Bərdə rayon Mərkəzi kitabxanası

Bərdə rayon MKS
KİV-də Bərdə
17 İyun , 2021

Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaş və bir bacı. Xudayarın doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdədə Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Xudayar Yusifzadə şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xudayar Yusifzadə şəhadətindən 2 gün əvvəl ağır döyüşdən sonra döyüş yoldaşlarıyla istirahət edərkən ustad xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş yayıldı və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrildi. Xanəndə Əlibaba Məmmədovun xeyir-duası ilə həmin mahnı indi "Xudayar təsnifi" adlanır.