Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
Azərbaycan dövlət rəmzləri və atributları
23 Aprel , 2015

Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır.
Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (“Ən yaxşı gerb layihəsi”nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 27 aprel 1920-ci il rus sovet istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna imkan vermədi.

Gerb haqqında qanun

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin.
2. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 Mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin 1993-cü il 23 Fevral
tarixli qərarı ilə təsdiq edilmişdir

 

 Gerbin mənası

" style="color:#ff0000;text-decoration:underline">Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dövlət gerbindəki simvolların məna və funksiyaları
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir.
Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir.
Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir.
Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.

Gerb tarixi

" style="color:#ff0000;text-decoration:underline">Müasir Dövlət gerbinin yaranması
Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır.
Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də təqribən 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında” (05.02.1991, № 20-XII) xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə respublika Ali Soveti Rəyasət heyətinə həvalə edilmişdi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, eləcə də 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi.
Beləliklə, Dövlət gerbimizin rəngli və ağ-qara təsviri “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
Dövlət gerbindən istifadə qaydaları isə “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli 516 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin «Əsasnamə»yə 2 İyul 2002-ci il, 24 Dekabr 2004-cü il və 3 Mart 2006-cı il tarixlərində müəyyən əlavələr və dəyişikliklər edilmişdir.

Tarixi gerblər

Azərbaycan SSR-in gerbləri

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Azərbaycan İctimai Şuralar Cümhuriyyəti adı altında bolşevik hakimiyyəti qurulsa da, faktiki olaraq, 1922-ci ilin sonunadək dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, heç bir qurumun tərkibinə daxil olmamışdı. Sovet Rusiyasının və bolşevik hakimiyyətinin hər cür təzyiqlərinə baxmayaraq, Sovet Azərbaycanı müstəqil xarici siyasət xətti yürütməyə çalışırdı. Lakin Sovet hakimiyyətinin ilk illərində Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı.

 

 

1921-ci ilin mayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin (AİŞC) ilk Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyasının 103-cü maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir.”
1921-ci ilin noyabrında Azərbaycan, Gürcüstan və Ermənistanın federativ dövlət şəklində birləşdirilməsi qərara alındı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikasının vahid dövlətdə – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildikdən sonra Azərbaycanın müstəqilliyinə ağır zərbə endirildi. 1922-ci il dekabrın 10-da Bakıda keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etmək haqqında qərar qəbul edildi. Vahid qanunvericilik, icra orqanları olan bu dövlətin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinə bu dəfə daha sarsıdıcı zərbə endirildi. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyasını qoruyub saxlasa da, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi.

 

1927-ci il Konstitusiyasının 99-cu maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və qırmızı fonda doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir.”
20-ci illərin sonunda rus dilindəki “социалистическая” sözü əvvəlki tək "ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlandı. Bununla bağlı gerb üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. Gerbin üzərində “Azərbaycan Sosialist Şura Cümhuriyyəti” yazılmağa başlandı.

1937-ci ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının 151-ci il maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərində pambıq və sünbül əklilindən ibarət haşiyə ilə çəkilmiş oraq və çəkicdən və ön planda neft vışkasından ibarətdir. Gerbin yuxarısında beşbucaqlı ulduz vardır.”

1978-ci ildə qəbul edilən Konstitusiyanın 180-ci maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi doğan günəş fonunda pambıq və sünbül çələngi ilə haşiyələnmiş oraq və çəkic, neft buruğu təsvirindən ibarətdir və üzərində Azərbaycan dilində: “Azərbaycan Sovet Sosialist Respublikası”, “Bütün ölkələrin proletarları, birləşin!” və rus dilində: “Азербайджанская Советская Социалистическая Республика”, “Пролетарии всех стран, соединяйтесь!” sözləri yazılmışdır. Gerbin yuxarısında beşguşəli ulduz vardır.”