Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Azərbaycan dövlət rəmzləri və atributları
23 Aprel , 2015

Azərbaycan Respublikası Dövlət himninin yaranma tarixi

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.

" style="text-decoration:underline">Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət himninin qəbul edilməsi təşəbbüsləri
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar atmış, qərarlar qəbul etmişdir. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin (rusca) 14 Noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir. Məlumatda həmçinin o da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi “Azərbaycan” (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.
“Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir. “Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.

Azərbaycan SSR-in Dövlət himni

Azərbaycan SSR-in 1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında bayraq və gerb haqqında maddələr olsa da, dövlət himni barədə maddə olmamışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyov 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə himn bəstələmişdir. Əsərin ədəbi mətni də bəstəkarındır. Orkestr və xor üçün yazılmış bu əsər ilk dəfə 1930 il aprelin 28-də müəllifin idarəsi ilə səslənmişdir. 3 hissədən ibarət əsər kantata janrına yaxın olduğundan onu bəzən kantata da adlandırırlar. Lakin bu himnin Azərbaycan SSR-nın dövlət himni kimi qəbul edilməsi haqqında məlumat əldə edilməmişdir. 
1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. “Kommunist” qəzetinin 23 Sentyabr 1945-ci il tarixli sayının 1-ci səhifəsində Üzeyir Hacıbəyovun bəstələdiyi “Azərbaycan SSR Dövlət himni”nin notu çap olunmuşdur.

Himnin mətni aşağıdakı kimi idi: 

Azərbaycan - dünya görmüş bu şərəfli, şanlı diyar, 
Vətən eşqi babalardan qalmış əziz bir yadigar,
Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri -
Nəsillərdən nəsillərə yurdumuzun şöhrəti var.
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən..
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.
Ustadımız böyük Lenin - şanlı zəfər bayrağımız,
Rəhbərimiz Stalindir - bizim həyat növrağımız.
Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan -
Azad elli, azad günlü doğma Sovet torpağımız.
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən..
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.
Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,
Yer üzünün şöhrətidir şanlı Sovet torpağımız -
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı...
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən
Qoca Şərq günəş doğur yurdumuzun qüdrətindən..
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən.

1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmiş, Niyazi isə musiqi redaktəsi aparmışdı. 1978-ci il Konstitusiyanın 182-ci maddəsinə görə, Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himninin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdi.

Azərbaycan SSR-in 1978-ci ildəki Dövlət himninin mətni aşağıdakı kimi idi:

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Bu himn 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra faktiki olaraq öz ömrünü başa vurmuşdu.

27 may 1992-ci il ildə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1993-cü il 2 Mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 Sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilmişdir.

 

 Dövlət himni haqqında Əsasnamə


Azərbaycan Respublikasının Dövlət himni haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilsin.
Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə.
Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N-17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin 1993-cü il 2 Mart
tarixli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2. Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
● Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
● Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
● Dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
● Hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
● Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
● Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
● Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra. Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.
3. Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər.
Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.
4. Azərbaycan Respublikasının Dövlət himni “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 May tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.
7. Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.
8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.
9. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
10. Azərbaycan Respublikası Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.

Himnin musiqisi

 

Musiqinin müəllifi

 

Azərbaycan Respublikasının Dövlət himni

Musiqisi: Üzeyir Hacıbəyovundur

 

Himnin sözləri
Azərbaycan Respublikasının Dövlət himni
Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Sözlərin müəllifi 

Azərbaycan Respublikasının Dövlət himni

Sözləri: Əhməd Cavadındır