev bununla bağlı dedi ki, xam pambığın qiyməti hazırda daşınma ilə birlikdə 51 qəpikdir: “Keçən il fermerlərlə 450 hektara yaxın sahədə məhsul becərilməsi üçün müqavilə bağlamışdıq. Bu il isə həmin rəqəm xeyli artmışdır. Biz təkcə Bərdədən deyil, Ağdam, Goranboy və Tərtər rayonlarından da pambıq gözləyirik”.

Amma problemlər də var. Təsərrüfat sahiblərinin sözlərinə görə, toxumluq çiyid əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb. Bundan başqa, zərərvericilərə qarşı istifadə olunan kimyəvi dərmanların da qiymətində artım var. Fermerlər bildirdilər ki, əgər bu problemlər də həllini tapsa, Bərdə pambığı öz şöhrətini qaytaracaq.

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu