Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
30 Sentyabr , 2021

Bərdədə pambığın ilkin yığımına start verilib

Tarixən Bərdə ağ qızıl istehsalında ön sıralarda dayanıb. İstər Sovetlər Birliyi dönəmində, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra rayonda adlı-sanlı “ağ qızıl” ustaları olmuşdur. Rayonun münbit torpağı, əlverişli iqlimi, ən başlıcası isə, əsl zəhmətsevər insanları hər il bol məhsulun əldə olunmasına zəmin yaradır.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi aparılan islahatlar nəticəsində respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafına şərait yarandı. Dövlətin bu sahəyə hərtərəfli diqqət və qayğısı, pambıqçılıqla məşğul olanlara dövlət dəstəyi, insanların yenidən bu gəlirli sahəyə marağını artırdı. Beləliklə, pambıqçılığın inkişafı ölkəmizdən qeyri-neft məhsulları ixracının həcmini artırdı, yeni sənaye sahələri yaratdı, bölgələrdə insanların məşğulluğunun təmin olunmasına töhfə verdi, eyni zamanda vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb etməyə başladı.

Bu günlərdə Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Vüqar İsmayılovdan rayonda pambıqçılığın inkişafında mövcud vəziyyət barədə məlumat verməsini xahiş etdik. Direktor bildirdi ki, rayon ərazisində ötən il 10646 hektar, cari ildə isə 10678 hektar pambıq çiyidi səpilmişdir. Fermerlər “P-Aqro” MMC, “MKT İstehsal Kommersiya” MMC  və “Azərpambıq” MMC ilə bağladıqları müqavilə əsasında pambıq əkinini həyata keçirmişlər. Belə ki, bağlanan müqavilə əsasında adlarını çəkdiyim şirkətlər torpağın şumlanmasından başlayaraq toxumla təminat, sahələrin kultivasiyası, dərmanlama, məhsul yığımı, əgər fermer icarəyə götürdüyü torpaqda pambıq əkirsə icarə haqqının ödənməsi, pambığın alaqdan təmizlənməsi, ən nəhayət məhsul yığımına lazım olan vəsait tam ödənir. Fermer məhsulu yığıb tədarükçü şirkətə təhvil verir, elə həmin anda tədarükçü şirkət öz xərclədiyi vəsaiti götürür, məhsulun dəyərini ödəyir. “P-Aqro” MMC ilə 302 nəfər müqavilə bağlayaraq 2000 hektarda, “Azərpambıqla” MMC ilə 714 fermer müqavilə bağlayaraq 4500 hektarda, “MKT İstehsal Kommersiya” MMC ilə 817 nəfər müqavilə bağlayaraq 4350 hektarda pambıq əkib becərir.

Artıq bir neçə gündür ki, Bərdədə ağ qızılın əl ilə yığımına start verilmişdir. Hazırda tarlalarda yarpaqların tökülməsi üçün dərmanlama işləri həyata keçirilir ki, bu da məhsulun texnika ilə təmiz, itkisiz və optimal müddətdə yığımına kömək edəcək. Hava şəraitindən asılı olaraq 12-14 gündən sonra tarlalarda texnika ilə pambığın kütləvi yığımına başlanacaq. Bunun üçün texnikalar saz vəziyyətə gətirilmişdir. Hazırda rayon üzrə “MKT İstehsal Kommersiya” MMC-də 22, “Azərpambıq” MMC-də 19, “P-Aqro” MMC-də 6, “Aqrolizinq” ASC-də 7 ədəd olmaqla, cəmi 54 pambıqyığan kombayn mövcuddur. Qeyd etmək lazımdır ki, çiyid səpinindən sonra tarlalarda 33960 litr zərərvericilərə qarşı, 13899 litr alaq otlarına qarşı, 9932 litr xəstə bitkilərə qarşı pereparatlar işlənmişdir. Mütəxəssisilər cari ildə bol məhsulun olacağını proqnozlaşdırırlar.

Vəli VƏLİYEV,

“Respublika”.